Məhkəmə qərarları › İş №2(105)-757/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-757/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-757/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin uyğunluğu – rüsumun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(012)- 3398/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq məhkəmə kollegiyası İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və 17500 manat əsas borc, 3537,25 manat faiz borcu, 51,5 manat cərimə borcu olmaqla, cəmi 21088,75 manat borcun və ödənilmiş 154 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3398/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 17500 manat əsas borc, 2994,33 manat faiz borcu, 0,67 manat cərimə borcu olmaqla, cəmi 20495 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(012)-3398/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Cavabdeh qərardaddan şikayət vermişdir.

6. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(012)-3398/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2(012)-3398/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Səbəb kimi apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödəmək əvəzinə Bakı Apellyasiya Məhkəməsinin hesabına ödəməyini göstərilmişdir. Qeyd olunan dövlət rüsumunun ödənilməsi istifadəsində olan telefona quraşdırılmış ABB tətbiqi vasitəsi ilə ödədiyi üçün onun geri qaytarılması qeyri-mümkündür. Onun tərəfindən telefonuna quraşdırılmış ABB tətbiqi vasitəsi ilə ödənilmiş dövlət rüsumunun geri qaytarılması və ya pul vəsaitinin geri qaytarılması mümkün olmadıqda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 77 manat dövlət rüsumunun Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına transfer edilməsi üçün Azərbaycan Beynəlxalq Bankı ASC-yə ərizə ilə müraciət etmiş, lakin bankdan ona verilən məlumatda ödənilmiş 77 manat dövlət rüsumunun transferinin hazırda qeyri-mümkün olduğu və pulun yenidən qaytarılması üçün isə məhkəməyə müraciət etməyi ona tövsiyə edilmişdir. Belə ki, bankdan ona izah etdilər ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumları bir başa olaraq dövlət büdcəsinə yönəldilir və bu vəsaitin məhkəmə qərarı olmadan geri qaytarılması qeyri-mümkündür. Bu səbəbdəb apellyasiya şiakyətinin verilməsi üçün ödənilmiş pulun bir başa dövlət büdcəsinə ödənildiyi üçün onun geri qaytarılması üçün bir başa məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bunun üçün ona 2-3 ay vaxt lazım olacaqdır. Bu onun hüquqlarının pozulmasına və lüzümsuz vaxt itkisinə səbəb olacaqdır. Əlavə olaraq bu ona vətəndaş olaraq əlavə xərclər çəkməyinə səbəb olacaqdır. Bu isə tam olaraq prosessual qənaət prinsipinə ziddir.

b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz və vəsatət verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə aşağıdakı məbləğlərdə rüsum ödənilir. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdikdə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməsi tələb olunurdu. Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023cü il tarixli, 2(012)-3398/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

12. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. İş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3398/2022 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış və apellyasiya şikayətinin verilməsi üçün 05 yanvar 2023-cü il tarixli ödənişin təyinatı və xidmətin istifadəçisi kimi Bakı Apellyasiya Məhkəməsi qeyd edilmişdir.

14. Birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3398/2022 nömrəli qətnaməsindən ödənilmiş dövlət rüsumunun təyinatının düzgün ödənilməyi əsası ilə geri qaytarılmışdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur.

16. Kollegiya yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan səbəblərdən apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(012)- 3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar