Məhkəmə qərarları › İş №2(105)-746/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-746/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-746/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı QSC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2043/2020 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2043/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6779.91 ABŞ dolları əsas, 4113.25 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10943.16 (on min doqquz yüz qırx üç dollar on altı sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSCnin xeyrinə tutulmuş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2043/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin ona aid hissəsində rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 03L000007768 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx xxxxx 2015-ci il tarixli 03L000007768SA saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 159 (bir yüz əlli doqquz) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 03R000027714 saylı kredit razılaşması əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 03R000027714S saylı, xx.xx.2016-cı il tarixli 03R000027714SA saylı, xx.xx.2016-cı il tarixli 03R000027714SB saylı, xx.xx.2017-ci il tarixli 03R000027714SC saylı, xx.xx.2017- ci il tarixli 03R000027714SD saylı, xx.xx.2018-ci il tarixli 03R000027714SE saylı, xx.xx.2018-ci il tarixli 03R000027714SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8220.09 ABŞ dolları ödəmiş, onun 6779.91 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-ci il tarixə 282 gün üçün hesablanmış faiz borcu 4113.25 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-ci il tarixə 282 gün üçün hesablanmış cərimə 3186.16 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R********** saylı kredit razılaşması üzrə 6779.91 ABŞ dolları əsas, 4113.25 ABŞ dolları faiz borcu və 3186.16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14079.32 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 385.1, 386.1, 419, 420, 445, 449, 470.1, 470.2, 471 və 477.0.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx xxxxxxxx 2014-cü il tarixli, 03S000022028 saylı zaminlik müaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 03L000007768 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. Göründüyü kimi kredit xətti müqaviləsi zaminlik müqaviləsindən 2 il əvvəl bağlanmış və zamin olaraq kredit xətti müqaviləsinin şərtləri ona məlum deyildir. Bu şərtlərlə zamin tanış edilməsi barədə heç bir sənəd yoxdur. Hətta zamin olaraq zaminlik müqavilənin şərtləri ilə tanış edilməmiş, müqavilənin tərtib edilməsi və bağlanma şərtlərinə əməl etməməyə əsas vermir. Buna baxmayaraq həmin kredit xətti müqaviləsinin şərtlərində sadəcə olaraq bankın 60 ay müddətinə Cavabdeh1 20.000 ABŞ dolları kredit vermək öhdəliyini öz üzərinə götürməsi qeyd etmiş, lakin bunu hansı faiz dərəcəsi ilə verəcəyi və kredit müqaviləsinin hansı müddətə bağlanacağı öz əksini tapmamışdır. xx xxxxxx 2012-ci il tarixli, 03L000007768 saylı kredit xətti müqaviləsində veriləcək kreditin illik faiz dərəcəsi müəyyən eidlməmiş, həmin kreditin illik faiz dərəcəsi borclu Cavabdeh1 və İddiaçı QSC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 03R000027714 saylı kredit razılaşması müqaviləsində öz əksini tapmışdır. Lakin o, zamin olaraq sözügedən kredit razılaşması müqaviləsi barədə məlumatlandırılmamış, onun kredit razılaşması üzrə müqavilə barədə razılığı alınmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə verdiyini bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ancaq Cavabdeh2 apelyasiya şikayəti əsasında ona aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 aid hissədə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 03L000007768 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxxx 2015-ci il tarixli, 03L000007768SA saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 159 (bir yüz əlli doqquz) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03R000027714 saylı kredit razılaşması əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 03R000027714S saylı, xx.xx.2016-cı il tarixli 03R000027714SA saylı, xx.xx.2016-cı il tarixli 03R000027714SB saylı, xx.xx.2017-ci il tarixli 03R000027714SC saylı, xx.xx.2017-ci il tarixli 03R000027714SD saylı, xx.xx.2018-ci il tarixli 03R000027714SE saylı, xx.xx.2018-ci il tarixli 03R000027714SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC və Cavabdeh2 arasında 03S000022028 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinin şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcunu ödəmələri üçün lazmi qaydada xəbərdar edilmişlər. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə ayarışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 03R********** saylı kredit razılaşması üzrə 6779.91 ABŞ dolları əsas, 4113.25 ABŞ dolları faiz borcu və 3186.16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14079.32 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı bank tərəfindən Cavabdeh1 münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin Cavabdeh1 tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. İddia tələbini zamin Cavabdeh2 münasibətdə təmin etdikdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə istinad etməklə göstərmişdir ki, zamin Cavabdeh2, əsas boclu Cavabdeh1 ilə bank qarşısında birgə borclu olaraq öhdəliklərini tam icra edənədək məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverciliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilənin olması zəruridir, bir şərtlə ki, öhdəlik zərər vurmadan, əsassız varlanmadan yaranmasın. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Göstərilən normaların məzmunundan görünür ki, müqavilənin bağlanması üçün onun standart şərtlərinin tam razılaşdırılması, onun mühüm şərtlərinin tərəflər arasında müəyyənləşdirilməsi qanunverici tərəfindən zəruri hal kimi göstərilmişdir. Əks halda müqavilənin hüquqi qüvvəsi və əhəmiyyəti mövcud olmayacaqdır. Məhkəmə qeyd edir ki, sadalananlar zaminlik müqaviləsinə də aiddir. Belə ki, zaminin müqavilə əsasında borclunun kreditor qarşısında yarana biləcək öhdəliklərinə borclu ilə birlikdə (müştərək) və ya subsidiar qaydada məsuliyyət daşıması forması müəyyən edilərkən, onunla kreditor arasında bağlanmış müqavilənin mühüm şərtlərinin dəqiq müəyyən edilməsi vacibdir. Başqa sözlə zamin hansı müqavilə üzrə, hansı müddətə, hansı məbləğə və bu məbləğ üçün hesablanacaq hansı faiz dərəcəsinə zamin dayanması barədə müqavilədə iradə ifadələri açıq şəkildə öz əksini tapmalı, müqavilənin bu mühüm şərtləri ona aydın olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə, habelə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə zaminin kreditor qarşısında öhdəliyi müqavilə bağlandığı andan yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair˝ xx.xx.2012-ci il tarixli Qərarında deyilir ki, rotiderK…˝ qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz…˝. Göründüyü kimi zaminin məsuliyyəti müqavilənin bağlanması anında deyil, borclunun öz öhdəliyini kreditor qarşısında yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi andan yaranır. Hazırki, mülki iş üzrə də, zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 kredit borcuna görə məsuliyyəti sonuncunun öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi andan yaranmış olmalıydı, lakin bir şərtlə ki, zaminlik müqaviləsinin özü bağlanarkən, qanunun tələbinə riayət edilmiş olsun. Hazırki halda görünür ki, zaminlik müqaviləsi bağlanarkən onun mühüm şərtlərinin hamısı barədə razılıq əldə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilmişdir. Qanunverici məbləği, onun verilmə müddətini, illik faiz dərəcəsini kredit müqaviləsinin mühüm şərti hesab edir, bu isə o deməkdir ki, məhz bu şərtlərin dəqiq və müfəssəl müəyyənləşdirildiyi və göstərildiyi kredit müqaviləsinə istinadən bağlanmış zaminlik müqaviləsi hüquqi baxımdan qanuni və əsaslıdır. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 03R000027714S saylı, xx.xx.2016-cı il tarixli 03R000027714SA saylı, xx.xx.2016-cı il tarixli 03R000027714SB saylı, xx.xx.2017-ci il tarixli 03R000027714SC saylı, xx.xx.2017-ci il tarixli 03R000027714SD saylı, xx.xx.2018-ci il tarixli 03R000027714SE saylı, xx.xx.2018-ci il tarixli 03R000027714SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin dəyişikliklər zamanı kredit razılaşması müqaviləsi barədə zamin Cavabdeh2 məlumatlandırılmamış, onun həmin Kredit Razılaşması müqaviləsi barədə razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair˝ xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, ...˝ Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır...˝. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair˝ xx.xx.2018-ci il tarixli Qərarının nəticə hissəsində qeyd edilir ki, ...˝ 3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur...˝. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarına əsasən ...˝ 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir...˝. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini təsdiq edə bilmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi hallarını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə Cavabdeh2 aid hissədə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «İddiaçı QSC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair hissədə ləğv edilib, iddia ərizəsi həmin hissədə təmin edilməməli, qətnamə - «Cavabdeh1 6779.91 ABŞ dolları əsas, 4113.25 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10943.16 (on min doqquz yüz qırx üç dollar on altı sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində isə mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2043/2020 saylı qətnaməsi qismən – «Cavabdeh2 6779.91 ABŞ dolları əsas, 4113.25 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10943.16 (on min doqquz yüz qırx üç dollar on altı sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSCnin xeyrinə tutulsun» hissədə ləğv edilsin. İddia tələbi İddiaçı QSC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair hissədə təmin edilməsin. Qətnamə - «Cavabdeh1 6779.91 ABŞ dolları əsas, 4113.25 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10943.16 (on min doqquz yüz qırx üç dollar on altı sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar