Məhkəmə qərarları › İş №2(105)-742/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-742/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-742/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-97/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Meşə Fonduna vurulmuş 1060,00 manat ziyanın ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.2024-cü il tarixində Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısında özbaşına 250-300-ə yaxın xırdabuynuzlu heyvan sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin, cücərtilərin otarılaraq məhv edilməsi nəticəsində X6 1060,00 manat ziyan vurmuşdur. Meşə Fondu sahələrində öz başına mal-qara otarmasına görə Cavabdeh "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, qoyun sürüsü ilə sözügedən fonda maddi ziyan vurmamışdır. Meşə Fonduna ziyan vurmaq, orada cavan ağacların və qiymətli dekorativ bitkilər əkilib becərilirsə, onları məhv etmək deməkdir. Lakin iddia ərizəsində meşə ağaclarının zədələnməsi, qırılması, meşənin hansısa hissəsində qiymətli dekorativ bitkilər əkilib becərilirdisə bunların xırda buynuzlu heyvanlar tərəfindən otarılıb məhv edilməsindən bəhs edilməmişdir. Eyni zamanda dəymiş zərərin 1060 manat olmasını da təsdiq edən ekspertiza rəyi yoxdur. Meşə fonduna ziyan dəyməsinin nədən ibarət olması qeyd edilməmişdir. Meşəyə təsadüfən iri buynuzlu mal-qaranın daxil olaraq həmin ərazidə otlaması meşəyə ziyan vurmaq demək deyildir.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-97/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 1060 manat pul vəsaitinin tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinə (X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X2 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1) ödənilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1108-ci maddələrinə, “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu , “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(074)-97/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə yalnız özlərinin tərtib etdiyi 02 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolu, 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarını, özlərinin tərtib etdikləri 30 avqust 2024-cü il tarixli, 002743 saylı aktı daxil etmişdir. İş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də hakim haqlı və əsaslı vəsatətini təmin etməmişdir. Şamaxı Rayon Məhkəməsi iş üzrə qeyri-obyektiv mövqe göstərməklə iddiaçının tərəfini tutaraq haqlı və əsaslı vəsatətimi təmin etməmiş və bu zaman hüquqlarını pozmuşdur. Belə ki, ekspert Meşə Fonduna dəymiş ziyan dedikdə nələrin nəzərdə tutulduğunu araşdırıb qeyd etməli və bu əsasda dəymiş ziyanın olubolmamasını, olubsa məbləğini konkret meyarlarla göstərməlidir. İddia ərizəsinin məzmununda və iddia ərizəsinə əlavə edilmiş sənədlərdə dəymiş ziyanın nədən ibarət olması açıq-aydın göstərilməmişdir. Ona görə də belə qeyri-ciddi formada meşə fondu sahələrinə vurulmuş ziyanın hesablanma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarı ilə müəyyən edilə bilməz. Hətta bu mənada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarının da nəyi özündə ehtiva etməsi və sözügedən qərarın açıqlanması qətnamədə yazılmamış və üstörtülü qeyri-müəyyən cümlələrlə tərəfimdən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə haqlı və əsaslı vəsatəti qeyri-qanuni olaraq təmin edilməmişdir. İddia ərizəsində göstərildiyi kimi o, 250-300 (iki yüz əlli, üç yüz) baş qoyun sürüsü ilə sözügedən X6 madd ziyan vurmamışdır. İddiaçının qeyd etdiyi ərazidə qoz bağı yoxdur. Xırda-buynuzlu heyvanları meşə fonduna aid bağda otarmamış və ziyan vurmamış, heyvanların su içdiyi yer isə meşə deyil, pay torpağıdır. Buna dair xəritə də vardır. İş üzrə dindirilmiş şahid də onun qeyd etdiklərinin doğruluğunu təsdiq etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, su arxı həmin ərazidədir, heyvan özü gedib arxdan su içir. Hadisə avqust ayında baş verib. Onlardan başqa şəxslərin də heyvanı həmin meşəlikdə otlayır. Heyvanları atası otarmışdır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavadbehin nümayəndəsi barəsində də eyni iş olub. Ərazi dövlət ərazisidir, həmin ərazidə çəkilişlər edilib, dəfələrlə cavabdehə bildirilib ki, əraziyə heyvan salmasın. Təzə əkin salınır, qoz ağacları əkilir. Nazirlər Kabinetinin qərarına əsasən bir hektara dəymiş zərər 200 manat hesablanır. Boş sahələrdə əkinti işləri gedir. Cavabdehə məxsus 200-300 qoyun 5,30 ha hektar ərazidə otlayıb. Həmin ərazilərin sərhədlərə müəyyən edilib. Ərazidə ağaclar əkilib, meşəyə dəymiş ziyanın ödənilməsini istəyirlər.

İşdə olan sübutlar

12. 02 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayının ərazisində öz başına mal-qara otarmışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

13. 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir.

14. olan 30 avqust 2024-cü il tarixli, 002743 saylı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayına baxış keçirən zaman bir nəfərin 250-300 baş xırda buynuzlu heyvanları meşə ərazisində otardığı müəyyən edilmiş, həmin şəxsdən heyvanları meşə ərazisindən çıxarmaq tələb edildikdə isə, o, həmin tələbə məhəl qoymamışdır. Cavabdeh tərtib olunmuş akta imza etməkdən və izahat verməkdən imtina etmişdir.

15. xx.xx.2024-cü il tarixli həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh Əlibaba oğlu tərəfindən meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə 1060 manat ziyan hesablanmışdır.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 izahat verib bildirmişdir ki, o, Cavabdeh və Nümayəndə1 20 ildən yuxarıdır ki, tanıyır. Nümayəndə1 hazırda onun heyvanlarına çobanlıq edir. Təsərrüfat ona məxsusdur, əgər cərimə olunası şəxs varsa odur. Bu iş tam qərəzli işdir. Yalandan deyilib ki, guya 3 hektar qoz bağı var idi. Sumqayıt Apellyasiya Məhkəməsi də təsdiq etdi ki, həmin ərazidə qoz bağı yoxdur. 2016cı ildə qoz bağı əkilməli idi, amma əkilmədi. Pulu mənimsədilər. 20 ildir ki, təsərrüfat saxlayır, heyvanlar həmişə oradan su içib və içəcək də. Heyvanların su içdiyi yer meşə deyil, pay torpağıdır. Bununla bağlı onda xəritə də var.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.

18. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir.

19. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarı: Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə 5 yaşınadək olan dəmyə torpaqlarda hər hektar üçün ödənilən zərərin məbləği (manatla) 200 manat müəyyən edilir.

21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən

Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1362/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-97/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materiallarından və tərəflərin izahatında müəyyən edilir ki, cavabdeh Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayının ərazisində öz başına mal-qara otarmış, bu səbəbdən onun barəsində 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmiş, qeyd edilən qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, bununla da cavabdeh törətdiyi inziabti xətanı qəbul etmişdir. Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə cavabdehin mal-qara otarması nəticəsində meşə əkinlərinin təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsinə görə 5,30 ha sahəyə görə (hər hektar üçün 200 manat olmaqla) 1060 manat ziyan hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, meşə fonduna cavabdeh tərəfindən vurulmuş zərər ödənilməlidir.

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-97/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-97/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar