Məhkəmə qərarları › İş №2(105)-752/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-752/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-752/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-67/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh onun avtomobilinə dəymiş zərərin əvəzi olaraq 2390 manat pulun və ödənilmiş 43.90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə ödədiyi 78 manat cərimə pulunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 adına xx.xx.2021-ci ildə “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatda alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı etibarnamədən görünür ki, X4 «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək idarə etməyi ona - İddiaçı etibar etmişdir. Həmin avtomobil faktiki onun sahibliyindədir. xx.xx.2023-cü ildə, saat 02:30-da Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Sülh ilə N.Nərimanov küçələrinin kəsişməsində, X1 idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşmuşdur. Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan (etibarnaməsiz) idarə etdiyindən, «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyən zərərin əvəzi ondan tutulmalıdır. Belə ki, “Hyundai Sonata” markalı avtomobilin zərərini sığorta qarşılayır, lakin «Opel Astra» markalı, 10- UY502 dövlət qeydiyyat nömrə nişanlı avtomobil xeyli miqdarda zərər görmüş və cavabdeh o zərəri qarşılamaqdan yayınır, hər dəfə bir bəhanə gətirir. Belə ki, iddiaçının maddi ziyanın ödənilməsi hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Həmin qərardan görünür ki, Cavabdeh svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 60 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil zərər dəymişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində zərərçəkən digər avtomobilin zədələnməsi ilə əlaqədar ona sığorta ödənişi sığorta şirkəti tərəfindən veriləcəkdir. Hal-hazırda «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işlək vəziyyətdə deyildir, belə ki, təmir olunmalıdır və onun imkanı yoxdur. Avtomobil faktiki onun sahibliyindədir. Cavabdeh əvvəl zərəri qarşılayacağını bildirmiş, lakin öhdəliyini yerinə yetirməmişdir. Bu fakt onun cavabdehlə “Whatsapp” vasitəsilə yazışmalarından da görünür və onu iddia ərizəsinə əlavə etmişdir. xx.xx.2023- cü il tarixli qüsur aktından görünür ki, «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 2390 manat məbləğində müəyyən edilmişdir. Onda qüsur aktı ilə müəyyən olunan avtomobilə dəymiş zərəri cavabdehdən tələb edir. Özü hal-hazırda işləmir, maddi imkanı aşağıdır, avtomobili təmir edəcək gücü yoxdur. O həmin avtomobillə taksi fəaliyyəti göstərərək pul qazanmışdır. Cavabdehin törətdiyi hadisə nəticəsində o artıq heç bir iş görə bilmir. Cavabdeh ona 2390 manat zərər vurmuşdur. Dəfələrlə cavabdehdən vurduğu zərəri tələb etsə də verməkdən yayınmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Avtomobilin fotoşəkillərini də iddia ərizəsinə əlavə etmişdir. Hazırki iddiaya görə 43.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı avtomobilinə dəymiş zərərin əvəzi olaraq 2390 manat pulun və ödənilmiş 43.90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi vardır. xx.xx.2023-cü ildə, saat 02:30-da Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Sülh ilə N.Nərimanov küçələrinin kəsişməsində, X1 idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin vəkili Vəkil xx.xx.2023-cü ildə baş vermiş hadisə nəticəsində zərər dəymiş digər avtomobilə sığorta ödənişinin edilib-edilməməsi barədə məlumatın öyrənilməsini istəmişdir. Bildirir ki, avtomobil Carpoint Servisə yönləndirilmiş, "xxxx" ASC tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği 2210 manat olaraq qiymətləndirilmişdir və sığorta aktı hazırlanmışdır. Bu barədə avtomobilin sahibinə sms göndərilərək məlumat verilmişdir. Avtomobili təmiri Carpoint Servis təmir müəssisəsinə həvalə edilmişdir. Göründüyü kimi avtomobilin sahibi sığorta təşkilatı tərəfindən avtomobilə dəymiş zərərin məbləği kimi qiymətləndirilən 2210 manatı götürməmiş, avtomobili Carpoint Servis təmir müəssisəsinə həvalə etmişdir. Eyni zamanda bildirir ki, o iddia tələbinin həcminin artırıraraq Cavabdeh əvəzinə ödədiyi 78 manat cərimə pulunun tutularaq ona verilməsini xahiş etmişdir. (İddianı digər hissələrdə müdafiə edir.) Belə ki, Cavabdeh nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmiş və cəriməni ödəməmişdir. Cərimə ödənilmədiyinə görə onun avtomobilinin üzərinə həbs qoyulacağı barədə sms bildiriş gəlmişdir. Cavabdehin təqsirinə görə avtomobil üzərinə həbs qoyulmasın deyə cəriməni o özü ödəmiş və hazırda həmin məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 «Opel Astra» markalı, **-UY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək idarə etməyi ona etibar etmişdir. Etibarnamədə əgər avtomobili idarə etməyi ona etibar edibsə açıq-aydın başa düşülür ki, ona müvafiq sahiblik də verməklə avtomobili onun bütün səlahiyyətlərlə sərəncamına vermişdir. Onun fikri odur ki, əgər avtomobili o idarə edirsə, avtomobilin sahibi ona idarə etmək səlahiyyəti veribsə ən azı onun hüququ yaranar ki, zərəri tələb etsin, bir şərtlə ki zərər ona vurulsa, hazırki işdən də görünür ki, zərər birbaşa ona dəymişdir. Avtomobilin sahibi heç maşını idarə etmir, sadəcə rəsmi sahibidir. Heç hadisənin olması onun marağında deyil, çünki həmin avtomobili o idarə edir, o da cavabdehdir. Buna birinci instansiya məhkəməsi önəm verməmiş, birbaşa subyektiv hüquqla iddianı rədd etmişdir. O, həmin nəticə ilə razı deyil. Çünki zərər birbaşa ona dəyib və bu işin faktiki halları ilə təsdiq olunur. O, “Opel Astra” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 adından çıxış etmir, öz adından çıxış edir və birbaşa ona dəyən zərəri tələb edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli 9/6946 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “FMS” servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Opel Astra” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2290,0 manat müəyyən edilmişdir. Əgər məhkəmə onun iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətində olmuşdursa, niyə ekspertiza keçirilməsini qərar almış, elə birbaşa iddianı rədd edərdi. Ekspertiza keçirilməsi xx.xx.2023-cü il tarixdə təyin edilmiş və rəy gec, yəni xx.xx.2023-cü ildə gəlmişdir. Lüzumsuz yerə 4 aya yaxın müddətdə ekspertizanın rəyini gözləməyə məcbur olmuşdur. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verməmişdir, sadəcə avtomobilin mülkiyyətçisi o deyil fikri ilə iddianı rədd etmişdir. Mülki Məcəllənin Sahiblik hüququ barədə 159-168-ci maddələri əhatə edən 7-ci fəslində onun avtomobilə sahiblik etmək hüququ təsbit olunmuşdur. Eyni zamanda bildirir ki, cavabdeh məhkəməyə müraciət edilməmişdən əvvəl zərəri qarşılayacağını bildirmiş, lakin öhdəliyini yerinə yetirməmişdir. Bu fakt onun cavabdehlə “Whatsapp” vasitəsilə yazışmalarından da görünür və onu iddia ərizəsinə əlavə etmişdir. Lakin məhkəmə həmin yazışmalara önəm verməmişdir. Həmin yazışmalardan da görünür ki, ona zərər dəyən şəxs kimi cavabdehdən öhdəliyini yerinə yetirməsini tələb etmişdir. Lakin qeyd olunan maddənin tələblərinə əməl edilməmiş, ona təklif belə edilməmişdir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir, razılığı olarsa iddiaçı əsl iddiaçı ilə əvəz edilsin. İddiaçının maddi ziyanın ödənilməsi hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Avtomobil onun sahibliyinə verilmişdir və o sahibliyində olan avtomobilə dəyən zərəri tələb edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini İddiaçı “Opel Astra” minik markalı, 99-XS069 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 adından çıxış etmək səlahiyyətinə malik olmasına dair də iş materiallarında hər hansı bir sənədin olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü ildə, saat 02:30-da Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-UY- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Sumqayıt şəhəri, Sülh ilə N.Nərimanov küçələrinin kəsişməsində, X1 idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, “Opel Astra” markalı **-UY-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyat şəhadətnaməsinə əsasən X2 mülkiyyətindədir və İddiaçı verilmiş etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Nəzərə alınmalıdır ki, avtomobillə bağlı iddiaçıya sürmək üçün etibarnamənin verilməsi daha çox yol hərəkətinin iştirakçısı kimi onun inzibatı münasibətlərinə xidmət edir, ona əmlaka vurulmuş zərərin ödənilməsi barədə iddia qaldırmaq hüququ yaratmır. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin məzmununa əsasən iddiaçı öz maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ öz təbiət etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin movcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu iddianın təmin edilməməsi mülkiyyətçiyə qeyd olunan avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ istisna deyil. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar