Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-755/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (cinayət nəticəsində vurulmuş hüquq pozuntusundan irəli gələn mülki mübahisə, zərərin ödənilməsi-preyudisiya ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əsasən, Cavabdeh Konstontinoviç tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq İddiaçı icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan - hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda 50-63 santimetr diametrli, hər bir metri 6.50 (altı manat əlli qəpik) manat dəyərində SSRİ istehsalı 500 (beş yüz) ədəd dəmir borunu (turba), 32 millimetr diametrli rezin materialından, hərmetri 05 (beş) manat dəyərində olan 300 (üç yüz) metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərrikli 2800 (iki min səkkiz yüz) manat dəyərində olan 01 (bir) ədəd çalaqazan aparatı, “STEEL” markalı, Almaniya istehsalı, mühərrikli 700 (yeddi yüz) manat dəyərində olan 01 (bir) ədəd odundoğrayanı (matapila), 10 millimetr diametrli, 01 (bir) bükümdə hər metri 0.65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu, 150 millimetr diametrli paslanmayan materialdan hər biri 150 (yüz əlli) manat dəyərində olan 04 (dörd) ədəd su kranını, 100 millimetr diametrli paslanmayan materialdan hər biri 100 (yüz) manat dəyərində olan 05 (beş) ədəd su kranını, 40 millimetr diametrli paslanmayan materialdan hər biri 50 (əlli) manat dəyərində olan 10 (on) ədəd su kranını, “MOSA” markalı, İtaliya istehsalı, benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 01 (bir) ədəd 6,5 (altı tam onda beş) kilovatlıq işıq generatorunu, dəmir materialından 03 (üç) metr uzunluğunda 50 (əlli) manat dəyərində olan 01 (bir) ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 (otuz) manat dəyərində olan 10 (on) ədəd beli (lapatka), Almaniya istehsalı, əl ilə (ruçnoy) işləyən hər biri 150 (yüz) manat dəyərində olan 02 (iki) ədəd toxumsəpəni, Almaniya istehsalı hər biri 50 (əlli) manat dəyərində olan 04 (dörd) ədəd bağ kərkisini, Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 120 (yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd çalaqazanı, Almaniya istehsalı 80 (səksən) manat dəyərində olan 01 (bir) ədəd dəmir yabanı, İsrail istehsalı 25 millimetr diametrli yanmayan materialdan üç xətli (jilalı) hər metri 06 (altı) manat dəyərində olan 200 (iki yüz) metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində olan 01 (bir) ədəd talı (buksur üçün), Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd toxumsəpən beli, əl ilə yığılmış 300 (üç yüz) manat dəyərində olan 01 (bir) ədəd manqal üstü odun sobasını, hər biri 200 (iki yüz) manat dəyərində olan 02 (iki) ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı hər biri 25 (iyirmi beş) manat dəyərində olan 02 (iki) ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 (iki yüz əlli) manat dəyərində olan 02 (iki) ədəd samovar-çaynik dəstini, hər biri 10 (on) manat dəyərində olan 02 (iki) ədəd qaz açarını, hər biri 05 (beş) manat dəyərində olan 02 (iki) ədəd çəkici, hər biri 06 (altı) manat dəyərində olan 02 (iki) ədəd kəlbətini, hər biri 01 (bir) manat dəyərində olan 36 (otuz altı) ədəd kabab üçün şişləri, 05 (beş) manat dəyərində olan ağac budamaq üçün 01 (bir) ədəd qayçını, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd bıçaq itiləmə alətini, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd dəmir fırçanı, hər biri 01 (bir) manat dəyərində olan su kranı üçün 02 (iki) ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışdır.
2. Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir.
3. Həmin hökmdən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməyərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qərardan məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən talanmış əmlaklarının dəyəri olan 28204 manat məbləğində vurulmuş zərərin əvəzinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonunun Əsrik kəndində qeydiyyatdadır və Kəlbəcər rayonundan məcburi köçkündür. Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmışdır. Şamaxı rayonu, Çuxuryurd kənd sakini Cavabdeh 2021-ci ilin noyabr ayında Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisindəki vaqondan ona məxsus hər biri 2,5 m uzunluğunda, 50-63 sm diametrli, hər bir metri 6,50 manat dəyərində SSRİ istehsalı 500 ədəd dəmir borunu (turba), 32 mm diametrli rezin materiallarından, hər metri 05 manat dəyərində olan 300 metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərriki 288 manat dəyərində olan 1 ədəd çalaqazan aparatı, ”STEEL”markalı, Almaniya istehsalı mühərriki 700 manat dəyərində olan 1 ədəd odundoğrayanı (motopila), 10 mm diametrli, 1 bükümdə, hər metri 0,65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu,150 mm diametrli paslanmayan materialdan hər biri 150 manat dəyərində olan 4 ədəd su kranını, 100 mm diametrli paslanmayan materialdan hər biri 100 manat dəyərində olan 5 ədəd su kranını, 40 mm diametri olan paslanmayan materialdan hər biri 50 manat dəyərində olan 10 ədəd su kranını,”MOSA” markalı İtaliya istehsalı benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 1 ədəd 6,5 kilovatlıq işıq generatorunu, dəmir materialdan 3 metr uzunluğunda 50 manat dəyərində olan 1 ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 manat dəyərində olan 10 ədəd beli (lopatka), Almaniya istehsalı əl ilə işləyən, hər biri 150 manat dəyərində olan 2 ədəd toxumsəpəni, Almaniya istehsalı olan, hər biri 50 manat dəyərində olan 4 ədəd kərkini, Almaniya istehsalı, əl ilə işləyən 120 manat dəyərində olan 1 ədəd çalaqazanı, Almaniya istehsalı, 80 manat dəyərində 1 ədəd dəmir yabanı, İsrail istehsalı 25 mm diametrli yanmayan materialdan 3 xəttli, hər metri 6 manat dəyərində olan 200 metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində 1 ədəd tah (buksir üçün) Almaniya istehsalı əl ilə işləyən 140 manat dəyərində toxumsəpən beli, əl ilə yığılmış, 300 manat dəyərində 1 ədəd manqalüstü odun sobasının, hər biri 200 manat dəyərində, 2 ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı, hər biri 25 manat olan 2 ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 manat dəyərində olan 2 ədəd samovar-çaynik dəstini, hər biri 10 manat dəyərində olan 2 ədəd qaz açarını, hər biri 5 manat dəyərində olan 2 ədəd çəkici, hər biri 6 manat dəyərində olan 2 ədəd kəlbətini, hər biri 1 manat dəyərində olan 36 ədəd kabab üçün şişləri, 5 manat dəyərində olan ağac budamaq üçün 1 ədəd qayçını, 2 manat dəyərində olan 1 ədəd bıçaq itiləmə alətini, 2 manat dəyərində olan 1 ədəd dəmir fırçanı, hər biri 1 manat dəyərində olan su kranı üçün 2 ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, ona cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində maddi ziyan vurmuşdur. Ona dəymiş həmin ziyanı dəfələrlə Cavabdeh tələb etsə də, ziyanı ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, məhkəmə prosesləri zamanı mülki iddia qaldırmamışdır. Güman etmişdir ki, təqsirkar şəxs məhkəmə zamanı könüllü olaraq ona dəymiş zərəri ödəyəcəkdir. Lakin əksinə, həmin şəxs özünü təqsirli hesab etməyərək, hökmdən apellyasiya, sonra isə kassasiya şikayəti vermişdir. Buna baxmayaraq, hər iki instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı aid əraziyə qanunsuz daxil olaraq, tamah niyyəti ilə 28204 manat məbləğində əmlakını talamaqla, iddiaçıya ziyan vurmuşdur. Cavabdeh törətdiyi cinayət əməlinə görə məhkəmə hökmü ilə məhkum edilmiş və hazırda iddiaçı mülki mühakimə icraatı qaydasında cavabdehdən cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edildiyindən, iddiaçının həmin şəxsə qarşı 28204 manat pul tələbi qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, bu iddianı qəbul etməmiş və bu barədə etirazını Şamaxı Rayon Məhkəməsinə təqdim etmişdir. Lakin məhkəmə onun əsaslandırılmış etiraz və ərizəsinə məhəl qoymamışdır. Hətta bu səbəbdən Şamaxı Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə rəsmi qaydada əsaslandırılmış etiraz etmiş, lakin məhkəmə etirazı baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərməmişdir. Məhkəmə özü isə etiraza rəsmi münasibət bildirməmişdir. İddia tələbini təmin edən məhkəmə qətnaməsi tamamilə əsassız və qanusuzdur. Belə ki, iddia ərizəsində qeyd olunan əmlakları oğurlamamışdır. Əgər həmin əşyaları o oğurlasaydı, həbs olunmalı idi. Digər tərəfdən iddiaçı özü də qeyd edir ki, Kəlbəcər rayonundan məcburi köçkündür, bütün hər şeyini orada qoyub Şamaxıya gəlib. Belə olan halda iddia ərizəsində qeyd olunan əmlakların onda ola bilmə ehtimalı yoxdur. Çünki heç yerli sakinlərdə bu qədər yüksək qiymətli olan kənd təsərrüfatı və məişətdə işlədilən əmlaklar yoxdur. Hesab edir ki, mülki iddiaçı birinci göstərilən əmlakların onun özünə məxsus olmasını sübut etməlidir. Lakin iddiaçı iddia ərizəsində qeyd edilən əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını göstərməmişdir. Qeyd edir ki, əksər hallarda səhhətinin (əsəblərinin) pozulması səbəbindən məhkəmə və digər istintaq orqanları ilə bütün proseslərdə ötkəm danışdığı üçün ona azadlığın məhdudlaşdırılması cəzası verilib. O, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində sağ əlindən güllə yarası almış və nəticədə 3-cü qrup əlillik dərəcəsi almışdır. Sağ əli demək olar ki, işləmir. Dəfələrlə birinci instansiya məhkəməsinə ərizə və etirazında bildirib ki, yalnız sol əli ilə o ağır əmlakları gecə vaxtı təkbaşına apara bilməz. O, çətinliklə yeriyir. Həkim məsləhətinə əsasən ona 5 kq-dan artıq yük götürmək olmaz. Həkim məsləhətinə çox ciddi əməl edir. Azərbaycan vətəndaşı olaraq 44 günlük Vətən Müharibəsində iştirak etmiş, yaralansa da sonadək döyüşmüşdür. Digər tərəfdən o, heç kəsin əmlaklarını oğurlamamış və bu hal istintaq yolu ilə də sübut edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsində səhhəti ilə əlaqədar iştirak etməmişdir. Göründüyü kimi məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmamış, iş üzrə mübahisəli əmlakların iddiaçıya məxsus olmasını dəqiqləşdirmədən, habelə onun hər hansı əmlak oğurlamamasını nəzərə almadan əsassız iddianı təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, idda ərizəsində qeyd olunanları qəbul etmir. O, iddiaçının qeyd etdiyi əmlakları oğurlamamışdır. Əgər belə bir hal olsaydı, ona daha ağır cəza verilərdi. Digər tərəfdən iddiaçı cinayət işi üzrə icraat zamanı belə bir iddia tələbi irəli sürməmişdir. Hökmlə təyin edilən cəza müddətinin bitməsinə yaxın ona qarşı hazırkı iddia tələbi irəli sürülmüşdür. O, 28000 manat dəyərində iddia olunan əmlakları təkbaşına heç bir halda daşıya bilməzdi. Hökmdə göstərilən məbləğdə əmlakları onun təkbaşına apara bilməsi ağlabatan deyildir. Qeyd olunan məbləğin ondan tələb edilməsi onun əsassız şəkildə yüklənməsinə səbəb olacaqdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 122/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
14. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır; Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətlərindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
19. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cinayət əməli nəticəsində (qanuni qüvvədə olan hökm əsasında) dəymiş ziyanın tələb edilməsi barədədir.
22. Araşdırılan işin faktiki hallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)- 8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir. Həmin hökm yuxarı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh Konstontinoviç tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq İddiaçı icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamışdır.
24. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, mövqeyini aşağıdakı şəkildə əsaslandırır
25. Apellyasiya instansiya məhkəməsi işin halları və hər iki tərəfin təqdim etmiş olduğu dəlillərə münasibətdə qeyd edir ki, cavabdehin cinayət hadisəsi törətməsi, onun cinayət əməli üzrə təqsirli bilinərək barəsində hökm çıxarılması və həmin hökmə əsasən maddi ziyan vurması işin mübahisəsiz halıdır və bu barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur. Qeyd olunan əməli cavabdehin törətməməsi ilə bağlı qeyd edilməlidir ki, bu məsələ artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz hüquqi həllini tapmışdır.
26. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
28. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)
29. MM-nin 1096.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) kimi təsbit edilmişdir.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MM-in sözügedən maddəsi zərərvuranın davranışını təqsirin növlərinə görə (qəsd və ya ehtiyatsızlıq) ayırmadan təqsirin olmasını zərərçəkənə zərər vurulması əsası kimi yetərli saymışdır. Başqa sözlə, zərərin vurulması halında növündən asılı olmayaraq təqsirin olması kifayət edir ki, zərər çəkən şəxsin zərər vurandan ona dəymiş maddi ziyanı tələb etmək hüququ yaransın. Bu zaman zərər vuranın özünə zərər dəyib-dəyməməsi də heç bir əhəmiyyət kəsb etmir, çünki, bu hal qarşı tərəfə vurulmuş zərərin həcminin artıb azalmasına təsir etmir.
31. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya sonda bildirir ki, şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin oğurluq cinayət əməli nəticəsində iddiaçıya tələb olunan həcmdə maddi zərər vurduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və MPM-in 82.4-cü maddəsinə əsasən həmin hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.
32. Beləliklə yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.