Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-75/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(060)-9720/2018 saylı qətnaməsindən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(060)-9720/2018 saylı qətnaməsi ilə (hakim İ.M.Mahmudov) İddiaçı2 cavabdeh X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, cavabdeh X1 20800 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(060)-9720/2018 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdeh X1 24000 ABŞ dolları məbləğində əsas borc və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 "xxxx" ASC-də operator vəzifəsində işləyir. O, isə artıq 10 ildən yuxarıdır ki, həmin bankın müştərisidir. Cavabdehi həmin bankdan tanıyır. Onun sözü gedən bankda 24000 ABŞ dolları məbləğində depoziti olmuşdur. Cavabdeh E.Ə.Fərzəliyeva hər ay depozitə qoyduğu pulun faizlərini ona vermişdir. Bir gün cavabdeh ona müraciət edərək, həyat yoldaşının məhkəmədə cinayət işi olduğunu, ona pul lazım olduğunu və öhdəsində 2 azyaşlı uşaq olduğunu ağlayaraq bildirmişdir. Onun isə cavabdehə rəhmi gəlmiş və o, depozitdən pul çəkərək 24000 ABŞ dolları məbləğində pulu cavabdehə borc kimi vermiş, cavabdeh isə həmin pulu bir il müddətinə ödəyəcəyini bildirmişdir. Sumqayıt şəhərində yerləşən notariat kontorunda bu barədə 04.08.2012-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin vaxtdan cavabdeh ona hissə-hissə 3000 (üç min) ABŞ dolları məbləğində pul qaytarmış, sonuncu dəfə isə 2015-ci ilin may ayında 200 ABŞ dolları məbləğində pul qaytarmışdır. Həmin gündən bu vaxta qədər cavabdeh heç bir ödəniş etməmişdir. O, dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh borcunu qaytarmaq imkanı olmadığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 05 dekabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 428.4, 741, 742-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 134.1.5, 138.2, 165, 175.1, 185.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə İddiaçı2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 04.08.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, X4 04.08.2012-ci il tarixdə İddiaçı2 24000 ABŞ dolları məbləğində borc pul almışdır. Cavabdeh E.Ə.Fərzəliyevanın 04.08.2012-ci il tarixdə İddiaçı2ovdan 24000 ABŞ dolları məbləğində borc pul alması işin mübahisəsiz halıdır. Lakin cavabdeh E.Ə.Fərzəliyeva borc məbləğini aldıqdan sonra iddiaçıya hər ay hissə-hissə "xxxx" ASC və ya "xxxx" ASC vasitəsi ilə müəyyən məbləğdə pul ödəməklə bocu qaytardığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdeh X4 borc məbləğini aldıqdan sonra iddiaçıya hər ay hissə-hissə "xxxx" ASC və ya "xxxx" ASC vasitəsi ilə müəyyən məbləğdə pul ödəməklə bocun qaytarılması barədə dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə mübahisəli halın aradan qaldırılması və mübahisənin obyektiv araşdırılması üçün məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 9/3141 saylı rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin 08.07.2021-ci il tarixli məktubu ilə İddiaçı2 məxsus 02 vərəqdən ibarət ödəniş kartı üzrə çıxarış məlumatı üzrə 01.03.2016-cı il tarixdə Elmira Fərzəliyevə tərəfindən 1000 ABŞ dolları, 09.03.2016-cı il tarixdə 1000 ABŞ dolları, olmaqla ümumilikdə 2000 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzi məlumatlarına əsasən Sahibov Valeh tərəfindən İddiaçı2 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 29.10.2014-cü il tarixdə 200,0 ABŞ dolları, 15.10.2014-cü il tarixdə 200,0 ABŞ dolları və 21.07.2014-cü il tarixdə 500,0 ABŞ dolları olmaqla, ümumilikdə 900,0 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Bundan başqa "xxxx" ASC-nin təqdim etdiyi məlumatlara əsasən Elmira Fərzəliyevə tərəfindən İddiaçı2 23 yanvar 2017-ci il tarixdə 1000 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/8537 saylı rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş ümumilikdə 5135,00 ABŞ dolları (2000 ABŞ dolları +900 ABŞ dolları +1000 ABŞ dolları +1235 ABŞ dolları) məbləğində olan pul vəsaiti iş materiallarında olan mühasibatlıq sənədləri ilə öz təsdiqini tapır. Bundan başqa bildirilir ki, "xxxx" ASC-nin 01.04.2021-ci il tarixli məktubu ilə İddiaçı2 məxsus 184 vərəqdən ibarət hesabdan çıxarış məlumatları təqdim edilmişdir. Lakin qeyd olunan "xxxx" ASC-nin 01.04.2021-ci il tarixli məktubu ilə İddiaçı2 məxsus 184 vərəqdən ibarət hesabdan çıxarış məlumatlarında mədaxil olunan məbləğlərin kimin tərəfindən icra edilməsi qeyd edilməmişdir. Belə olan halda isə həmin çıxarış üzrə cavabdeh Elmira Fərzəliyevə tərəfindən iddiaçının bank hesabına mədaxil edilən məbləğin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa təqdim edilmiş ekspertiza təyini haqqında 13.10.2021-ci il tarixli qərardadda cavabdeh tərəfindən qeyd edilmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 29 may 2014-cü il tarixli “Zolotoy Korona” xidməti vasitəsilə pul köçürmələri olan 2500 ABŞ dolları və 23 yanvar 2017-ci il tarixdə icra olunmuş 1000 ABŞ dolları ilkin ekspertiza zamanı nəzərə alınmamışdır. Lakin, iş materiallarında olan ilkin ekspert rəyindən də göründüyü kimi, 23.01.2017-ci il tarixli 1000 ABŞ dolları məbləğində olan ödəniş nəzərə alınmış, 29 may 2014-cü il tarixli 2500 ABŞ dolları məbləğində olan ödəniş isə iş materiallarında öz əksini tapmadığı, yəni tədqiqata təqdim edilmədiyi üçün həmin məbləğə dair ilkin ekspertiza zamanı, həmçinin hazırki tədqiqatda münasibət bildirilməmişdir. Bundan başqa iş materiallarında olan iddia ərizəsində iddiaçı tərəfindən sonuncu dəfə 2015-ci ilin may ayında cavabdehin ona 200 ABŞ dolları pul qaytardığı qeyd edilmişdir. Bununla bağlı da bildirilir ki, həmin ödəniş iş materiallarında öz əksini tapmadığı, yəni tədqiqata təqdim edilmədiyi üçün həmin məbləğə dair də hazırki tədqiqatda münasibət bildirilmədi. Beləliklə, qeyd edilir ki, yuxarıda qeyd olunan ödənişlərin olub-olmamasına məhkəmə tərəfindən araşdırılıb qiymət verilməli, olduğu təqdirdə isə ödəniş kimi qəbul edilməlidir. Göründüyü kimi alınmış ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş ümumilikdə 5135,00 ABŞ dolları (2000 ABŞ dolları +900 ABŞ dolları +1000 ABŞ dolları +1235 ABŞ dolları) məbləğində olan pul vəsaiti iş materiallarında olan mühasibatlıq sənədləri ilə öz təsdiqini tapır. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehin sonuncu dəfə 2015ci ilin may ayında ona 200 ABŞ dolları pul qaytardığı qeyd edilmişdir Belə olan halda həmin məbləğlər mövcud borcdan çıxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «cavabdeh X1 20800 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc İddiaçı2 xeyrinə tutulsun» hissəsində dəyişdirilib, həmin məbləğ 18665 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 9/3141 saylı və 17 dekabr 2021-ci il tarixli, 9/8537 saylı rəylərindən görünür ki, ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 (iki yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul apellyasiya şikayəti qismən təmin edildiyi üçün həmin məbləğin 20,53 manat hissəsi İddiaçı2 və 179,47 manat hissəsi isə cavabdeh X1 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməli və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun 23,33 manat hissəsi cavabdeh X1 alınıb İddiaçı2 verilməli və həmin məbləğin 6,67 manat hissəsi İddiaçı2 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(060)-9720/2018 saylı qətnaməsi – «cavabdeh X1 20800 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc İddiaçı2 xeyrinə tutulsun» hissəsində dəyişdirilsin və həmin məbləğ 18665 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul apellyasiya şikayəti qismən təmin edildiyi üçün həmin məbləğin 20,53 manat hissəsi İddiaçı2 və 179,47 manat hissəsi isə cavabdeh X1 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun 23,33 manat hissəsi cavabdeh X1 alınıb İddiaçı2 verilsin və həmin məbləğin 6,67 manat hissəsi İddiaçı2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-75/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-75/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver