Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-749/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(028)-17/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları
1. xx.xx.2023-cü il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********88-05101-093055 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında satıcıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 m2 olan mənzil alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir.
2. Müqavilənin şərtlərinə əsasən mənzilin satış qiyməti 103000 (bir yüz üç min) manatdır. Mənzilin dəyərinin 36000 (otuz altı min) manatı kreditor-ipoteka saxlayan tərəfindən borcalan-alıcı-ipoteka qoyan arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli Kredit məhsulları üzrə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər üzrə kredit verilməsinə dair Əsas şərtlər- Razılaşma №sm6515-ə əsasən kreditoripoteka saxlayan tərəfindən borcalana alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Əmlakın dəyərinin 67000 (altmış yeddi min) manat hissəsi alıcı İddiaçı tərəfindən ödənilir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən satıcı alıcı-ipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəmək vəzifəsini daşıyır. 3.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışdan görünür ki, ünvan 1 saylı daşınmaz əmlak tam mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur.
4. Sumqayı şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 (kod **********240) ünvanında xx.xx.2024-cü il tarixədək 23168191 saylı mexaniki sayğac göstəricisi 19m3 olmaqla 226,72 manat borc təşkil etmişdir.
5. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 (**********00925) saylı kodla xx.xx.2000ci il tarixdən Hüseynova K adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. xx.xx.2020-ci il tarixində mənzilin sayğacı PAUD-MP-106 tipli **********7 nömrəli “Smart-kart” sayğacı ilə əvəz edilib. xx.xx.2024-cü il tarixdən bu günə kimi mənzildə sərfiyyat qeydə alınmamışdır. Mənzilin sayğacı hər ay oxunur. Göstəricilər “0”-dır. Abonentin xx.xx.2008-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək Enerjitəchizatçı təşkilata borcu yoxdur. 6.Məhkəmə sorğusu əsasında "xxxx" İB Sumqayıt QİS-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 (kod **********10240) qaz təchizatına görə xx.xx.2024-cü il tarixinə borcu 51,5 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xeyrinə maddi zərər kimi 4458 manat, hüquqi xidmətə görə 150 manat və 50 manat dövlət rüsumunun, cəmi 4658 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sm6519 saylı, xx.xx.2023-cü il tarixli Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı evin üç otaqlı 24-cü mənzilini Cavabdeh1 almışdır. Mənzilin alqı-satqısı zamanı aralarında olan şifahi razıılaşmaya görə cavabdeh bir ay ərzində mənzili boşaltmalı və istismara tam yararlı vəziyyətdə ona təhvil verməli idi. Lakin buna baxmayaraq, cavabdeh mənzili üç aydan sonra boşaltmış və bərbad halda təhvil vermişdir. Belə ki, cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozaraq mənzildə quraşdırılmış bir ədəd kondisioneri, kombi istilik sistemi aparatını, mətbəx mebelini, mətbəx qaz sobasını və mətbəxdə qab-qacaq yuyulan su kranı və moykanı söküb aparmış, "xxxx" və "xxxx" ASC-yə olan 538 manat məbləğində kommunal borclarını da onun üzərində qoyaraq mənzili tərk etmişdir. Halbuki mənzilin dəyər qiyməti barədə cavabdehlə razılaşma əldə edəndə həmin qiymətə ona görə razılaşmışdılar ki, yuxarıda göstərilən aksesuarlar (kombi istilik sistemi, mətbəx mebeli, mətbəx qaz sobası və moyka) mənzildə saxlanılmalı idi. xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin 2.2-ci bəndində satıcının vəzifələri göstərilmişdir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə görə satıcı, alıcıipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəməli, 2.2.2-ci bəndə əsasən alıcı-ipoteka qoyana faktiki təhvil verilənədək ipoteka predmetinin məhv olması və təsadüfən zədələnməsi ilə bağlı məsuliyyət daşımalıdır. Bu baxımdan hesab edir ki, cavabdeh kombi istilik sisteminə görə ona 1200 manat, mətbəx mebelinə görə 1500 manat, mətbəx qaz sobasına görə 220 manat, moykaya görə 200 manat, kondisionerə görə 800 manat, kommunal xərclərə görə 538 manat, ümumilikdə 4458 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də cavabdehə qarşı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 9.Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının məqsədinin ondan pul qopartmaq olmasını nəzərə alaraq iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı onun mülkiyyətində olan mənzili almış və o, mənzili razılaşdırılmış qaydada boşaldaraq iddiaçıya təhvil vermişdir. Müqavilədə qeyd olunduğu kimi iddiaçı yalnız mənzili almış və ona məxsus ev əşyalarının da satılması barədə hər hansı razılaşma olmamışdır. Mənzil alqı-satqısı zamanı iddiaçı evin razılaşdırılmış dəyərindən 475 manat pulu saxlamış və o, ailə üzvləri ilə dediyi vaxtdan bir ay artıq bu mənzildə qaldığı üçün iddiaçı bir aylıq müddəti kirayə haqqı kimi hesablayaraq həmin borcdan 300 manat çıxmış və qalan 175 manat borcu ona qaytarmamışdır. İddiaçının dediklərinə görə onun "xxxx" ASC və "xxxx" ASC-yə ümumilikdə 538 manat borcu qalmış və onu ödəməmişdir. Bu yalandır. O, təşkilatlara olan borcunu tam olaraq ödəmişdir. İddiaçının sadaladığı əşyaları aparmasına dair heç bir razılaşma olmamışdır. Kondisioner öz əmlakı olmuş və onu aparmağı ona heç kim qadağan edə bilməz. Mətbəxdə tərəfindən hər hansı bir mebel quraşdırılmamış və orada köhnə ayrı alınan şkaflar olmuş. O, gedərkən su kranı və moykanı, qaz sobasını özü ilə aparmamışdır. Kombi sisteminə gəldikdə iddiaçı ilə bu barədə heç bir razılaşması olmadığını qeyd etmişdir. O, kombi aparatını aparmışdır. Kombinin radiatorlarını da aparmaq üçün iddiaçıya müraciət etdikdə, aralarında mübahisə yaranmışdır. Həmin radiatorları və iddiaçının borclu qaldığı 175 manat pulu ona qaytarmamışdır. Satılmış əşyaya heç bir ziyan vurmadan iddiaçıya təhvil vermişdir.
10. Qubadlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(028)-17/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2024-cü il tarixə olan 51,5 manat qaz sərfiyyatına görə olan borc və 226,72 manat su sərfiyyatına görə olan borc olmaqla cəmi 278,22 manat maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Qətnamədən narazı qalan İddiaçı oğlu apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(028)-17/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixli alğı-satqısı zamanı aralarında olan şifahi razılaşmaya görə cavabdeh 1 (bir) ay ərzində mənzili boşaltmalı və istismara tam yararlı vəziyyətdə ona təhvil verməli idi. Lakin, cavabdeh mənzili 3 (üç) aydan sonra boşaltmış və bərbad halda təhvil vermişdir. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozaraq mənzildə quraşdırılmış 1 (bir) ədəd kondisioneri, kombi istilik sistemi aparatını, mətbəx mebelini, mətbəx qaz sobasını və mətbəxdə qab-qacaq yuyulan su kranı və moykanı söküb aparmış, "xxxx" və "xxxx" ASC-yə olan 538.00 manat məbləğində kommunal borclarını da onun üzərində qoyaraq mənzili tərk etmişdir. Halbuki, mənzilin dəyər qiyməti barədə cavabdehlə razılaşma əldə edəndə həmin qiymətə onlar ona görə razılaşmışlar ki, yuxarıda göstərilən aksesuarlar (kombi istilik sistemi, mətbəx mebeli, mətbəx qaz sobası və moyka) mənzildə saxlanılmalı idi. Tərəflər arasında razılaşma həm yazılı, həm də şifahi ola bilər. xx.xx.2023-cü il tarixli Alqı-Satqı və İpoteka Müqaviləsinin 2.2-ci bəndində satıcının vəzifələri göstərilmişdir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə görə satıcı, alıcı-ipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəməli, 2.2.2-ci bəndə əsasən alıcı-ipoteka qoyana faktiki təhvil verilənədək ipoteka predmetinin məhv olması və təsadüfən zədələnməsi ilə bağlı məsuliyyət daşımalıdır. Bu baxımdan hesab edir ki, cavabdeh kombi istilik sisteminə görə ona 1.200 manat, mətbəx mebelinə görə 1.500 manat, mətbəx qaz sobasına görə 220.00 manat, moykaya görə 200.00 manat, kondisionerə görə 800.00 manat, kommunal xərclərə görə 538.00 manat, ümumilikdə 4.458.00 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə qaz və su sərfiyyatına görə ödənilməmiş borc məbləğini maddi zərər kimi hesablasa da, cavabdeh tərəfindən mənzildə olan aksesuarların sökülüb aparılması zamanı mənzilin zədələnməsi ilə bağlı vurulmuş zərəri nəzərə almamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.4. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsidir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Maddə 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələr. Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Maddə 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Maddə 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104. Şahid ifadələri 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qənaətini onunla əsaslandırmışdır ki, şahid ifadələri ziddiyyət təşkil etdiyinə və tərəflər arasında bağlanılmış qarışıq müqavilənin şərtinə görə (Satıcı alıcı-ipoteka qoyana faktiki təhvil veriləcək əmlaka dair yaranmış borcları ödəmək vəzifəsini daşıyır) məhz Cavabdeh1 ilə iddiaçı arasında mənzil alqı-satqısına dair qarışıq müqavilə (alqı-satqı və ipoteka müqaviləsi) bağlanıldığına və müqavilənin predmetini Sumqayıt şəhəri, 1-ci mikrorayon, 26/8B saylı ev, mənzil 24 olan daşınmaz əmlak təşkil etdiyinə görə iddiaçının mənzildə olmuş avadanlıqlara (kombi istilik sistemi, mətbəx mebeli, mətbəx qaz sobası, moyka, kondisioner) dair iddiası əsassızdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılmış qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia çərçivəsində cavabdehlə qarşılıqlı razılaşmasında mənzildən əlavə məhz iddia tələbində göstərdiyi əşyaların - kombi istilik sisteminin, mətbəx mebelinin, qaz sobasının, moykanın və kondisionerin də ona verilməli olması barədə irəli sürdüyü dəlillərini prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İddiaçının dəilillərinin təsdiqi kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi və ifadə vermiş şahidlər X3 və X4 onun bacılarıdır. Qeyd edilən şəxslərin verdikləri ifadələr iş materiallarında olan digər sübutlarla, ilk növbədə tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsinin məzmunu ilə, habelə digər şahidlərin ifadələri ilə təkzib olunur.
21. Tərəflərin izahatları və şahidlərin ifadələri ilə də müəyyən olunur ki, cavabdehin mənzili 110.000 manata satmaq niyyəti olmuş, sonradan tərəflər 105.000 manata razılaşmışlar. Lakin müqavilənin mətnində iddiaçının cavabdehə mənzillə yanaşı hazırkı iddia tələbində göstərilən mebel və məişət cihiazlarının da verməli olması barədə hərhansə müddəa nəzərdə tutulmamışdır.
22. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddianı müvafiq hissədə rədd edərkən birinci instansiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi müvafiq müqavilənin şərtlərinə və birinci instansiya məhkəməsinin əldə etdiyi sübutlara əsasən qismən - 51,5 manat qaz sərfiyyatına, 226,72 manat isə su sərfiyyatına görə olan borca dair hissədə təmin olunmuş, cavabdehlər isə iddianın təmin olunan hissəsini mübahisələndirməmişdir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(028)-17/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.