Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-771/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: təbiətə dəymiş ziyan - pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli ibarət tərkibdə məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 yanvar 2022-cü il tarixli, 2(067)-242/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-447/2022 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)-1098/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)-1098/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
2. İddiaçı 16 may 2022-ci il tarixli, 67597 nömrəli aktdan görünür ki, Cavabdeh Xaçmaz rayonu Bay oba kənd yolunun kənarında olan yaş, bioloji inkişafda olan ağacı icazə sənədi olmadan qanunsuz olaraq kəsmişdir.
3. İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
4. 16 may 2022-ci il tarixli, 67597 nömrəli akta əsasən ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın heablanması barədə cədvəldən görünür ki, Cavabdeh ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulmuş ziyan 330 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 330 manat məbləğində pulun 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xaçmaz rayonu Bay oba kənd yolunun kənarında olan yaş, bioloji inkişafda olan ağacı icazə sənədi olmadan qanunsuz kəsməsi faktı müəyyən edilmiş, cavabdehin hüquqazidd əməli inzibati xəta haqqında qərar ilə təsdiqini tapmışdır. Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan məbləği 330 manat təşkil edir. Ziyanın könüllü ödənilməsi barəsində xəbərdarlıq edilməsinə baxmayaraq cavadeh ziyan məbləğini ödəməmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin 13 yanvar 2022-cü il tarixli, 2(067)-242/2023 nömrəli qətnaməsi ilə (hakim A.Sadiqov) iddia təmin edilib, Cavabdeh 330 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Bank hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təbiətə dəymiş ziyan cavabdehin qanunsuz əməli nəticəsində baş verdiyindən o, mülki hüquq məsuliyyəti daşıyır və 330 manat ziyan barədə iddia tələbi əsaslıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2, 77.1 və 2174-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin çıxarışından da görünür ki, albalı ağacları əkilmiş hissə ona məxsus xüsusi pay torpağı sahəsinə aiddir və orada əkilmişdir. xx.xx.2022-ciil tarixli A847939 saylı torpağın mülkiyyətinə dair verilmiş çıxarış əsasında torpaq sahəsi ölçülmüş və ona məxsus pay torpağının uzunu 312,3 m, digər tərəfdən 311,6 m olduğu müəyyən olunub ki, həmən albalı ağacları onun sahəsinə düşür. Qanunverciliyin tələbinə əsasən pay torpağı, həyətyanı, xüsusi torpaq toxunulmazdır. Vətəndaşın həmin torpaqdan istədiyi kimi istifadə etmək hüququ var. Məhkəmənin sanksiyası olmadan xüsusi əmlaka müdaxilə qadağandır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
13. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, budamış (kəsmiş) olduğu ağaclar özünə məxsus olan torpaq sahəsindədir. Torpaqdan istədiyi kimi istifadə etmək onun səlahiyyətindədir. Kəsmiş olduğu ağaclar onun torpaq sahəsinin hüdudları daxilindədir. Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri ona qərəzli olaraq protokol yazmışlar. Məhkəmə vaxtı vəkili onu düzgün müdafiə etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.1-ci bəndinin mənasına görə bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.
18. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1ci maddəsinin mənasına görə “ yaşıllıqlar” dedikdə şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədənisağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli, 173 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağackol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları”nın 4-cü bəndinin tələblərinə görə bu qaydalar meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinə şamil edilir və onun tələblərinin yerinə yetirilməsi həmin torpaqların istifadəçiləri və icarəçiləri üçün məcburidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 13 yanvar 2022-cü il tarixli, 2(067)-242/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbinin mahiyyətindən görünür ki, tələb təbiətə (ekologiyaya) vurulmuş ziyanın tələb edilməsi barədədir.
23. Mövcud mübahisə üzrə iddiaçı mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
24. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
25. Nəzərə alınmalıdır ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
27. Bu baxımdan ziyanın ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
28. Öyrənilən mülki işin faktiki hallarından belə aydın olur ki, İddiaçı 16 may 2022-ci il tarixli, 67597 nömrəli aktına əsasən Cavabdeh Xaçmaz rayonu Bayoba kənd yolunun kənarında olan yaş, bioloji inkişafda olan ağacı icazə sənədi olmadan qanunsuz olaraq kəsmişdir. Bu barədə Cavabdeh barəsində AR İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-447/2022 nömrəli inzibati xəta haqqında qərarına əsasən Cavabdeh Xaçmaz rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)- 1098/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)-1098/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
29. 16 may 2022-ci il tarixli, 67597 nömrəli akta əsasən ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması barədə cədvəldən görünür ki, Cavabdeh ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulmuş ziyan 330 manat müəyyən edilmişdir.
30. Ziyan məbləğinin ödənilməsinə dair cavabdehə yazılı və şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən də, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir.
31. Qeyd olunmalıdır ki, cavabdehin delikt törətməsi nəticəsində təbiətə vurulmuş ziyana görə cavabdehin mülki məsuliyyət daşıması işin müəyyən edilmiş haldır və bu barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur. Lakin cavabdeh qeyd olunan ağacların onun torpaq sahəsində yerləşməsini bildirərək, iddiaya etiraz edir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
33. Belə ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
34. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqazidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqazidd əməl arasında səbəbli əlaqə olmalıdır.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
36. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)
37. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
38. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 yanvar 2022-cü il tarixli, 2(067)-242/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.