Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-758/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-977/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 123937 manat borc və 413,93 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 123937 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyim 413,93 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın bir şəxsin vasitəsi ilə tanıdığı Cavabdeh 2022-ci ilin oktyabr ayında pula ehtiyacının olduğunu bildirərək ondan 130000 manat məbləğində borca pul istədi. Cavabdeh ilə 19 oktyabr 2022-ci il tarixdə Siyəzən rayon dövlət notariat ofisində kredit müqaviləsi bağlamış və Cavabdeh 130000 manat məbləğində pul borc vermiş və Cavabdeh həmin pul məbləğini 19 oktyabr 2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Borca pulu ona görə vermişdir ki, onun Xaçmaz şəhərində kommersiya obyektinin olduğunu bilmiş və hesab etmişdir ki, Cavabdeh iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan müddət ərzində tam şəkildə qaytaracaqdır. Lakin, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı Cavabdeh ilə 25 oktyabr 2023-cü il tarixdə Siyəzən rayon dövlət notariat ofisində müqaviləyə düzəlişə dair müqavilə bağlamış və əvvəlki müqaviləyə dəyişiklik edilməklə borcun qaytarılması müddətinin 19 oktyabr 2024-cü il tarixədək uzadılması ilə bağlı razılığa gəlmişlər. Cavabdeh iddiaçıya olan borcundan çıxılmaq şərtilə 2023-cü ilin oktyabr ayı ərzində 3947 manat dəyərində malları 30 faiz endirimlə yəni, 2763 manata İddiaçı vermiş və həmçinin cavabdeh ona məxsus bank kartına 2024-cü ilin may-avqust ayları ərzində 3300 manat ödəniş etmişdir. Qeyd olunanlardan başqa cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdehin ona ödənilməmiş 123937 manat borcu qalmışdır (130000 - (3300+2763) = 123937). İddiaçı dəfələrlə cavabdehdən pulu geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ona borclu olduğu 123937 manat pul alınaraq iddiaçıya verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmin məbləği ona faizlə vermiş və verilən məbləğin demək olar ki, 80000 manatını ona geri qaytarmışdır. Yəni 8 ay hər ay 10000 manat olmaqla iddiaçıya ödəniş etmişdir. Buna görə də hazırda onun iddiaçıya qətnamədə göstərilən məbləğdən xeyli az borcu qalmışdır. O, Ofeliyanı tanımır, heç bir qohumluq, tanışlıq əlaqəsi yoxdur. Yəni insan tanımadığı adama heç bir təmənna güdmədən o qədər pul verməsi ağlabatan deyil. Buna görə də hesab edir ki, göstərilən qətnamə ləğv edilməlidir. Hesab edir iddiaçı ilə onun arasında bağlanmış əqd etibarsız əqddir. Çünki əqdin məzmunu aralarında olan danışıqdan fərqlidir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia ərizəsinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları düzgün araşdırmamışdır. Məhkəmə təqdim edilmiş sübutları düzgün tədqiq etməmiş, qətnamənin çıxarılması üçün əsas olmayan mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının özü də onunla hansı etibarlı münasibətlərinin olmasını və ona nəyə görə böyük məbləğdə borc verməsini əsaslandıra bilməmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsində sübutlara düzgün qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnaməni mübahisələndirərək, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd olunanlara əsasən hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Siyəzən rayon dövlət notariat ofisində kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. İşdən görünür ki, iddiaçı mövcud kredit müqaviləsinə əsasən cavabdehə 130.000 manat pul verdiyini və sonuncunun ona həmin məbləğdən 6063 manat qaytarmaqla, yerdə qalan 123937 manat məbləğində pulu qaytarmadığını, cavabdehsə həmin pulun 80.000 manatını 8 ay hər ay 10.000 manat verməklə ödənildiyini bildirərək, iddiaya etiraz edir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə pulu cavabdehə verdiyini sübut etdiyi halda, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-758/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-758/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver