Məhkəmə qərarları › İş №2(105)-739/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-739/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-739/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdeh Zamin iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-2465/2022 nömrəli qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh və Zamin birgə qaydada 6947,53 manat əsas, 78,26 manat faiz borcu olmaqla, cəmi 7025,79 (yeddi min iyirmi beş manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,65 (doxsan manat altmış beş qəpik) manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Zamin qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 6947,53 manat əsas, 78,26 manat faiz borcu olmaqla, cəmi 7025,79 manat borcun və ödənilmiş 90,65 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 106.LN.1676.050919.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 7095,35 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 05 sentyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh və Zamin dəfələrlə şifahi müraciət olunmasına, habelə **********818 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh və Zamin həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7025,79 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Zamin Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddiaçının iddiasının ona aid hissədə tam şəkildə rədd olunması barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə ilə onun AR MPMnin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, AR MM-nin 152, 425, 442, 445-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Ona görə də adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. O, ölkədə olmadığı üçün ümumiyyətlə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən məlumatlı olmamışdır. "xxxx" ASC-dən də kredit götürməmişdir. Həmin məbləğin 1 manatına da toxunmamışdır. "xxxx" ASC-nin Sumqayıt filialı ilə digər Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 106.LN.1676.050919.00001 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 7095.35 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən onun ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra heç bir məsələdən xəbəri olmamamışdır. Bank ona xəbərdarlıq göndərmədiyi üçün hesab etmişdir ki, krediti götürmüş şəxs borcunu ödəyir. Qətnamədən şikayət vermədiyi üçün də belə qənaətə gəlmək olar ki, digər cavabdeh məhkəmə qətnaməsi ilə razıdır. Lakin o, qətnamə ilə razı deyil. Məhkəmədə iştirak etmədiyi üçün işin faktiki hallarını məhkəmədə söyləyə bilməmişdir. Hesab edir ki, məhkəmə heç bir araşdırma aparmadan iddiaçının iddiasını təmin etməklə Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin normalarını pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Zamin apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdehlərin kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə cavabdeh Zamin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin borcun ondan tutulması hissəsinin ləğv edilməsini xahiş edərək həmin hissədə qətnaməni mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdeh Zamin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə cavabdeh Zamin məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan bildirişə əsasən sms bildiriş müvafiq qaydada sonuncuya çatdırılmışdır. Bu mənada məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edir. İşdən görünür ki, iddia tələbi kredit borcunun tutulması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, Cavabdeh ilə bank arasında xx.xx.2019-cu il tarixli nağd pul lahiyəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 7095,35 manat kredit verilmiş və digər cavabdeh Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşdən görünür ki, apellyator şikayətinin əsası kimi kreditin Cavabdehla bağlandığını, kredit məbləğinin sonuncuya verildiyini və onunla bank arasında zaminlik müqaviləsi bağlandığını və bundan sonra bu məsələdən xəbərsiz olmasına istinad etmişdir. Göründüyü kimi apellyator pul verilmədiyini və zaminlik müqaviləsinin bağlanmadığını deyil, iddiaçının həmin məbləği ondan tələb etməsini mübahisələndirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 470, 472, 442ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehlərdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar