Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-741/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 641.40 manat əsas, 223.12 manat faiz borcu, 10 manat cərimə borcu və 97.83 manat gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 972 (doqquz yüz yetmiş iki) manat 35 (otuz beş) qəpik məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan QSC «Bank Stadard» Kommersiya Bankının xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 641.40 manat əsas, 223.12 manat faiz borcu, 384.36 manat cərimə borcu və 97.83 manat gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1346.71 manat məbləğində borcun və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumuun tutularaq iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/122718/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28% ödənilməsi şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Qətnamə qismən cərimə (dəbbə) hissəsində, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında dəyişdirib həmin hissədə Bankın tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Bankın tələbi üzrə cərimə hissəsi 384,36 manat olduğu halda məhkəmə qətnaməsi ilə yalnız 10 manat təmin edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb etdiyi 374,36 manat hissəsini təmin etməmişdir. Kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-4800/2020 saylı qətnaməsi cərimə (dəbbə) tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.Muradzadənin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/122718/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 28% ödənilməsi şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 641.40 manat əsas, 223.12 manat faiz borcu, 384.36 manat cərimə borcu və 97.83 manat gecikmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1346.71 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 384.36 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin ediməlməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(060)- 4800/2020 saylı qətnaməsi cərimə (dəbbə) hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-741/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-741/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver