Məhkəmə qərarları › İş №2(105)-778/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-778/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-778/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(012)-1620/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh İMEİ kodu **********42053 olan Samsung Galaxy A50 markalı telefon üçün 726 manat ödənilməmiş hissə, 72 manat cərimə pulu və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 828 manat borc məbləğinin tutulub “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı «xxxx» MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********42053 olan Samsung Galaxy A50 markalı telefon üçün 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu, ümumilikdə 798 (yeddi yüz doxsan səkkiz) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 828 (səkkiz yüz iyirmi səkkiz) manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********42053 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 798 (yeddi yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 758 (yeddi yüz əlli səkkiz) manat (yəni 6 ay x 121 manat + 32 manat ilkin ödəniş) İMEİ kodu **********42053 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 798 (yeddi yüz doxsan səkkiz) manat borc olmaqla, ondan 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 218 (iki yüz on səkkiz) manat cərimə pulu, (1,21 manat x 180 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 72 (yetmiş iki) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 32 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əhmədov X2 rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə düzgün qəbul edilməmiş, işin halları araşdırılmamışdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəliklərinin olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İş üzrə iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, 06 aya 121 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ kodu **********42053 olan Samsung Galaxy A50 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh İMEİ kodu **********60588 olan Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 32 manat ödəniş etmiş, nəticədə onun aldığı İMEİ kodu **********42053 olan Samsung Galaxy A50 markalı telefon ümumilikdə 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu təşkil etmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli çıxarış məlumatlarından görünür ki, mobil telefona texniki baxış zamanı aşkar edilmişdir ki, cihaz mexaniki təsir nəticəsində əyilib, istehsalçı zəmanətindən azaddır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra edərək müqavilə ilə müəyyənləşdirilmiş əşyanı cavabdehə vermiş, lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyinə görə “xxxx” MMC qarşısında müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə məsuliyyəti yarandığını əsas gətirərək müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsindən ötrü iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmiş, cavabdeh həmin nəticəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1 maddəsi). Maddənin məzmununa görə öhdəliyin predmeti pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətlərdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd etmək lazımdır ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, həmin müqavilə üzrə cavabdehin ödəməli olduğu pulu ondan tələb etməkdə haqlı olmuşdur. Cavabdeh krediti ödəməməyinin əsası kimi zəmanət talonuna istinad etmiş, iddiaçı isə bunun əsası kimi cihazın mexaniki təsir nəticəsində əyildiyi üçün zəmanətdən azad olunduğunu göstərmişdir. Bu mənada məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan, yuxarıda qeyd olunan maddənin tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar