Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-767/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak və ya pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-390/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli, NK-1/812,817 nömrəli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş və İddiaçı maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
2. CD diskdə olan səs yazısından görünür ki, Cavabdeh qızıl-zinət əşyalarını pul müqabilində saxlanca qoyduğunu etiraf ermişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızılzinyət əşyalarının və ya həmin qızıl-zinyət əşyalarının dəyəri olan 3521 manat pulun alınaraq iddiaçıya qaytarılması və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 56 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən mobil telefonların alış-satışı ilə məşğul olan cavabdehi 13 ilə yaxındır ki, tanıyır. 2024-cü ilin yanvar ayının əvvəllərində cavabdeh iddiaçıya zəng edərək maddi cəhətdən çətinliyi olduğundan ona borc pul verməyini, həmin pul məbləğini 2024-cü ilin mart ayında qaytaracağını bildirmişdir. İddiaçı cavabdehə inandığı üçün ona məxsus olan 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarını təklif edərək həmin qızılları lombarda qoyub pul götürə biləcəyini təklif etmişdir. O, qızılları 2024-cü ilin mart ayınadək qaytaracağını bildirmişdir. İddiaçı həmin qızılları onun işlədiyi mağazada ona təhvil vermişdir. Cavabdeh iddiaçıya məxsus qızılları lombarda girov qoyaraq ilkin olaraq 2000 manat pul götürmüş, 20 gündən sonra qızılları həmin lombarddan götürərək başqa lombarda qoyaraq yenidən 2000 manat pul götürmüşdür. 2024-cü ilin mart ayında iddiaçıya məxsus olan qızıl-ziynət əşyalarının qaytarılması ilə bağlı cavabdehə telefon vasitəsilə zəng vurmuşdur. Cavabdeh qısa müddətdə qızılları qaytaracağına dair söz vermişdir. Lakin uzun müddət keçsə də, cavabdeh götürdüyü qızılları geri qaytarmamışdır. İddiaçı dəfələrlə onun yaşadığı ünvanda olsa da, ondan qızılları qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh əvvəllər buna imkanı olmadığını, ilk imkanda qaytaracağını bildirsə də, son zamanlar ümumiyyətlə ona borclu olduğunu inkar edir. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyərək qızıl-zinyət əşyalarını geri qaytarmır. Cavabdehin iddiaçıya 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarının qaytarılmalı olması onunla aralarında olan səs yazısı və şahidlərin ifadələri ilə təsdiq olunur. İddiaçı cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli NK-1/812,817 nömrəli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-390/2025 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd edib ki, araşdırma zamanı, müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus olan 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarını müvəqqəti olaraq ondan almış, sonra həmin əşyaları özü lombarda qoyub pul götürmüşdür. Bir müddət sonra cavabdeh əşyaları lombardan çıxarıb iddiaçıya qaytarmalı olduğu halda bunun etməmişdir. İddiaçı cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsədə, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bundan sonra iddiaçı Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli NK-1/812,817 nömrəli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edib ki, Cavabdeh ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-zinət əşyalarının və ya həmin qızıl-zinət əşyalarının dəyəri olan 3521 manat alınaraq İddiaçı ödənilməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8.2, 152.1, 157.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-390/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. İşdə olan Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli NK-1/812,817 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdehin ümumiyyətlə iddiaçıya borcu olması ilə bağlı hər hansı etirafı yoxdur. İddiaçı iddia edir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində cavabdeh iddiaçıya zəng edərək maddi çətinliyi olduğundan ona borc pul verməyini, həmin pul məbləğini 2024-cü ilin mart ayında qaytaracağını bildirmişdir. O, da cavabdehə inandığı üçün özünə məxsus olan 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarını təklif edərək həmin qızılları lombarda qoyub pul götürə biləcəyini təklif etmişdir. Sonradan isə həmin əşyalar iddiaçıya qaytarılmamışdır. Məhkəmə həmin qızılların hansı lombarda qoyulmasını, qızılların əyarını, çəkisini araşdırmamışdır. Yalnız iddiaçının iddiada qeyd etdiyi 35,21 qram çəki və 3521 manatla razılaşmışdır. Halbuki məhkəmə bütün bunları araşdırmalı idi. Çünki qətnamədə ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-zinət əşyaları və ya həmin qızıl-zinət əşyalarının dəyəri olan 3521 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət olunub. Hesab edir ki, mülki işə apellyasiya məhkəməsində baxılarkən bütün bu hallar araşdırılmalıdır. Cavabdehin iddiaçıya iddiaçının tələb etdiyi məbləğdə borcu yoxdur və həmin çəkidə qızıl götürməyib. O, iddiçıya 2500 manat pul ödəyib və bunu təsdiq edən şahid X1r. Lakin məhkəmə həmin şəxsin dindirilməsinə şərait yaratmamışdır. Hesab edir ki, mülki işə apellyasiya qaydasında baxılarkən həmin şahidin dindirilməsi təmin olunmalı və ədalətli qətnamə qəbul olunmalıdır. İşdə olan səs yazılarından da görünür ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı danışıqlar var. Lakin cavabdeh iddiaçıya bildirir ki, həmin qızılların heç 2000 manat dəyəri yoxdur. Yəni qızılların çəkisi 35,21 qram olmayıb. Bu yalnız iddiaçının tələbidir. Bu barədə iddiaçı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməyib. Tərəflər arasında olan səs yazısı ilə bu öz təsdiqini tapmır. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. İşdə olan “sübutlar”la kifayətlənmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh onun tanışı olmaqla telefon mağazasında satıcı işləyirdi. O əvvəllər cavabdehdən telefon aksessuarları, mobil telefon almışdır. Cavabdeh bir dəfə ona maddi cəhətdən çətinliyi olduğunu bildirmiş və ona maddi kömək etməsini xahiş etmişdir. O da, pulunun olmadığını, amma qızıl əşyalarını verə biləcəyini bildirmişdir. Bundan sonra cavabdeh ona məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymuşdur. Cavabdeh ondan aldığı qızıl-zinət əşyalarını söz verdiyi vaxta qaytarmamış, tələb etdikdə isə müxtəlif vasitələrlə qızıl-zinət əşyalarını qaytarmaqdan yayınmış, daha sonra ümumiyyətlə borcu olduğunu inkar etmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-390/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. İddia tələbi verilmiş qızıl-zinət əşyalarının-olmadığı təqdirdə isə onların dəyərinin cavabdehdən alınıb verilməsi barədədir.
19. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər əvvəllər tanışlıq münasibətində olmuşdur. Bu münasibətlərdən istifadə edən cavabdeh iddiaçıdan borc pul istəmiş, sonuncu da pulu olmadığından özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə lombarda qoyub qarşılığında pul götürməsi məqsədi ilə vermişdir. Cavabdeh sözügedən əşyaları iddiaçıdan götürərək, lombarda qoymuş və əvəzində öz maddi ehtiyaclarını təmin etmişdir. Sonradan isə iddiaçı qızılları geri istədikdə, cavabdeh həmin əşyaları qaytarmaqdan yayınmışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, iddianı təmin edən məhkəmə qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
20. İddiaçının qızıl-zinyət əşyaları ilə bağlı tələbi üzrə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir.
21. Kollegiya qeyd edir ki, bu xarakterli mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır.
22. Apellyasiya şikayətinin dəlillərini qəbul etməyən kollegiya öz mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
23. Hazırkı halda apellyasiya şikayətinin yeganə dəlili qızıl zinət əşyalarının çəkisi və dəyəri ilə bağlıdır. Belə ki, digər arqumentlər məhz bu hissədə qızıl-zinət əşyasına uyğun pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlıdır.
24. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qızıl-zinət əşyalarının dəyərini, çəkisini və s .mübahisələndirməklə dolayısıyla tərəflər arasında həmin əşyalarla bağlı bu və ya digər şəkildə münasibətlərin mövcudluğunu etiraf etmişdir.
25. İş materiallarının təhlili nəticəsində həm də təsdiq olunur ki, iddiaçı vermiş olduğu qızıl-zinətin tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehə həmin əşyaların qaytarılması barədə şifahi müraciətlər etmiş, bu barədə telefon danışıqları olmuş, lakin sonda heç bir nəticəsi olmamış, əksinə cavabdeh hər dəfə müxtəlif arqumentlər və ya bəhanələr gətirməklə öhdəliyini icra etməkdən yayınmışdır.
26. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.
27. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya hazırkı iş üzrə təqdim edilmiş telefon danışıqlarını əks etdirən diskin qanuni əsaslarla əldə edilibedilməməsinə, sübut kimi qiymətləndirilməsinə, habelə həmin məlumatların əsassız olubolmamasına da xüsusi əhəmiyyət verilmişdir.
29. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixlui Qərarında qeyd edilmişdir ki, “qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
31. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.
32. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
33. Kollegiya məsələnin həllinə göstərilən kontekstdən yanaşaraq, iş materiallarına əlavə edilmiş (iddiaçı tərəfin təqdim etdiyi) “CD” diskə iddiaçı tərəfin iştirakı dinləmə keçirməklə əlaqəli şəkildə müqayisəli təhlilini aparmışdır. Dinlənilmə zamanı cavabdeh “mən sənin qızıllarını verəcəydim, düzdü?, bundan sonra sənə verəcək heç nəyim yoxdur, nə zamin durmusan bilmirəm, qızılları da gedib özün çıxararsan. İddiaçı sual olaraq, sən mənim qızıllarımı hara qoymusan? deyə sorşduqda, cavabdeh qızıllarının yerini deyəcəm deyə cavab vermişdir.....”
34. Beləliklə, şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-390/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.