Məhkəmə qərarları › İş №2(105)-752/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-752/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-752/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-118/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyana görə 21000 (iyirmi bir min) manat pul və 153 (bir yüz əlli üç) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 87,5 (səksən yeddi manat əlli qəpik) manat və İddiaçı 212,5 (iki yüz on iki manat əlli qəpik) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin, 31 saylı mənzilini 2014-cü ildən bugünə kimi qeyri-qanuni sürətdə zəbt etməsi ilə əlaqədar olaraq ona dəymiş 24000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qurbanali oğlu 17 sentyabr 2021ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146. 152, 153 və 157-ci maddələrinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan onun əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət onun tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək onun konstitusiyon hüquqlarını pozması, ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmündən hazırki iddia üzrə cavabdeh məhkum Cavabdeh və onun müdafiəçisi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi). X3 və X1 ibarət tərkibdə) 23 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından hazırki iddia üzrə cavabdeh məhkum Cavabdeh və müdafiəçisi Nümayəndə birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, habelə onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş cəmisi 50000 (əli min) manat məbləğində maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-217/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh əsassız olaraq dəfələrlə onun mülkiyyət hüququnu pozmuş əsassız olaraq onu uzun müddətli məhkəmə çəkişmələrinə cəlb etməklə onun manesiz mülkiyyətindən istifadə etməyinə imkan verməməklə ona xeyli miqdarda maddi ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kirayədə yaşaması barədə sübutlara əsaslanmamışdır. Mülki-Prosessual Məcəlləyə əsasən iddiaçı öz iddia tələblərinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməyə borcludur. Lakin iddiaçı göstərilən dövrdə kirayədə yaşaması faktını və bunu təsdiq edən sübutları – kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi barədə sübutları və s. sənədləri və dəlilləri məhkəməyə təqdim etməmiş və məhkəmə də bunları öz təşəbbüsü ilə tələb və təmin etməmişdir. Məhkəmə yalnız və yalnız tərəflərin təqdim etdikləri məhkəmə aktlarına istinad etmiş, lakin iddia tələblərinin əsasını təşkil edən və iddiaçının tələb etdiyi maddi ziyan – kirayədə qalmaqla ödədiyi kirayə haqqını onun qeyd etdiyi kimi 300 manat məbləği korkoranə hesablamaqla, qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iddiaçı iddiasının əsasını təşkil edən maddi ziyanın həqiqətən mövcud olmasını heç bir dəlil və sübutlarla təmin etməmişdir. Məhkəmə isə bütün bunlara göz yummuşdur. Belə olan halda mübahisəli mənzilə dair məhkəmə mübahisələrinin davam etdiyi və yekun məhkəmə qərarının qəbul edilmədiyi bir vaxtda hansı iddialardan söhbət gedə bilər. Məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir. Belə ki, məhkəmə bu prosesdə işə baxaraq birtərəfli və qərəzli qərar çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. Qərar qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq cavabdehin xeyrinə şərh edilmişdir. Avropa Konvensiyasının 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüquqlarımız kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçının ifadəsinin yalan olmasını sübut etmək üçün sadəcə olaraq ondan iddiasının əsasını təşkil edən sübutları, yəni kirayədə qalması barədə kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi barədə qəbzlər və s. sübutları məhkəməyə təqdim olunub-olunmamasını müəyyən etməli olduğu halda məhkəmə bunu etməmişdir. Çünki burada yalan izahat verməyə görə məsuliyyət daşıyacaqdı və tələb olunan sənədləri məhkəmənin tələbinə əsasən təqdim etməyə məcbur olacaqdı. Bundan qorxduğu üçün bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə isə bütün bunlara göz yummuşdur. Ümumiyyətlə iddiaçı saxtakarlıq edərək onu hər dəfə incidərək yalandan həmin mənzildə yaşaya bilməməsi barədə əsassız və qanunsuz iddialar irəli sürmüşdür. Halbuki müvafiq sənədlərlə də bir daha sübut olunur ki, iddiaçı həmin mənzilə tam sahiblik etmiş, hətta oraya siqnalizasiya çəkdirmiş, lakin könüllü olaraq orada bir gün də yaşamaq fikri olmamışdır, əgər həqiqətən də kirayələrdə yaşasa idi və kirayə haqqı ödəsə idi, onda heç vaxt öz evini boş qoya-qoya gedib artıq xərc çəkib kirayədə yaşamazdı. Və yaşadığı evi xarabazara çevirməzdi. (Fotoşəkillər əlavə edilir). O isə həmin mənzildə məhkəmə proseslərinin getdiyi və müvəqqəti yaşadığı dövrdə mənzili külli miqdarda, yəni mənzilin təmiri və avadanlıqlara 38200 manat xərcləyərək yenidən yaşayış üçün yararlı etmişdie. (Fotoşəkillər əlavə olunur). İddiaçı isə onun təmir etdiyi və avadanlıqlarla təchiz etdiyi və özünün 38000 manata aldığı həmin mübahisəli evi, 68000 manata hal-hazırda başqa şəxsə satmış və yenidən əsassız olaraq onun hesabına 22000 manat əsassız varlanmışdır. Bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə o, özünün dediyi kimi qaynatasının evini banka girov qoyub kredit götürdüyü üçün həmin evdə yaşamış və heç bir kirayə haqqı verməmiş və bunu tələb etməyə ən azından mənəvi haqqı yoxdur. Əgər kirayədə yaşama problemi olsa idi, onda bunu sübut edən sənədləri məhkəməyə təqdim edərdi. Belə ki, mənzili ələ keçirdikdən sonra dərhal onun satışı barədə elan vermiş və son nəticədə həmin mənzili tam ələ keçirdikdən sonra, yəni ailə üzvlərinin orada istifadə hüquqlarına xitam verildikdən sonra satmışdır. İndi isə yenidən qanunsuz gəlir əldə etməklə varlanmaq istəyir və məhkəmə də ona bu işdə “köməklik göstərmişdir”. Beləliklə də, məhkəmə sübutları araşdırmadan iş üzrə qanunsuz və əsassız qətnamə çıxartmışdır. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etsək də, məhkəmə həmin iddianı təsdiq edən sənədlərin mövcud olmamasının sübut olunduğunu bilsə də, bunları tələb edərək olmamasının sübut olunduğunu bilsə də, bunları tələb edərək araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi. Halbuki sübut olunmuşdur ki, iddiaçı tərəfindən kirayədə yaşamaya-yaşamaya və kirayə haqqı ödənilmədən bu cür iddia tələbi verilmişdir. Bu fakt sənədlərlə sübut olunur. Bütün bu hallar iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. İddiaçı saxta iddiası ilə guya iddia tələblərinin tam qanuna uyğun olmasını bildirsə də, lakin bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə də, Avropa Konvensiyasında maddə 6-da nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin iddiaçı məhkəməyə dəvət edilərək bu barədə ona suallar verilməli idi, araşdırma aparılmalı idi və müvafiq sənədlər ondan tələb olunmalı idi. Lakin məhkəmə çəkişmə prinsipinə riayət etməmiş və onu məhkəməyə dəvət etməmişdir. Məhkəmə isə bütün bunlara göz yummuşdur. Lakin məhkəmə, mübahisənin əsasını təşkil edən, yəni məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin kəsb edən bu faktları aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni mənzilin iddiaçının adına qeydiyyata alınması, həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüququ əldə etməsinə baxmayaraq həmin mənzil üzərində hüquqlarını həyata keçirə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Cavabdehin iddiaçıya məxsus mənzilə qanunsuz sahiblik və istifadə etməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisə olunmayan halıdır. Baxılan iş üzrə iddia tələbi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, qüvvədə olan məhkəmə aktları ilə İddiaçı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququ tanınmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasına dair yekun qərar icraya yönəldilmiş və həmin qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilmişdir. İşin araşdırılmış hallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-217/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədiyi, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirildiyi və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Cavabdeh 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan İddiaçı əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət İddiaçı tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusiyon hüquqlarını pozması, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ziyn vurulması barədə düzgün nəticəyə gəlsə də, ziyanın məbləğinin hesablanmasını düzgün həyata keçirməmişdir. Belə ki, işin hallarından göründüyü kimi cavabdehin iddiaçıya qarşı qeyd etdiyi halların əsassız olması məhkəmənin qətnaməsinin qanuni qüvvəyə minməsi ilə təsdiq olunmuş və həmin məhkəmə qətnaməsi icra məmuru tərəfindən 17 sentyabr 2021-ci il tarixdə icra olunmuşdur. Buna görə də kirayə haqqının hesablanması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı icra işi tələb olunaraq baxış keçirilmiş və icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, 16 yanvar 2024-cü il tarixdə İddiaçı icra idarəsinə ərizə ilə müraciət edərək, icra sənədinin icra olunması ilə əlaqədar icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi kirayə haqqının hesablanması xx.xx.2024-cü il tarixədək aparılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilin dəyərinin müəyyən edilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024- cü il tarixli hesabatı alınmış, həmin hesabata əsasən əmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 300 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, cavabdehin mənzildən qanunsuz istifadə etməsi nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək kirayə haqqı 300 manat olmaqla, (28 ay x 300 manat= 8400 manat) 8400 manat dəymiş ziyanın məbləği hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 8400 (səkkiz min dörd yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin çəkişmə prinsipinə riayət etməməsi və onu məhkəməyə dəvət etməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən məhkəmənin iclasının yeri və vaxtı barədə cavabdeh lazımı qaydada məlumatlandırılmış, onun ünvanına bildiriş göndərilmiş, istifadəsində olan telefon nömrəsinə sms-bildiriş göndərilmiş, həmçinin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehin vəkilinə məlumat verilmişdir. Mülki işin İ cildinin 31-ci səhifəsində olan bildirişə əsasən Cavabdeh iddia ərizəsini almış, daha sonra məhkəməyə iddia tələbinə qarşı etiraz ünvanlamışdır. Həmçinin cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı da məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş materiallarının araşdırılması zamanı cavabdehin məhkəmə proseslərindən məlumatı olması öz təsdiqini tapmışdır. Bu baxımdan apellyasiya şikayətinin bu dəlili əsassızdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində maddi ziyanın əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar