Məhkəmə qərarları › İş №2(105)-750/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-750/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-750/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1ə qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e- 2(067)-821/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1ə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən zəbt olunmuş ona məxsus 33 sot torpaq sahəsinin dəyəri olan 35000 (otuz beş min) manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(067)-821/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1ə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Vüsalə Qasımova). Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(067)-821/2023 nömrəli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilib baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Xaçmaz rayonu, Pirquluoba kəndində, Bakı-Xudat avtomobil yolunun kənarında gələcəkdə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün 0,75 hektar (75 sot) torpaq sahəsi almışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyata aldıraraq həmin torpaq sahəsinə çıxarış almış və tam mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq kommersiya təyinatlıdır. O, gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ailəsinin ehtiyaclarını ödəmək üçün orada müxtəlif işlər görməyi nəzərdə tutmuşdur. Ancaq, 2022-ci ilin əvvəlindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1 əməkdaşları konkret olaraq hegomonluq edərək, ərazidə aparılan yol tikintisi zamanı ona heç bir xəbər vermədən torpağın böyük bir hissəsini, 33 sotunu zəbt etmişlər. O, bunu bildikdən sonra həmin hüquqi şəxsin ərazi üzrə rəhbəri Baxış adlı şəxslə görüşmüş və ona öz etirazını bildirmişdir. O, torpağı dövlət ehtiyacları üçün götürdüklərini və pulunu ödəyəcəklərini bildirmişdir. Ancaq o, elə bir məbləğ təklif etmişdir ki, bu elə demək olar ki, torpağını əvəzsiz zəbt etməyə bərabərdir. Belə ki, həmin ərazidə torpağın bir sotunun dəyəri bu günkü bazar qiyməti ilə 1000-1200 manat arası olduğu halda ona hər sot üçün 300 manat təklif etmiş və bildirmişdir ki, bundan artıq verməyəcəklər. Bundan sonra o, məktubla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1 rəhbərliyinə müraciət etmişdir. Ancaq, cəmiyyətin “Yolun tikintisi altına düşən maneələrin köçürülməsi” Layihə İşçi Qrupunun direktoru Faiq Məmmədovun imzası ilə ona ünvanlanmış cavab məktubunda da zəbt etdikləri 32,7231 sot torpaq üçün 9816,93 (doqquz min səkkiz yüz on altı manat 93 qəpik) manat kompensasiya hesablandığını, yəni hər sot üçün 300 manat veriləcəyini, bundan artıq heç nə verməyəcəklərini bildirmişlər. O, bu təklifdən narazı qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və barəsində mübahisə etdiyi daşınmaz əmlak Xaçmaz rayonu ərazisində yerləşdiyi üçün iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Ancaq Xaçmaz Rayon Məhkəməsi 2(067)-821/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadla şikayətini geri qaytarmış və səbəbini onunla əsaslandırmışdır ki, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1 ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ancaq, məhkəmə nəzərə almayıb ki, Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyətə dair 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(067)-821/2023 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(067)- 821/2023 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüsalə Qasımova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin mahiyyəti daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılması deyil, torpaq sahəsinə görə pul məbləğinin ödənilməsi təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(067)-821/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar