Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-754/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızının Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir
2. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-64/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 11 05.2018-ci il təvəllüdlü X3 və 30 04.2019-cu il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir.
3. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 66924-4/23 saylı məktubundan görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)- 64/2022 saylı icra sənədi üzrə borclu Cavabdeh həmin tarixə olan aliment borcu 1055 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)- 64/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-cı ildə X6 və xx.xx.2019-cu ildə isə X5 doğulmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət sakit yaşasalar da, sonradan cavabdehin anası X1 ilə münasibətləri korlanmış, birgə yaşamağa imkan verməmiş, onu evdən qovmuşdur. Bu səbəblərə görə iki azyaşlı uşağı da özü ilə götürərək valideyininin yanına qayıtmışdır. Sonradan bir neçə dəfə evə qayıtmaq istəsə də, Gülnarə Abbasova onu evə buraxmamışdır. Cavabdeh uşaqların saxlanması üçün heç bir vəsait ödəmədiyinə görə məhkəməyə aliment tələbi barədə iddia ərizəsi vermiş, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(077)-64/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət etmişdir. Daha sonra Şuşa rayon məhkəməsinə nikahın pozulması, uşağın himayədə qalması, müqavilənin etibarsız hesab olunması, əmlak və s.tələblərinə dair iddia qaldırmış, Şuşa rayon məhkəməsisinin xx.xx.2023-cü il tarixli, 2(077)-64/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, nikahları pozulmuş, iki azyaşlı uşağın himayəsində saxlanması müəyyən edilmişdir. Şuşa rayon məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edən dövrdə Cavabdeh Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində işləyirdi və əmək haqqı - qazancı müəyyən idi. Lakin sonradan komadanlıq onunla kontrakt bağlamaqdan imtina etmiş və o, hərbidən tərxis edilmişdir. Qətnamə qəbul edilən tarixdə Azərbaycan Respublikasında uşaqların saxlanması üçün minimum müavinət 220 manat müəyyən edilmişdi, bu məbləğdən aşağı aliment müəyyən edilə bilməzdi. Buna baxmayaraq məhkəmə Qanunun mənasına zidd olaraq aliment miqdarını qazancının 3/1 hissəsinə yönəltmiş, gələcəkdə onun alimentin ödənilməsindən yayınması üçün şərait yaratmışdır. Hazırda cavabdeh "xxxx" MMC-də işləyir və alimenti ödəməmək üçün Sabunçu rayon İcra Şöbəsinə 449 manat əmək haqqı alması barədə arayış təqdim etmişdir. Bununla belə, cavabdeh maddi imkanları yaxşı olmasına baxmayaraq aliment ödəməkdən yayınır, aliment borcunu ödəmir, ona görə də yenidən alimentin ödənilməsi qaydasının sabit pul məbləğinə dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Çünki 449 manatın 3/1 hissəsi 149 manat edir, bu vəsaitlə 2 uşaq yaşaya bilməz. Hazırda 2 azyaşlı uşağın saxlanmasında maddi çətinlik çəkir. Onlar böyüyür, məktəbə və bağçaya xərclər çəkmək lazımdır. Alimentin miqdarı azdır, hətta minimum həddində deyil, ona görə də uşaqlar maddi çətinlik çəkir. Bu əsaslara görə aliment məbləği cavabdehin əmək haqqından yox, sabit pul məbləğində 235 manat müəyyən edilərək tutulmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdən uşaqların münimim yaşayış müavinəti 235 manat müəyyən edilmişdir.
6. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 112.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarındakı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarındakı hüquqi mövqeyi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3, 233cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, uşaqların saxlanılmasında hər iki valideynin vəzifəsi eynidir. Cavabdeh özü də işləyir, müəyyən gəlirlər əldə edir, övladların saxlanılmasında o da məsuliyyət daşıyır. Hər iki valideyn uşaqlarına baxmalı və onların qayğısına qalmalıdır. Onun məsuliyyəti olduğu qədər iddiaçının da məsuliyyəti vardır. O da qazanc gətirməli və uşaqlara baxmalıdır. Lakin buna baxmayaraq məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamış, valideyn olaraq onların hər ikisinin maddi gəlirlərini araşdırmamışdır. Bunun nəticəsində isə məhkəmə heç bir araşdırma aparmadan, yalnız iddiaçının mülahizələrini nəzərə alataq onun hüquqlarını kobud şəkildə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə işini dəqiq araşdırmamış, yalnız formal olaraq sübutlar əsasında iddia tələbinin təmin etmişdir. Şuşa Rayon Məhkəməsi işə baxarkən qanunverciliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, işə birtərəfli qaydada baxaraq yekun nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
13. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
14. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqlarına dair” BMT Konvensiyası
17. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;
19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
22. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
37. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
38. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir.
39. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən müəyyən müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır.
40. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
42. İddianı təmin edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır.
43. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
44. Cavabdeh apellyasiya şikayətinin dəlillərində uşaqların saxlanılmasında hər iki valideynin vəzifəsi eyni olmasını, cavabdehin işləməsi və gəliri olmasını, birinci instansiya məhkəməsinin hər iki tərəfin maddi vəziyyətini nəzərə almamasını, çəkişmə prinsipinin tələblərini pozduğunu, sübutlara obyektiv qiymət vermədən, işə birtərəfli qaydada baxaraq yekun nəticəyə gəldiyini göstərmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin çəkişmə prinsipinin pozulması, sübutlara obyektiv qiymət verilməməsi, işə birtərəfli qaydada baxılması dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh həmin dəlillərin konkret olaraq nədə ifadə olunduğunu göstərməmişdir, bununla belə məhkəmə kollegiyasının araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır.
46. Apellyasiya şikayətinin digər dəlili iddiaçının da gəlirinin olması və birgə nikahdan olan uşaqları saxlamağın hər iki tərəfin vəzifəsi olmasıdır. Kollegiya həmin dəlillərlə razılaşmayarkən qeyd edir ki, uşaqların tələbatı sadəcə madiyyatdan ibarət olmamaqla onlar hal-hazırda analarının, yəni hazırkı iş üzrə iddiaçının himayəsindədirlər. Alimentin tutulmasına dair sonuncu məhkəmə qətnaməsinin çıxarılmasından müəyyən müddət keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşaqlarının saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır.
47. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
48. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X7rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
53. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.