Məhkəmə qərarları › İş №2(105)-754/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-754/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-754/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2275/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2006-cı il, 01 yanvar tarixli manatın denominasiyası nəzərə alınmaqla (6000000:5000=1200 manat) 1200 manat pul və 98 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları əsas məbləğin və həmin məbləğin Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2006-cı ildən bu günə qədər illik 7,5 % hesablanmaqla cavabdehdən alınıb ona qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixdə Quba regional Asan Xidmət Mərkəzi Notariat ofisində, Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsinin dəyərini cavabdehin qardaşı olan Vüqar Babayevlə aralarında bağlanmış alqı- satqı müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) ABŞ dollar pulunu tam ödəməklə almışdır. Həmin torpaq sahəsinə dair adına xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reysetri tərəfindən çıxarış verilmişdir. Belə ki, həmin torpaq sahəsi Quba rayon ATK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə cavabdehin qardaşı Vüqar Babayev və bacısı İradə Babayevə yaşadıqları İqriq kəndi ərazisindən 0,45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə əkin sahəsindən ibarət torpaq sahəsi ayrılmış və onların adlarına torpağa mülkiyyət hüququna dair JN 610 kod 30304038 saylı dövlət aktı verilmişdir. İradə Babayevə torpağı almamışdan 7-8 ay öncə dünyasını dəyişmiş, Vüqar Babayev isə torpağı satdıqdan bir neçə ay sonra özünü asaraq intihar etmişdir. Qeyd edilməli əsas hal ondan ibarətdir ki, o torpağı alan zaman Vüqar Babayev bacısı deyə təqdim etdiyi şəxsin, həmin gün bacısı olduğunu bilməmişdir. Belə ki, vətəndaşın kimliyini Notarius gizlətmiş və onun bundan xəbəri olmamışdır. X5 başqa adam gətirərək bacısı kimi tanıtmış və bacısının yerinə başqa qadın sənədlərə imza etmişdir. Daha sonra cavabdeh yəni qeyd etdiyi şəxslərin vərəsəsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Məhkəməyə müraciət etmiş və müəyyən bir vaxtdan sonra iddia tələbi təmin edilmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi (Bakı şəhəri Binəqədi rayon Məhkəməsi) iddianı təmin etməsə belə, Bakı Apellyasiya Məhhkəməsi cavabdehin xeyrinə Qətnamə qəbul etmişdir. Belə ki, 30 mart 2007-ci il tarixdə vəfat etmiş Vüqar Babayevin ölümündən 15 il keçdikdən sonra cavabdehin iddia tələbi ilə Məhkəməyə müraciət etməsi, müddəti ötürməsi və hələ bu azmış kimi məhkəmədə torpağa dair ödənilən məbləği danması, həmin məbləğin ümumiyyətlə ödənilməməsi tam olaraq absurd bir fikir kimi irəli sürülmüşdür. Qeyd edir ki, torpaq sahəsinə dair ödənilən 4500 (dörd min beş yüz) ABŞ dollarının ödənilməsi ilə bağlı kifayət qədər şahidləri var. Notariusun və cavabdehin qardaşı satıcı Vüqar Babayevin ona bacısı kimi təqdim etdiyi şəxsin, bacısı olmamasının səbəbkarı o olmadığından (belə ki, bu halı notarius aydınlaşdırılmalı idi) onun torpaq sahəsinə dair bağladığı alqı-satqı müqaviləsi və ödədiyi məbləğ danılmaz fakt olaraq müəyyən edilməlidir. Torpağı alarkən həmin vaxt ona 2-ci satıcı kimi təqdim olunan şəxsin əslində Vüqar Babayevin bacısı İradə Babayeva olmadığını bilmədiyindən vicdanlı alıcı olmaqla yanaşı aldığı torpaq sahəsinə müqavilə bağlandıqdan sonra sahiblik və istifadə etməyə başlamışdır. Mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində və sahibliyində olduğu üçün, daimi yaşayış yeri torpaq sahəsinin yerləşdiyi kənd olan cavadehin Cavabdehdə xx.xx.2007-ci il tarixdə ölmüş qardaşı V.Cavabdeh hələ sağlığında torpaq sahəsini satmasını bilməli idi. Bu səbəbdən qeyd edilənləri nəzərə alaraq Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları əsas məbləğin və həmin məbləğin Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2006-cı ildən bu günə qədər illik 7,5% hesablanmaqla cavabdehdən alınıb ona ödənilməsi tələbinə dair qətnamə qəbul edilməlidir. Qeyd edir ki, bütün bu hadisələrdən sonra səhhəti pozularaq mənəvi əsəb və sarsıntı keçirmişdir. Özünü dərmanlarla güclə ayaqda saxlamağa çalışır. Bu səbəbdən də həmin pulun cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları heç də iddia ərizəsində və məhkəmənin qətnaməsində qeyd edilən kimi olmamışdır. Belə ki, cavabdehin mərhum bacısı X1 və qardaşı X2 vəfat etdikləri günədək onunla birlikdə ata evində, Quba rayonu İqrik kəndində yaşamışlar. İ.Cavabdeha və V.Cavabdeh heç vaxt nikaha daxil olmamış, övladları olmamışdır. Torpaq islahatı gedişi zamanı hamı kimi bacısı İradəyə və qardaşı Vüqara Quba rayon ATK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə yaşadıqları İqriq kəndi ərazisindən 0,45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə əkin sahəsindən ibarət torpaq sahəsi ayrılmış və adlarına Torpağa Mülkiyyət Hüququna dair JN 610 Kod 30304038 saylı dövlət aktı verilmişdir. Bacısı İradə uzun müddət iflic xəstəsi olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmiş, qardaşı Vüqar isə xx.xx.2007-ci il tarixdə özünü asaraq intihar etmişdir. Bacı və qardaşının mülkiyyətində olan torpaq sahələrini Əfqan idarə etdiyindən bacı və qardaşının vərəsəsi kimi öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. Bacısının və qardaşının mülkiyyətində başqa daşınar və daşınmaz əmlak olmışdır. Notarius tərəfindən ona Vüqar və İradənin vərəsəsi olması barədə məktub verilsə də, o, çıxarış almaq istəyərkən həmin torpaq sahəsinə başqa şəxsin adına çıxarış verildiyi, Bakı şəhər sakini İddiaçı ilə onun bacısı İradə və qardaşı Vüqar arasında xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinin olması bildirilmişdir. Həmin müqavilə əsasında da qeyd olunan torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh həmin sənədlərlə tanış olduqda qeyd olunan alğı-satqı müqaviləsinin saxta olduğunu öyrənmişdir. Belə ki, bacısı İradə xx.xx.2006-cı il tarixdə öldüyü halda alğı-satqı müqaviləsi sonuncunun adından xx.xx.2006-cı il tarixdə bağlanmışdır. İradə və Vüqarın şəxsiyyət vəsiqələri isə ümumiyyətlə olmamışdır. Alğı-satqı müqaviləsində olan imzalar İradə və Vüqara məxsus deyildir. Həmin torpaq sahəsi əvvəlcədən Cavabdeh istifadəsində olmuş və hal-hazıra kimi də onun istifadəsindədir. O, İddiaçı tanımır, görməmiş və sonuncu bir dəfə də olsa həmin torpaq sahəsinə gəlməmişdir. Quba rayon Asan xidmət mərkəzində notariat ofisindən aldığı məktubdan görünür ki, qeyd olunan alğı-satqı müqaviləsi notariat ofisinə təhvil verilmiş sənədləri arasında mövcud deyildir. Bütün bunlar onu göstərir ki, həmin alğı-satqı müqaviləsi qanunsuz olaraq saxta yollarla əldə edilmişdir. Bundan sonra məhkəməyə müraciət olunmuş və son nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8256/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, müqavilə etibarsız hesab edilmiş və onun hüquqi nəticələri ləğv edilmişdir. Beləliklə, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasında heç bir müqavilə və ya digər əqd olmamış, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsilə müəyyən edilmişdir ki, ümumiyyətlə, iddiaçı ilə hazırki iş üzrə cavabadehin qardaş-bacısı arasında heç bir alğı-satqı müqaviləsi bağlanmamışdır. Bu baxımdan da cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yarana bilməz. Yəni, hazırki halda cavabdeh iddiaçıya münasibətdə əsassız varlanmadığından ona münasibətdə MMnin 386.1-ci maddəsini tətbiq etmək yolverilməzdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddia tələbinin qismən əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qətnamənin mübahisələndirilən hissəsində, yəni iddia tələbinin təmin edilən hissəsində hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, Quba rayon ATK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə cavabdehin qardaşı Vüqar Babayev və bacısı İradə Babayevə yaşadıqları İqriq kəndi ərazisindən 0,45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə əkin sahəsindən ibarət torpaq sahəsi ayrılması və onların adlarına torpağa mülkiyyət hüququna dair JN 610 kod 30304038 saylı dövlət aktı verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia pulun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1091, 1092, 1093.1-ci maddələri təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Şıxbaba qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, əqd əhəmiyyətsiz olmaqla, İddiaçı Şıxbaba qızı tərəfindən alqı-satqıya dair pul vəsaiti ödənilməsi təsdiq olunmadığından, ikitərəfli restitusiyanın tətbiq olunmasına əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında Cavabdeh pul verilməsi öz təsdiqini tapmadığından, iddiaçının cavabdehdən pul tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar