Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-757/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı “Caucasus İndustrial X13 LTD” Məhdud Məsulıyyətli Cəmıyyətinin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(060)-51/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı özünə məxsus DONGFENG RİCH 6 markalı avtomobilə və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə dəymiş maddi ziyan olaraq, ümumilikdə 17435 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh 18 yanvar 2023-cü il tarixdə 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində idarə etdiyi Mercedes-Benz E230 minik markalı **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almaq texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobil və tikiliyə bitişik AUX markalı 2 motorlu 2 ədət kondisionerlə, eləcə də, digər şəxsə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyat hadisələrinə dair işlər üzrə şöbədə müvafiq təhqiqat aparılmış, lakin iş üzrə zərərçəkmiş şəxs X1, hazırki iş üzrə Cavabdeh ilə barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rəd edilməsi və Ə.Balacanov barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehin hüquqa zidd, təqsirli hərəkəti ilə iddiaçıya məxsus avtomobilə və kondisionerlərə ziyan vurması faktı yuxarıda qeyd edilən təhqiqat materialı və qərarla öztəsdiqini tapmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki,"xxxx" MMC-nin 26 yanvar 2023cü il tarixli dəymiş zərərin qiymətləndirmə aktına əsasən Dongfeng Rich 6 markalı avtomobilə 14760 manat dəyərində və xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən sütün tipli AUX markalı kondisionerə 2675 manat dəyərində, ümumilikdə iddiaçıya 17435 manat (14760+2675=14435) dəyərində maddi ziyan dəymişdir. Həmin zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, vurulmuş maddi ziyan bugünədək ödənilməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 15.02.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür.
5. "xxxx" MMC-nin tərtib etdiyi 26 yanvar 2023-cü il tarixli dəymiş zərərin qiymətləndirmə akta əsasən Dongfeng Rich 6 markalı avtomobilə 14760 manat dəyərində ziyan dəymişdir.
6. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Akta əsasən sütün tipli AUX markalı kondisionerə 2675 manat dəyərində maddi ziyan dəymişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8247 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı, “Dongfeng Rich 6” markalı, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14459 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ümumi məbləği təxminən 4235 manat müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(060)-51/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobilə dəymiş zərərə görə 14459 manat və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə dəymiş maddi ziyan olaraq 2675 manat, ümumilikdə 17134 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manatın Cavabdeh tutularaq X4 müxbir hesabına köçürülməsi (Kod:210005,VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************), iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi və 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097 və 1108-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 217.3 və 217.4, 77.1, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(060)-51/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilən hissədə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi dərindən araşdırmadan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. O, 18 yanvar 2023-cü il tarixdə, saat 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-c kilometrində idarə etdiyi Mercedes-Benz E 230 minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” AR qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını ala bilməyərək, qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobilə və tikiliyə bitişik AUX markalı 2 motorlu 2 ədəd kondisionerlə, eləcə də, digər şəxsə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə şöbədə müvafiq təhqiqat aparılmış, lakin iş üzrə zərərçəkmiş şəxs X5 onunla barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi və barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qarara alınmışdır. "xxxx" MMC-nin 26 yanvar 2023-cü il tarixli dəymiş zərərin qiymətləndirmə aktına əsasən Dongfeng Rich 6 markalı avtomobilə 14760 manat dəyərində və Newcond MMC-nin xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilmə haqqında Aktına əsasən sütün tipli AUX markalı kondisionerə 2675 manat dəyərində, ümumilikdə iddiaçıya 17345 manat (14760+2675=14435) dəyərində maddi ziyan dəymişdir. Məbləğ həddindən artıq şişirdilmişdir. Ekspert rəyini qəbul etmir və yenidən ekspertiza keçirilməsini istəyir. Hesab edir ki, məhkəmə qətnaməsi dəyişdirilərək iddia qismən təmin olunan hissədə ləğv edilməlidir. Çünki şişirdilmiş qiymətlərlə razı deyil. Məbləğin bu qədər şişirdilməsi ədalətli məhkəmə qatnaməsinin çıxarılmasına şübhə yaradır. İş üçün əhəmiyyətli olan hallar müəyyən olunmamış, dəyən zərər real qiymətləndirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, zərər yetirilmiş nəqliyyat vasitəsi üçüncü şəxsə satılmışdır, təqdim edilməsi mümkün deyildir, eləcə də nəqliyyat vasitəsinin sığortası olmamışdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(060)- 51/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilən hissədə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 18 yanvar 2023cü il tarixdə saat 14:00 radələrində Bakı-QubaDağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində idarə etdiyi Mercedes-Benz E230 minik markalı **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobil və tikiliyə bitişik AUX markalı 2 motorlu 2 ədət kondisionerlə, eləcə də, digər şəxsə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə müvafiq təhqiqat aparılmış, iş üzrə zərərçəkmiş şəxs X1, hazırki iş üzrə Cavabdeh ilə barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rəd edilməsi və Ə.Balacanov barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. X9 Trade Group LTD” MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobil və tikiliyə bitişik AUX markalı 2 motorlu 2 ədət kondisionerlərə vurulmuş zərərin əvəzi ödənilmədiyindən araşdırılan iddia ilə məhkəməyə müraciət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobilə dəymiş zərərə görə 14459 manat və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə dəymiş maddi ziyan olaraq 2675 manat, ümumilikdə 17134 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
23. Məhkəmə gəlmiş olduğu nəticəyə dair mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobilə və tikiliyə bitişik sütün tipli AUX markalı kondisionerə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8247 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı, “Dongfeng Rich 6” markalı, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14459 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi haqqında Aktına əsasən “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ümumi məbləği təxminən 4235 manat müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin İddiaçı MMC-yə məxsus Dongfeng Rich 6 markalı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən edərkən ekspert rəyini əsas götürməyi məqsədəuyğun sayır. Göründüyü kimi “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ümumi məbləği təxminən 4235 manat müəyyən olunmuşdur. İddia tələbinin təmin edilən hissəsi iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edilə bilməz. Ona görə də iddia tələbi “AUX” markalı iki ədəd kondisionerə dəymiş zərərin ödənilməsinə dair hissədə təmin edilməli, məhkəməmühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır.
24. Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
26. Göründüyü kimi apellyasiya şikayətinin dəlili olaraq apellyator vurulmuş zərərin məbləğini mübahisələndirmiş, iş üzrə təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir.
28. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyator vurulmuş zərərin məbləğini mübahisələndirsə də mübahisələndirmə faktına dair konkret əsasları göstərməmiş, əldə edilmiş ekspert rəyinin şübhə doğurması ilə bağlı dəlilini təsdiq edən heç bir sənəd şikayətə əlavə edilməmişdir.
29. Kollegiyası hesab edir ki, apelyatorun şikayətin dəlili olaraq mübahisələndirdiyi fakt heç bir sübuta əsaslanmamaqla, formal mülahizədir.
30. Qeyd olunmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə kollegiyası tərəfindən təklif olunsa da, cavabdeh tərəf izahat verməkdən başqa şikayətin dəlillərini əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, yəni ekspert rəyi ilə müəyyən edilmiş məbləği şübhə altına ala biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
32. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərər vurulmuş avtomobil özgəninkiləşdirilmişdir.
33. Bu baxımdan, eləcə də cavabdeh tərəfindən şikayətin dəlillərini, təkrar ekspertiza təyin edilməsi zərurətini əsaslandıra biləcək hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, kollegiya hesab etmişdir ki, iş üzrə təkrar ekspertizanın təyin edilməsinə əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən vurulmuş zərərin miqdarının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə yekun məhkəmə aktı qəbul edilməmişdir.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(060)-51/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.