Məhkəmə qərarları › İş №2(105)-744/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-744/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-744/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-96/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 2800,00 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinə (X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X2 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1) ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 2800,00 manat ziyanın X1 Agentliyindəki Benifisiarın adı 5 saylı X2 Mərkəzi, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142324, Büdcə səviyyə kodu 1 hesaba ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2023-cü il tarixində Mərkəzin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısının 23-cü kvartalında qanunsuz yolla 600 baş qoyun sürüsünün meşə ərazisinə daxil olması və sürü tərəfindən 2,0 ha aqrobağın otarılaraq məhv edilməsi nəticəsində X5 2800,00 manat ziyan vurmuşdur. Meşə Fondu sahələrində öz başına mal-qara otarmasına görə Cavabdeh "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin " 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə yalnız özlərinin tərtib etdiyi 08 avqust 2023-cü il tarixli, MN ******* saylı protokolu, 25 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarını, özlərinin tərtib etdikləri aktı və iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)- 151/2024 nömrəli qərarını və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-198/2024 nömrəli qərarını daxil etmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də hakim haqlı və əsaslı vəsatətini təmin etməmişdir. Şamaxı Rayon Məhkəməsi iş üzrə qeyri-obyektiv mövqe göstərməklə iddiaçının tərəfini tutaraq haqlı və əsaslı vəsatətini təmin etməmiş və bu zaman hüquqlarını pozmuşdur. Belə ki, ekspert Meşə Fonduna dəymiş ziyan dedikdə nələrin nəzərdə tutulduğunu araşdırıb qeyd etməli və bu əsasda dəymiş ziyanın olub-olmamasını, olubsa məbləğini konkret meyarlarla göstərməlidir. İddia ərizəsinin məzmununda və iddia ərizəsinə əlavə edilmiş sənədlərdə dəymiş ziyanın nədən ibarət olması açıq-aydın göstərilməmişdir. Ona görə də belə qeyri-ciddi formada meşə fondu sahələrinə vurulmuş ziyanın hesablanma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarı ilə müəyyən edilə bilməz. Hətta bu mənada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarının da nəyi özündə ehtiva etməsi və sözügedən qərarın açıqlanması qətnamədə yazılmamış və üstörtülü qeyri-müəyyən cümlələrlə tərəfimdən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə haqlı və əsaslı vəsatəti qeyri-qanuni olaraq təmin edilməmişdir. İddia ərizəsində göstərildiyi kimi o, 600 (altı yüz) baş qoyun sürüsü ilə sözügedən X5 madd ziyan vurmamışdır. İddiaçının qeyd etdiyi ərazidə qoz bağı yoxdur. Xırda-buynuzlu heyvanları meşə fonduna aid bağda otarmamış və ziyan vurmamış, heyvanların su içdiyi yer isə meşə deyil, pay torpağıdır. Buna dair xəritə də vardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi, yəni meşə ərazisinə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol verməsi işin mübahisə olunmayan halıdır. Baxılan iş üzrə iddia tələbi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.2, 1097.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, cavabdeh Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayının ərazisində öz başına mal-qara otarmış, bu səbəbdən onun barəsində 25 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmiş, qeyd edilən qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, bununla da cavabdeh törətdiyi inzibati xətanı qəbul etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən sürünün otarması nəticəsində meşə əkinlərinin təbii yeniyetmələr və cücərtilərin məhv edilməsi nəticəsində iddiaçı təşkilata maddi zərər dəysə də, lakin zərərin məbləğinin hesablanması zamanı iddiaçı tərəf nəzərə almamışdır ki, iddiaçının atası Əliağa Babayev tərəfindən də eyni ərazidə heyvanların otarılmasına görə inzibati məsuliyyətə cəlb edilmiş sonuncunun vurduğu zərər 1060 manat müəyyən edilmişdir. Belə olan halda hazırkı iş üzrə cavabdehin həmin ərazidə xırdabuynuzlu heyvanların otarılması zamanı iddiaçıya 2800 manat zərər vurulması ağlabatan deyil. Odur ki, meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə cavabdehin malqara otarması nəticəsində meşə əkinlərinin təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsinə görə 2,0 ha sahəyə görə 1060 manat ziyan hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1060 (min altmış) manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 1060 (bir min altmış) manat məbləğində maddi ziyanın əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar