Məhkəmə qərarları › İş №2(105)-758/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-758/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-758/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(067)-754/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(067)-754/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh debitor borc üzrə 127,4 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 561,60 manat məbləğində maddi ziyanın, 127,40 manat debitor borcun, cəmi 689 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, X8 İstismar İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərə baxış keçirilərkən Cavabdeh sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində 561,60 manat ziyan dəymişdir. Bundan başqa, istehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödənilməməsi nəticəsində cavabdehin 127,4 manat borcu da yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilmədiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etdikdə, qazpaylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı işçiləri sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə halını aşkar etdiklərindən qanunvericiliyə uyğun hərəkət etmişlər. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan diskə yazılmış video çəkiliş və foto şəkillər qiymətləndirilməmişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir. Belə ki, abonentin evində sayğacdan kənar xətt 03.09.2020-ci il tarixdə aşkarlanmışdır və bir il iki aydan sonra, yəni 01.10.2021-ci il tarixdə ekspertin həmin xətti müəyyən etməsi mümkün deyildir. Digər tərəfdən, “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin tələbinə əsasən qaz paylayıcısı tərəfindən qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmış və ləğv edilmişdir. Bu barədə dəymiş ziyanın bərpasına dair tələbnamənin 1-ci qrafasında birbaşa göstəriş də vardır. Ləğv edilmiş sayğacdan kənar xəttin ekspert tərəfindən bir il iki ay keçəndən sonra müəyyən edilməsi mümkün deyildir. İş materiallarından da göründüyü kimi, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etmişdir. Sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi barədə tərtib edilmiş akta qarşı tərəf heç bir irad bildirmədən imza etmiş, bununla da öz təqsirini etiraf etmişdir. Həmçinin Cavabdeh Xaçmaz xidmət sahəsi üzrə rəis müavininin adına yazılı iltizam verərək ona hesablanmış 561,60 manat ziyanla tam razı olduğunu, ödənişdən imtina etdiyi təqdirdə qanun qarşısında cavab verəcəyini bildirmişdir. Bu səbəbdən də cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01.06.2012-ci il tarixli, 15728 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03.09.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evə baxış keçirilən zaman sayğacsız qeyriqanuni rezin şlanq birləşməsi vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29.09.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən ev üzrə (abonent kodu **********12740) itirilmiş qazın sərfiyyatı 5616 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən ev üzrə (abonent kodu **********12740) akta görə borc 561,60 manat təşkil edir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, 561,60 manat maddi ziyanın, 127,40 manat debitor borcun, cəmi 689 manat borcunun 5 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2021-ci il tarixli, 10/4351 nömrəli rəyindən görünür ki, baxış zamanı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evinə doğru çəkilmiş polad borulu qaz xətlərindən başqa, digər kənar xəttin vasitəsilə hər hansı qoşulma halı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi dəymiş ziyan tələbinə aid hissədə iddianı təmin etməyərkən iş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2021-ci il tarixli, 10/4351 nömrəli rəyinin əsas sübut kimi nəzərə alınmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01.06.2012-ci il tarixli, 15728 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşdən görünür ki, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 03.09.2020-ci il tarixli, ******* nömrəli akta əsasən Cavabdeh yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evə baxış keçirilən zaman sayğacsız qeyri-qanuni rezin şlanq birləşməsi vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2021-ci il tarixli, 10/4351 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evinə doğru çəkilmiş polad borulu qaz xətlərindən başqa, digər kənar xəttin vasitəsilə hər hansı qoşulma halı aşkar edilməmişdir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspertin iştirakı ilə baxış keçirilərkən Cavabdeh yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evinin həyətyanı sahəsini əhatə edən tökmə betondan olan hasara bitişik polad borulu qaz xətlərinin çəkildiyi müəyyən edilmişdir. Həmin hasara yerdən diametri 20 mm olan polad borulu qaz xətti çıxır. Çıxışın ucunda bir ədəd qaz kranı vardır. Kranın digər ucunda olan borunun sonluğu açıqdır, qaz sayğacı yoxdur. Qaz xəttinin yeraltı hissəsinin 20 mm-lik boru hissəsi 40 mm-lik boru xəttinə birləşdirilmişdir. Sonradan isə qaz xəttinin torpaq örtülü yolun kənarı ilə kolluğun içərisi ilə çəkilmiş diametri 57 mm olan ana qaz xəttinə doğru çəkilmişdir. Baxış zamanı diametri 40 mm olan boru xətti ana xəttindən ayrılmış vəziyyətindədir. Baxış zamanı göstərilən qaz xətlərindən başqa digər kənar qaz xəttinin çəkildiyi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2021-ci il tarixli, 10/4351 nömrəli rəyini sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan foto şəkillə Cavabdeh yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evdə təbii qazdan sayğacdan kənar istifadə olunduğunu müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təbii qazdan sayğacsız istifadə olunması sübuta yetirilmədiyindən dəymiş ziyan tələbinə aid hissədə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(067)-754/2021 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar