Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-748/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, hüquq varisliyi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, vərəsələr Cavabdeh1, Zülfüqarova (Qafarzadə) İlahə İlham qızından, zaminlər - Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada idiaçının xeyrinə 27R000004201 saylı kredit razılaşması üzrə 1552,43 ABŞ dolları məbləğində kredit borcu, 1386,15 ABŞ dolları məbləğində faiz borcu və 1683,12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4621 ABŞ dolları 70 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,57 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qafarzadə İlham Nizami oğluna iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Qafarzadə İlham Nizami oğlu iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qafarzadə İlham Nizami oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Qafarzadə İlham Nizami oğlu götürdüyü kredit borcundan 3447,57 ABŞ dolları ödəmiş, onun 1552,43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Qafarzadə İlham Nizami oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 2456 gün üçün hesablanmış faiz borcu 1386.15 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi xx.xx.2022-ci il tarixli, 970 nömrəli cavab məktubuna əsasən Qafarzadə İlham Nizami oğlundan miras qalmış əmlaka, xx.xx.2017-ci il tarixdə verilmiş 2v-19 saylı reyestrlə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 və X1 İlham Nizami oğlunun vərəsələridir. Qafarzadə İlham Nizami oğlunun ölümü onun kredit öhdəliklərinin xitam oluması ilə nəticələnmir, kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsilə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, Qafarzadə İlham Nizami oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması əsasında yaranmış borc "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi məlumata əsasən, 271,000004201 saylı kredit razılaşması üzrə 2268,66 ABŞ dolları məbləğində kompensasiya hesablanaraq həmin məbləğ əsas borcdan silinmişdir. Hazırda xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması üzrə əsas borc 1552,43 ABŞ dolları, xx.xx.2016-cı il tarixinə (müqavilə müddəti sonuna) faiz borcu 0, cərimə isə 182,72 ABŞ dolları təşkil edir. Bununla yanaşı, sözügedən kredit öhdəliyi istinad olunan Fərmana əsasən restrukturizasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Lakin həmin Fərmanın qüvvədə olduğu dövr ərzində kredit razılaşması üzrə əsas borcun restrukturizasiya olunması ilə bağlı Banka rəsmi müraciət daxil olmayıb.
5. İlham Qafarzadə ilə Bank arasında bağlanan xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.
6. Qafarzadə X13 ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% olmaqla 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
7. xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2012-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya 13 ay müddətinə 4-cü aydan başlayaraq hər ay 433,23 ABŞ dolları, sonuncu ay isə 657,18 ABŞ dolları ödəməli idi.
8. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə İlham Qafarzadənin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında zamin olmuşlar.
9. 14.12.2022-ci il tarixli arayışa əsasən Qafarzadə İlham Nizami oğlunun xx.xx.2016- cı il tarixinə əsas borc üzrə 1552,43 ABŞ dolları, cərimə üzrə 182,72 ABŞ dolları olmaqla, cəmi 1735,15 ABŞ dolları borcu vardır.
10. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş «Nikahın pozulması haqqında akt qeydi»ndən görünür ki, Qafarzadə İlham Nizami oğlu ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
11. AZ-İ seriyalı 839061 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Qafarzadə İlham Nizami oğlu 21 dekabr 2016-cı il tarixdə ölmüşdür.
12. xx.xx.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı ildə ölmüş Qafarzadə İlham Nizami oğlunun vərəsəsi kimi Cavabdeh1 və X5 miras əmlakdan (90 manat 32 qəpik) bərabər hissədə pay almaq hüququna dair vərəsəlik şəhadətnaməsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)- 6251/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın qismən təmin edilməsi, 1552 (min beş yüz əlli iki) ABŞ dolları 43 (qırx üç) sent (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və İlahə Qafarzadə (Zülfüqarova) İlham Qafarzadənin vərəsələridirlər. Bu səbəbdən onlar İlham Qafarzadənin iddiaçı qarşısında öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Cavabdehin kredit müqaviləsi üzrə borcu “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşüdüyündən cavabdehə faiz borcu hesablanmalı deyildi. Bu səbəbdən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, faiz və cəriməyə aid hissədə isə təmin edilməməlidir. Kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh3, Cavabdeh2 və X4 aid hissədə təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 445.2.1, 1151.1, 477.0.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
16. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla mərhum Qafarzadə İlham Nizami oğlu arasında bağlanmış nikaha 20 aprel 2013-cü ildə xitam verilmişdir. Bu barədə xx.xx.2013-cü ildə AZ-İ № 164683 saylı “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. İlham Qafarzadə onunla bağlanmış nikah xitam verəndən 1 il 4 ay sonra, yəni 18 avqust 2014-cü ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlamışdır. xx xxx 2000-ci il təvəllüdlü Cavabdeh5 “Əmək pensiyaları haqqında” qanuna əsasən ailə başçısını itirməyə görə pensiya almaq məqsədilə “vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır (hər ay 68 manat ailə başçısını itirməyə görə müavinət). Həmin tarixə mərhum İlham Qafarzadənin mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlak mövcud olmamışdır. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən MM-nin 1243.2-ci maddəsinin, 1163-cü maddəsinin, 1151.1-ci maddələrinin tələblərini pozmuşdur. MM-nin 1163-cü maddəsinə görə “Nikahı ləğv edilmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməz”. Qanunun bu göstərişinə baxmayaraq, məhkəmə 1552,43 ABŞ dolları və 50 manat dövlət rüsumunun müştərək qaydada ondan və qızından tutulmasını qət etmişdir. Halbuki mərhum İlham Qafarzadə xx.xx.2016-cı ildə vəfat etmiş, nikahlarına isə xx.xx.2013-cü ildə, yəni mərhumun ölümündən 3 il 8 ay əvvəl xitam verilmişdir. Məhkəmənin qəbul etdiyi bu qətnamə onun konstitusion hüququnun pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
20. Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
21. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi.
22. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, apellyatora aid hissədə iddia təmin edilməməlidir.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bank ilə İlham Qafarzadə arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, aylıq 2,0833 faizlə, 5000 ABŞ dolları kredit verilmişdir. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə İlham Qafarzadənin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında zamin olmuşlar. İlham Qafarzadə kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas borcu qalmışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, İlham Qafarzadə xx.xx.2016-cı il tarixdə ölmüşdür.
28. İddiaçı mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyini iddia edərək hüquqi varislər Cavabdeh1 və Qafarzadə (Zülfüqarova) İlahə İlham qızına qarşı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Birinci istansiya məhkəməsi Cavabdeh1 əsas borclu-mərhum İlham Qafarzadənin vərəsəsi olması barədə iddiaçının dəlilini əsaslı hesab edərək iddiaçı qarşısında kredit öhdəliyi üzrə məsuliyyət daşıması qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə, yəni Cavabdeh1 pulun tutulması hissəsində razılaşmır, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, şikayət birinci instansiya məhkəməsi tərəfindən maddi normaların pozuntusuna yol verilməsi, tərəflər arasında hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməməsi hissəsində əsaslıdır, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianın qismən təmin olunmuş hissəsində düzgün nəticəyə gəlməmişdir.
34. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsində hakimin fəaliyyəti hüquq tətbiqetmənin həyata keçirilməsi ilə bağlıdır.
35. Bu baxımdan qeyd olunmalıdır ki, iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, tələbin qanuni və əsaslı olmasına, habelə istinad olunan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Sübutun qanuni olmaması hüquqi nəticə yaratmamaqla, mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.
36. Araşdırılan iddia tələbi üzrə apellyatora yönəlmiş tələbin əsasını «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» təşkil edir.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün tərəflərin istinad etdiyi vərəsəlik şəhadətnaməsinin etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməli, yəni həmin sənədin qanuniliyinə qiymət verilməlidir. Bu ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Eyni zamanda mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
38. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla araşdırılan mübahisə üzrə iddia tələbinin əsasını təşkil edən vərəsəlik hüququ haqqında şəhadətnaməyə hüquqi qiymət verilməsi iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisə kimi qiymətləndirilməlidir.
39. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi Cavabdeh1 ilə mərhum Qafarzadə İlham Nizami oğlu arasında bağlanmış nikahın pozulması haqqında akt qeydi xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış, İlham Qafarzadə 21 dekabr 2016-cı il tarixdə vəfat etmişdir.
40. Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər.
41. Göründüyü kimi qanunvericilyin imperativ göstərişinə əsasən nikahı pozulmuş ər-arvad bir-birilərinin vərəsəsi ola bilməzlər.
42. 04 fevral 2017-ci il tarixdə Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə Mülki Məcəllənin 1163-cü maddəsinin tələbləri pozulmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, həmin şəhadətnamə qüsurlu olmaqla Cavabdeh1 münasibəstdə qanuni sənəd sayıla bilməz. Bu şəhadətnamə üzrə gəlinmiş nəticə qanunun tələblərinin pozulmasına əsaslanır.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 04 fevral 2017ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunun tələbləri pozulmaqla verilmişdir, Cavabdeh1 2013-cü ildə nikah münasibətlərinə xitam verildiyi, 21 dekabr 2016-cı il tarixdə ölmüş keçmiş əri Qafarzadə İlham Nizami oğlunun vərəsəsi ola bilməz və sonuncunun kedit öhdəliyinin yerinə yetirilməsi ilə bağlı mülki məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin tələbinə görə isə miras pasivinə görə miras qoyanın vərəsələri məsuliyyət daşımaqla borcu tam ödəməyə borcludurlar. Başqa sözlə desək vərəsə olmayan şəxs miras passivinə görə məsuliyyət daşımır. Mülki Məcəllənin 1163-cü maddəsinin göstərişinə əsasən isə Cavabdeh1 mərhumun vərəsəsi hesab edilmir.
45. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 nömrəli qətnaməsi qismən, borcun Cavabdeh1 tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.