Məhkəmə qərarları › İş №2(105)-762/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-762/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-762/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-1744/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-1744/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı müalicəsi ilə bağlı çəkilən xərclərə görə 73,82 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-1744/2020 saylı qətnaməsininin dəyişdirilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, qonşusu Cavabdeh2 və onun oğlanları Cavabdeh1 və X4 xx xxxx 2020-ci il tarixdə, Quba rayonu, Qırız kəndində təxminən saat 18:00 radələrində onun həyətində onu və 2005- ci il təvəllüdlü oğlu-X1 yerə təhqir edib döymüşlər. Onlar 102 xidmətinə zəng vuraraq polisə şikayət etmişlər. Etdikləri şikayət nəticəsində Quba Rayon Polis şöbəsində araşdırma aparılmış, aparılmış araşdırmanın nəticəsində cavabdehlər barəsində xx xxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara qəbul edilmişdir. Həmin qərarda cavabdehlərin barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün məhkəməyə göndərilməsi qeyd edilmişdir. Cinayət içinin başlanmaısının rədd edilməsi ilə bağlı qərarda ona vurulmuş xəsarətlərlə bağlı ekspertiza keçirilmiş, ekspertizada onun sol gözünün buynuz qişasının zədələnməsi qeyd edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(027)-515/2020 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400( dörd yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(027)-517/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, cavabdehlər ona xəsarət yetirdiklərinə görə məhkəmənin qərarı ilə təqsirli bilinmişlər. Faktiki olaraq o, hal-hazırda müalicə alır və sol gözü tamamilə görmə qabiliyyətini itirmişdir. Xəstəxana xərclərinin sığorta tərəfindən qarşılanmasına baxmayaraq, yol və müalicə üçün gərəkli olan dərman preparatlarının alınması yetəri qədər vəsait tələb edir. Bu hadisədən sonra o, 8 dəfə xəstəxanaya “Niva” markalı maşına 120 manat, “Uaz’ markalı maşına isə 250 manat gediş-gəliş haqqı ödəmişdir. Müalicə ilə bağlı olaraq o hələ də gedib gəlməlidir. Yetəri qədər gəlir mənbəyi yoxdur. Həmin hadisədən sonra müalicəsinə və yol xərclərinə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Ona görə də, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci tarixdən hal-hazıra kimi, sol gözünün zədələnməsinə görə müalicəyə çəkilmiş xərcin (ziyan) və bundan sonra gözünün müalicəsi ilə bağlı çəkəlicək xərclərin, həmçinin cavabdehlərin təqsirli əməlləri nəticəsində sol gözünün buynuz qişasının aşınması ilə əlaqədar olaraq görmə qabiliyyətini itirdiyinə görə hər ay 300 manat məbləğində aliment və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 30 manat hüquqi yardım xərcinin və ona vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia ərizəsinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehlərin təqsiri üzündən baş vermiş inzibati xəta haqqında hadisədə iddiaçının səhhətinə cüzi ziyan dəyməsi iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2008-ci il tarixli TƏEK-ə göndəriş vərəqəsinin surətindən müəyyən edilir ki, İddiaçı sol gözündə görmə qabiliyyətinin olmaması səbəbindən əlillik əlamətlərinin olması ilə bağlı vaxtından qabaq yenidən yoxlanma aparılmışdır. Bu isə ona dəlalət edir ki, İddiaçı Pirrnəzər oğlunun sol gözündə görmə qabiliyyəti ilə bağlı problem hələ 2008-ci il tarixdə mövcud olmuşdur. Ona görə də, iddia tələbi 73 manat 82 qəpik məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(027)- 515/2020 saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3 (027) -517/2020 saylı qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan reseplərdən görünür ki, İddiaçı müxtəlif zamanlarda dərmanlara cəmi 73,82 manat pul ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2008-ci il tarixli TƏEK-ə göndəriş vərəqəsinin surətindən görünür ki, xəstə İddiaçı sol gözündə görmə qabiləyətinin olmaması ilə bağlı əlillik əlamətlərinin olması ilə bağlı vaxtından qabaq yenidən yoxlanma aparılmışdır. xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Quba rayon MTE və PA şöbəsindən İddiaçı barəsində verilmiş xx.xx.2020ci il tarixli, 320 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onun bədəni üzərində sol gözün buynuz qişasının cüzi zədələnməsi, sol əlin baş barmağının arxa səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər və yetirilmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı qismən vurduğu zərərin əvəzinin tutulması barədə iddia ərizəsini qismən təmin etməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsini apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-1744/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar