Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-770/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-270/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh 4.457,81 manat əsas, 59,07 manat faiz borcu olmaqla, cəmi 4.516,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,17 manat pul və 0,40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən, iddiaçının xeyrinə BPM**********77 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.457,81 manat əsas, 59,07 manat faiz borcu olmaqla, cəmi 4.516,88 manat məbləğində kredit borcunun, ödənilmiş 65,17 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şamaxı” filialı ilə X6 arasında bağlanmış BPM**********77 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X5 48 ay müddətinə 24 faiz dərəcəsi ilə 5.700 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2096 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh 247 nömrəsi vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli, reyestrdə 2V426 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X4 BPM**********77 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4.457,81 manat əsas, 59,07 manat faiz borcu olmaqla, cəmi 4.516,88 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası mərhum X7 xx.xx.2018-ci ildə Azərbaycan Beynəlxalq Bankı Şamaxı filialından 1-ci qrup əlillik pensiyası ilə kredit götürmüşdür. Kredit götürülən zaman mərhum X6 ağır hemodializ xəstəliyindən və eyni dərəcədə şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Bununla belə, bank tərəfindən sığorta tətbiq edilməmişdir. Beləliklə verilən kreditin sığortalanması üçün hər hansı bir addım atılmamışdır. Halbuki kredit 3 dəfə restruktrizasiya olunub və həmin müqavilələr restruktrizasiya olunan zaman atası İ qrup əlil idi. Müqavilələr restruktrizasiya olunan zaman atasında fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının 4.4.2-ci bəndinə əsasən sığorta olunanlar siyahsında mütləq dərəcədə olmalı idi. Amma Bank bu qaydalara riayət etməmiş, atasının götürdüyü krediti sığorta etməmişlər. Atası xx.xx.2020ci il tarixdə ölmüşdür. Belə olan təqdirdə həmin kreditin ondan tələb olunması tamamilə qanunlara ziddir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ondan tələb etdiyi borc məbləğ ilə ona çatan miras payı arasında çox boyük bir fərq vardır. Ona çatan miras əmlakın miqdarı heç 2000 manat miqdarında da deyildir. Bununla bağlı ekspertiza keçirilərək bu hal tam müəyyən oluna bilər. Yəni, Cavabdeh çatan miras payı göstərilən borcdan çox aşağı miqdardadır. Həmçinin hüquqi əsas kimi göstərilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələri sırasında məhz, vərəsəlik ilə bağlı olan maddələr deyil, zaminlik ilə bağlı olan maddələr ön planda götürülmüşdür. Onu da qeyd etmək istəyir ki, Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 270/2024 nömrəli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası tam şəkildə təmin edilmişdir. Buna etiraz olaraq bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixində qəbul etdiyi vərəsəlik Şamaxı Rayon Məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi başqa bir bankda girov statusunda olan qızıl-zinət əşyalarını götürmək istəməyi olmuşdur ki, həmin girov müqabilində girovu qəbul edən bank tərəfindən 1350 AZN kredit ayrılmışdır. Qızılın miqdarı isə qətnamədə göstərildiyi kimi 32 qram təşkil etmişdir. Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 270/2024 nömrəli qətnaməsi ilə həmin 32 qram qızıl zinət əşyalarını varis kimi qəbul etdiyinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşısında qaldırdığı 4516,88 manat məbləğində borcun tam şəkildə ödənilməsinə qərar verilmişdir. Lakin qətnamənin qəbul edilməsində hüquqi əsas kimi göstərilən Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, həmçinin Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunub ki, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar”. Məhkmə mütləq sığorta olunmalı kredit müqaviləsinin sığorta olunmaması halına diqqət yetirməmiş, bu halı araşdırmamışdır. Eyni zamanda miras pay həcmində məsuliyyəti müəyyən olunmalı olduğu halda bütün pul artıq hesablanmış qızılın dəyəri üzrə ondan tutulması qanunsuzluqdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni X6 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi, X6 vəfat etdikdən sonra Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etməsi və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əsaslandırmış, Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şamaxı” filialı ilə X6 arasında BPM**********77 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşdən görünür ki, Cavabdeh bu halı mübahisələndirməmiş, yalnız miras payı həcmində məsuliyyət daşımalı olduğunu və sığorta olunmalı kredit müqaviləsinin sığorta olunmadığını qeyd etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Şamaxı filialının xx.xx.2021ci il tarixli 12-02/107 saylı arayışına əsasən 32,27 qram qızıl-zinət əşyalarından ibarətdir. İşin araşdırılmış hallarından göründüyü kimi iddiaçı ilə Gülmalı Əmrahov arasında kredit müqaviləsi bağlanmış, Gülmalı Əmrahov xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Cavabdeh 32,27 qram qızıl-zinət əşyaları miras olaraq qəbul etmişdir. Birinci instansiya məhkəməsi 32,27 qram qızıl-zinət əşyalarının dəyərini iddia tələbi həcmində müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, internet informasiya resurslarından əldə edilmiş məlumata əsasən hazırkı dövrdə bir qram qızılın ölkədə rəsmi məzənnəsi təxminən orta hesabla 113 manat təşkil edir. Bu halda 32,27 qram qızılın dəyəri (32,27x113)=3646,51 manat təşkil edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qəbul etdiyi miras əmlak (miras aktivi) 3646,51 manat təşkil etdiyindən, ödənilməli əsas borcu yalnız miras aktivi həcmində ödənilməsinə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası 3646 (üç min altı yüz qırx altı) manat 51 (əlli bir) qəpik məbləğində əsas borcun tutulmasını məqsədəuyğun hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, ödənilməli olan əsas borcun məbləği 3646 (üç min altı yüz qırx altı) manat 51 (əlli bir) qəpik müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin və əsas borc 3646 (üç min altı yüz qırx altı) manat 51 (əlli bir) qəpik məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-770/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-770/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver