Məhkəmə qərarları › İş №2(105)-760/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-760/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-760/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadı ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilib, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilmişdir. İddiaçı şikayət verib, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 833 (səkkiz yüz otuz üç) manat 44 (qırx dörd) qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin apelyasiya şikayəti qətnamənin icarsının uzadılması məqsədi daşısa da, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat velilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılması səbəblərini üzrlü hesab edib bərpa etdikdə hesab etmişdir ki, qeyd olunan qətnamənin surəti Cavabdeh sifarişli məktub ilə xx xxxx 2020-ci tarixdə təqdim edilmişdir. Lakin qətnamənin alınması barədə sənəddə olan imza ilə apelyasiya şikayətinin verilməsi barədə ərizədə olan imzalar fərqlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikasə MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisn hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)- 1004/2020 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə Cavabdeh göndərilmiş, xx xxxx 2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə, məhkəmənin qətnaməsinin surəti rəsmi qaydada alınmışdır. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinin mənasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməklə çatdırıla bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehə rəsmi qaydada verilmiş hesab edilir. Həmin hal cavabdeh tərəfindən mübahisələndirilmir və işin mübahisəsiz halıdır. Apelyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarının 40-cı səhifəsinə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh uzun müddətdir Sumqayıt şəhərində yaşayır. Bundan başqa ölkə ərzisində müəyyən edilmiş karantin rejimi, ailə vəziyyəti, övladının birinin həqiqi hərbi xidmətdə olması, digərinin hərbi səfərbəyliyə çağırılması ona və ailə vəziyyətinə çətinlik verməsi səbəbindən apelyasiya şikayətini vaxtında verə bilməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan, öz vəzifə səlahiyyətlərinə aid olmayan və mübahisələndirilməyən bir halı əsas götürüb, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx xxxx 2020-ci il tarixdən başlanmışdır. Lakin cavabdehin apelyasiya şikayəti və qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi xx xxxxxx 2020-ci il tarixdə Quba Rayon Məhkəməsinə daxil olmuşdur. X2 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, məhkəmənin qətnaməsini aldıqdan sonra cavabdeh tərəfindən apelyasiya şikayəti 1 ay müddətində deyil, 4 ay 17 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apelyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən İddiaçı verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini bərpa etdikdə işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadlar ləğv edilməli, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1004/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar