Məhkəmə qərarları › İş №2(105)-778/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-778/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-778/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(060)-7273/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(060)-7273/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3015,6 manat əsas bоrc, 1301,59 manat faiz bоrcu olmaqla, ümumilikdə 4317,19 (dörd min üç yüz on yeddi manat, 19 qəpik) manat borc və ödənilmiş 63,17 manat dövlət rüsumunun əvəzi tutulması, ödənilmiş dövlət rüsumunun 18,18 manat hissəsi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamədən cavabeh Cavabdeh1 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(060)-7273/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardadda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daxil olmuş apellyasiya şikayətində cavabdehin tələbinin nədən ibarət olması müəyyən deyildir. Apellyasiya şikayətində tələb və tələbin əsası kimi şəkillər əlavə edilmiş, həmin şəkillərin nədən ibarət olması məlum deyildir. Apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası xahiş edilsə də, bununla bağlı vəsatət apellyasiya şikayətinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası cavabeh Cavabdeh1 daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(060)- 7273/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bundan sonra, cavabdeh qərardadda qeyd edilən qüsurları aradan qaldırmaqla məhkəməyə təkrar apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadda Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasının xahiş edildiyini göstərməklə yanlışlığa yol vermişdir. Belə ki, həmin apellyasiya şikayətinin nə müddət ötürülməklə verildiyi, nə də prosessual müddətin bərpasının xahiş edildiyi iş materialları ilə müəyyən olunmur. Lakin buna baxmayaraq, Cavabdeh1 ikinci dəfə apellyasiya şikayəti verərkən, apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Birinci instansiya məhkəməsi isə həmin ərizəyə münasibət bildirmədən və hüquqi qiymət vermədən işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyasına İddiaçı QSC-nin nümayəndəsi elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə müraciət edərək apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d i: Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, e-2(060)-7273/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar