Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-742/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-61/2019 saylı qərardadından iddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-61/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) iddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyətinin cavabdeh X2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş icraatın təzələnməsi barədə ərizə təmin edilməmiş, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019cu il tarixli, 2(060)-61/2019 saylı qərardadı ilə iddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyətinin cavabdeh X2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyəti vəsatətlə məhkəməyə müraciət edərək işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-61/2019 saylı qərardadı ilə iddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyətinin icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. 14 dekabr 2021-ci il tarixdə iddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyətinin nümayəndəsi yenidən vəsatətlə məhkəməyə müraciət edərək işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-61/2019 saylı qərardadı ilə mülki iş üzrə iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyəti qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəmənin icraatında olan 2(060)-61/2019 saylı mülki iş cəmiyyətdən asılı olmayan hal, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanında nəzərdə tutulmuş restrukturizasiya üçün müddət başa çatdığından Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2019 saylı, 24.12.2021-cı il tarixli qərardadı ləğv edilməli, 2(060)-61/2019 saylı iş üzrə vəsatət təmin edilməli, 21.06.2019-cu il tarixli 2(060)- 61/2019 saylı qərardad ləğv edilərək, icraatın təzələnməsi barədə qərardad qəbul edilməlidir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2019-cu il tarixli, 2(060)-61/2019 saylı qərardadının ləğv edilməsinə dair vəsatətin təmin edilməsi, 2(060)-61/2019 saylı iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi 21 iyun 2019-cu il tarixli, 2(060)- 61/2019 saylı qərardadla iddia ərizəsini baxılmamış saxlayarkən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 13-cü bəndinə görə iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, iddiaçı və ya cavabdehin vəsatəti üzrə məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını yalnız o halda ləğv edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla baxılmamış saxlanılmış olsun. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, ərizənin Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsində göstərilən digər əsaslarla baxılmamış saxlanıldığı hallarında iddiaçı və ya cavabdehin vəsatəti üzrə məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "AccessBank" qapalı səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(060)-61/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-742/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-742/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver