Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-768/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və «xxxx» MMC-yə qarşı əlavə tələbə dair tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və «xxxx» MMC-yə qarşı əlavə tələbə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim A.M.Süleymanova). Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh və «xxxx» MMC-yə qarşı əlavə tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, sm 4385 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1071,83 manat, cərimə borcuna görə 500 manat olmaqla, cəmi 1571,83 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı” ASC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2013-ci il tarixli, sm4385 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəlikləri vaxtında icra etməmişdir. İddiaçı "xxxx” ASC tərəfindən cavabdeh MMC-ya qarşı borcun tutulması tələbinə dair 2014-cü il tarixində müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9137/2014 saylı qətnaməsinə əsasən cavadbeh Cavabdeh və "xxxx” MMC-dan xx.xx.2013-ci il tarixli kredit müqaviləsi üzrə 2290 AZN məbləğində əsas kredit borcu, 277 AZN faiz AZN məbləğində pul və 30 manat ödənilmiş döv1ət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsində göstərilən məbləği hissə-hissə icra edərək xx.xx.2012-ci il tarixində tam ödəmişdir. Bununla müəyyən olunur ki, borclu Cavabdeh və “xxxx” MMC qətnamə üzrə borcunu vaxtında icra etməmiş və bu səbəbdən 2667 AZN əvəzinə Bankın əldə edəcəyi fayda əlindən çıxmışdır. Yəni Bank borclular tərəfindən ödənilməli olan həmin vəsaiti öz fəaliyyətinə uyğun olaraq kredit şəklində başqa şəxslərə verə bilər və həmin vəsaitin əvəzində xeyli miqdarda gəlir qazana bilərdi. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər üsulla gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğində faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan əlavə, sübut etməyə ehtiyac yoxdur ki, Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş ana qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor dizər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməini tələb etmək hüququna malikdir. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. xx.xx.2013-ci il tarixli, sm4385 saylı kredit müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, “Müqavilənin müddəti bitdikdən sonra müştəri kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi əlavə olaraq illik (aylıq) 2 (iki) qat hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi qaydada icra etməlidirlər.Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanını vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual huquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə Bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, şikayətin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9137/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçıASC-nin cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı “kredit borcunun və kredit üzrə hesablanmış fazilərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və “xxxx” MMCdən xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı istehlak kredit müqaviləsi üzrə kredit borcuna görə 2290 manat, faiz borcuna görə 277 manat, 100 manat, cəmi 2667 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə yaranmış borcun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və icra olunmuşdur. Hazırda isə iddiaçı sözügedən məhkəmə qətnaməsi icra olunduğu vaxtadək cavabdehlərə həmin kredit müqaviləsi üzrə davamlı olaraq faiz və cərimə hesablamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə, kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır (Mülki Məcəllənin 424.2-424.3-cü maddələri). Müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır (Mülki Məcəllənin 443.2, 449.1-ci maddələri). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (Mülki Məcəllənin 449.1-ci maddəsi). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia iddiaçı tərəfindən müvafiq sübutlarla sübut yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. İddiaçının dəlilləri iş materialları ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-768/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-768/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver