Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-760/2025 13.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh-vərəsə Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh-vərəsə Cavabdeh kredit müqaviləsi üzrə 6711,98 manat əsas borc, 4039,05 manat faiz borcu, 100 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 45,25 manat əldən çıxmış fayda olmaqla cəmi 10896,28 manat (on min səkkiz yüz doxsan altı manat iyirmii səkkiz qəpik) manat məbləğində borcun və 98,40 (doxsan səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdeh-vərəsə Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 6Y-4-0-1487-21 saylı kredit müqaviləsi üzrə 6711,98 manat əsas borc, 4039,05 manat faiz borcu, 3679,65 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45,25 manat əldən çıxmış fayda olmaqla cəmi 14475,93 manat məbləğində borcun və 133,43 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 (cavabdehin atası) xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20,3%-lə 36 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2024-cü il avqustun 30-dək X3 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6711,98 manat əsas borc, 4039,05 manat faiz borcu, 14718,59 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 45,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25514,87 manat borcu yaranmışdır. X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 14718,59 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 3679,65 manat məbləğində tələb olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3498/2022 saylı qərardadına əsasən müəyyən olunmuşdur ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci ill tarixdə verilmiş 2V-313, xx.xx.2022-ci il tarixdə verilmiş 2V-93 və xx.xx.2022-ci il tarixdə verilmiş 2V-144 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh mərhum atasından miras qismində müəyyən pul vəsaiti və avtomobil çatmışdır. Bununla əlaqədar Cavabdeh mərhum atasının kredit borcuna görə cavabdeh qismində cəlb edilmişdir. Lakin, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qəbul edilən miras payı həcmində azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Yəni, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar... Birinci instansiya məhkəməsi ona keçən aktivlərin (əmlakın və pul vəsaitlərinin) bankın tələb etdiyi borc məbləğindən az olmasına dair heç bir araşdırma aparmamışdır. Hesab edir ki, ona miras olaraq keçmiş əmlakın dəyəri məhkəmə tərəfindən ekspertiza təyin olunaraq qiymətləndirilməli və borc məbləği vərəsə olaraq qəbul etdiyi miras dəyərində azaldılmalıdır. Ona görə də Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin qəbul edilən miras payı həcmində azaldılmasını xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh verdiyi apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin onun qəbul etdiyi miras payı həddində azaldılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş həcmi azaldılmaqla dəyişdirilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, 6-Y-4-0-1487-21 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X4 illik faiz dərəcəsi 20,3% olmaqla 3 il (36 ay) müddətinə 7000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci ildə Bank tərəfindən məhkəmədə X1na qarşı kredit borcu tələbinə dair iddia qaldırılmış, iddia ölmüş şəxsə qarşı verildiyindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3498/2022 saylı qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Bankın araşdırması zamanı mərhum Çingiz Səmədzadədən qalmış mirasın oğlu Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən olunmuş və İddiaçı ASC tərəfindən cavabdeh-vərəsə Cavabdeh ünvanına mərhum atasına aid borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, daha sonra ona qarşı məhkəmədə hazırkı iddia tələbi irəli sürülmüşdür. İş materiallarından həmçinin görünür ki, Abşeron Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-313 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V- 93 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-144 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərə əsasən Cavabdeh mərhum X3 vərəsəsi (övladı) kimi müvafiq olaraq VAZ-21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2004-cü il il) minik avtomobili, 209,57 manat və 1948,21 manat məbləğlərdə pul vəsaitindən ibarət miras əmlak almışdır. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi cavabdeh-vərəsə Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6711,98 manat əsas borc, 4039,05 manat faiz borcu, 100 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 45,25 manat əldən çıxmış fayda olmaqla cəmi 10896,28 manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İddiaçı ASC tərəfindən mərhum X4 aid kredit borcunun onun vərəsəsi (cavabdeh) Cavabdeh tələb olunmasını qanuni və bu baxımdan iddianın cavabdeh-vərəsə Cavabdeh qarşı irəli sürülməsini əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir; 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmçinin, Mülki Məcəllənin: 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; 500.2-ci maddəsinə görə, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır; 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur; 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir; 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar; 509.3-c Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir; 510-ci maddəsinə əsasən, əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Apellyasiya baxışı zamanı Cavabdeh izahatından məlum olmuşdur ki, mərhum atasının ondan başqa daha 3 vərəsəsi (həyat yoldaşı və digər 2 övladı) olmuş, valideynləri birgə nikah dövründə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində anasının adına sənədləşdirilmiş fərdi yaşayış evinə sahib olmuşlar, anası da vəfat etmiş, həmin evdə hazırda qardaşı yaşayır. Cavabdeh həmçinin bildirmişdir ki, əgər iddiaçı tərəf mərhum atasının banka olan əsas borcunu imkanına uyğun olaraq hissə-hissə ödəməsi üçün ona qrafik verərsə, həmin borcu ödəməyə etiraz etmir. İstinad edilən qanun normalarına əsasən Cavabdeh və mərhum atasının digər vərəsələri iddiaçı qarşısında birgə borclular olmuşlar, iddiaçının isə öz arzusuna görə borcu həm onların hamısından, həm də ayrılıqda birindən tələb etmək hüququ olmuşdur. İddiaçı da tələbi cavabdeh-vərəsə Cavabdeh qarşı irəli sürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar... Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar... Vərəsələr borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən vərəsələrə qarşı irəli sürülə bilər. Vərəsələrin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə isə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Apellyasiya şikayətindən göründüyü kimi, Cavabdeh iddiaçı qarşısında özünü yalnız qəbul etdiyi miras payı həcmində borclu hesab edir, ondan bütün borcun tələb edilməsi və tutulması ilə razılaşmır. Həmin dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı iş üzrə miras notarius tərəfindən siyahıya alınmamışdır. Digər tərəfdən, işin faktiki hallarından görünür ki, mərhum borcludan miras qalan əmlak təkcə cavabdehin qəbul etdiyi pul vəsaitləri (cəmi 2157,78 manat məbləğində) və minik avtomobilindən (internet bazasında olan elanlara görə, 2004-cü il buraxılışı olan VAZ-21074 markalı avtomobillərin satış qiymətləri texniki vəziyyətindən asılı olaraq 3000-4000 manat civarındadır) ibarət olmamış, onun ər-arvadın birgə mülkiyyətində payı olan fərdi yaşayış evi digər vərəsənin (vərəsələrin) sahibliyinə keçmişdir. Qeyd edilənlərə əsasən, miras qoyanın borclarının mirasdan çox olduğu barədə cavabdehin dəlili təsdiqini tapmır və qəbulolunmazdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən borcun məbləği artıq hesablanmışdır. Belə ki, qeyd olunduğu kimi, X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ona qarşı xx.xx.2022-ci ildə məhkəmədə kredit borcu tələbinə dair iddia qaldırılmış, iddia ölmüş şəxsə qarşı verildiyindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)- 3498/2022 nömrəli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan məlum olur ki, iddia qaldırılan ərəfədə mərhum X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6711,98 manat əsas borcu, 910,13 manat faiz borcu, 285,74 manat cərimə borcu hesablanmışdır. Bankın məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi onu ehtiva edir ki, o, tərəflər arasındakı kredit müqaviləsini vaxtından əvvəl ləğv edir və həmin vaxtadək hesablanmış borcun ödənilməsini tələb edir. Mülki Məcəllənin 421-ci maddəsinə müvafiq olaraq, müqavilənin ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi (müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etdiyi) təqdirdə, həmin anadək kredit borcu müqavilə şərtlərinə uyğun, sonrakı dövr üçün isə vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzi kimi (gecikdirilmiş vaxt üçün əsas borcun illik beş faizi həcmində) hesablanmalıdır. Beləliklə, iddiaçı birinci dəfə xx.xx.2022-ci ildə məhkəmədə iddia qaldırıb verdiyi kredit məbləğinin və həmin vaxtadək hesablanmış digər borcların (faiz, cərimə) tam qaytarılmasını tələb etməklə kredit müqaviləsini qeyd edilən vaxtdan ləğv etmişdir. Müqavilə ləğv edilənədək borcalanın 6711,98 manat əsas borcu və 910,13 manat faiz borcu olmuşdur. Bundan sonrakı dövrə iddiaçı müqavilə faizini tətbiq edə bilməzdi. Lakin iddiaçı növbəti dəfə iddia qaldıranadək ümumi qaydada faiz hesablanmasını davam etdirmiş və xx.xx.2024-cü il tarixədək faiz borcu 4039,05 manat olmuşdur. Halbuki, birinci iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixdən ikinci iddia ərizəsinin verildiyi xx.xx.2024cü il tarixədək iddiaçı borcludan əsas borc məbləğinin illik 5%-i hesabı ilə vurulmuş zərərin (əldən çıxmış faydanın) əvəzini tələb edə bilərdi ki, həmin zərər əvəzi də qeyd olunan dövr (2 il 5 ay) üçün 811,03 manat təşkil edir. Göründüyü kimi, iddiaçı faiz borcunu 3128,92 manat artıq hesablamışdır, baxmayaraq ki, onun əvəzinə 811,03 manat məbləğdə vurulmuş zərər hesablamalı idi... Birinci instansiya məhkəməsi cərimə məbləğini 100 manat həddində saxlamışdır ki, məhkəmə kollegiyası həmin məbləğdə cəriməni ağlabatan və cavabdehin maddi imkanına, habelə iddiaçının əmlak mənafeyinə uyğun hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş məbləğinə aid hissədə dəyişdirilməli, iddiaçının xeyrinə cavabdehvərəsədən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6711,98 manat əsas borc, 910,13 manat faiz borcu, 100 manat cərimə borcu və 811,03 manat vurulmuş zərərin əvəzi olmaqla cəmi 8533,14 manat kredit borcu, habelə 56,70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan onun tərəfindən, eyni zamanda həmin qətnamə ilə iddianın təmin olunmuş ümumi məbləğinin apellyasiya qaydasında azaldılan hissəsi beş min manatdan az olduğundan həmçinin İddiaçı ASC tərəfindən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh-vərəsə Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6711,98 manat əsas borc, 910,13 manat faiz borcu, 100 manat cərimə borcu və 811,03 manat vurulmuş zərərin əvəzi olmaqla cəmi 8533,14 manat (səkkiz min beş yüz otuz üç manat 14 qəpik) məbləğində kredit borcunu və 56,70 manat (əlli altı manat 70 qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini təşkil edən pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-744/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-760/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-760/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver