Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-780/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi sübetetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Akif oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 (sonuncu məhkəmə iclasında iştirak etmir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-153/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1989-cu ildə, ünvan 2 ünvanında qeydiyyatdadır.
2. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən cavabdehlə X2 arasında nikah xx.xx.2016-cı il tarixində, Sumqayıt Nikah evində bağlanmışdır.
3. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Mən Cavabdeh öz izahatımla bildirirəm ki, mənim Saray qəsəbəsində Tərlan şadlıq sarayını arxasında olan 3 otaqlı tikdirdiyim evi, 2 otağının, dəhlizin pulunu, suvağını və 1 otağını ağartmışdım. Digər təmirləri imkanım olmadığı üçün saxlamışdım. Su, qaz kanalizasiya və işıq xəttini özüm çəkdirmişəm. Qapı və pəncərələri özüm, damını özüm vurdurmuşam. Ancaq 2016-cı ildə X2 ilə ailə qurarkən onun anası, mənim qaynanam İddiaçı mənim evimi öz şəxsi vəsaiti ilə tam təmir elətdirmiş, kombi çəkdirmiş, darvaza qoydurmuş və toydan əvvəl mənə iki min manat pul vermişdi. O pulun 450 manatını qaytarmışan. Hal-hazırda anam xəstə olduğu üçün yenidən iki min manat borc pul alıram və söz verirəm ki, aldığım borcları tam geri qaytaracam”. Əlyazmanın aşağı hissəsində cavabdehin ad və soyadı qeyd edilmiş və imzalanmışdır. Tarix “xx.xx.2020” kimi göstərilmişdir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə verən X5 bildirmişdir ki, cavabdehlə “Karvan” ticarət mərkəzində birgə işləyirlər. İddiaçının bir neçə dəfə ticarət mərkəzində görmüşdür. Təxminən 2-3 dəfə ayrı-ayrı vaxtlarda cavabdeh ona 100 manat, 200 manat, 10 manat məbləğlərində pul vermiş və bildirmişdir ki, həmin pulu qayınanası gəlib ondan götürəcək. Pulun nə məqsədlə verildiyini cavabdehdən soruşmamış və bu barədə məlumatı olmamışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, cavabdehlə birlikdə “Karvan” ticarət mərkəzində işləyirlər. İddiaçını tanımır. Cavabdehin ona pul verməsini görməmişdir. Sadəcə olaraq cavabdeh ondan 2-3 dəfə 100 manat, 50 manat və 150 manat məbləğlərində borc pul götürüb. Səbəbini cavabdehdən soruşduqda isə qaynanasına verəcəyini bildirmişdir. Cavabdeh onun özündən pulu borc olaraq təxminən 1 il öncə alıb və qaytarıb.
6. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/2426 nömrəli ekspert rəyində Abşeron rayonu, Saray qəsəbəsi, 3 sot torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin təmirinə orta bazar qiymətlərinə uyğun təqribən 13500 manat məbləğində pul vəsaitinin xərcləndiyi qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 21513 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızı ilə 2016-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və 1 övladı vardır. Cavabdehin adında Abşeron rayon Saray qəsəbəsində 3 sota yaxın torpaq sahəsi olmuş və o, həmin torpaq sahəsi üzərində 3 otaqdan ibarət tikili tikmiş, lakin təmir işləri aparmamışdır. Qızının toy ərəfəsində cavabdeh iddiaçıya bildirmişdir ki, onun maddi imkanı aşağıdır və həmin evdə şərait yaratmaq üçün ona pul lazımdır. Həmin işlərin aparılmasında ona maddi yardım etdikdən sonra cavabdeh pulu iddiaçıya yavaş-yavaş qaytaracaqdır. İddiaçı ona inanaraq həmin tikiliyə tikinti materialları almaq üçün hər dəfə 1500 manat olmaqla 3 dəfəyə 4500 manat məbləğində pul vermiş və sonradan o evin tavan və döşəməsinə taxtaların vurulması məqsədi ilə 3000 manat, evə emulsiya və boya almaq üçün 240 manat, havalandırıcı üçün 100 manat, kombi sistemi üçün 1450 manat, ustaya zəhmət haqqı vermək üçün 400 manat, divar kağızının alınması üçün 600 manat, kafel-metlax işlərinin görülməsi üçün 620 manat, lak və karnizlərin alınması üçün 250 manat, santexnik işləri üçün 300 manat, darvaza üçün 550 manat, hamam aksessuarları üçün 800 manat, mətbəx mebeli üçün 1350 manat, şadlıq sarayına olan borcunun və qızıla qalan borcun ödənilməsi üçün 3803 manat, əlavə də anasının xəstəliyi və toyqabağı xərclərin qarşılanması üçün ümumilikdə 4000 manat pul almış və bu puldan 450 manat qaytarmışdır. Sonradan iddiaçı cavabdehdən ondan aldığı və evinin təmirinə çəkilmiş xərcləri qaytarmasını istəmiş, lakin o hər dəfə bir bəhanə gətirməklə aldığı pulları ona qaytarmamış və bunun müqabilində iddiaçıya 21513 manat maddi ziyan vurmuşdur. İddiaçı həmin ziyanı da cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya borclu olması barədə yazılı iltizam da vermişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-153/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 17710 (on yeddi min yeddi yüz on) manat pul və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev).
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə məxsus olan fərdi yaşayış evinin təmiri və digər məqsədlər üçün cavabdehə ümumilikdə 21513 manat borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək, həmin pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçıdan əslində 10000 manat borc pul aldığını və həmin pulu qaytardığını bildirir. Göründüyü kimi cavabdeh iddiaçıdan 10 000 manat pulu borc olaraq aldığını etiraf etmişdir. Belə olan halda iddiaçı öz iddiasının əsaslılığını həmin hissədə sübut etmək vəzifəsindən azad edilir və həmin pulun qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda cavabdeh onun tərəfindən yazılaraq imzalandığını inkar etmədiyi yazılı iltizamda iddiaçının şəxsi vəsaiti hesabına ona məxsus olan fərdi yaşayış evini tam təmir etdirdiyini, kombi çəkdirdiyini, darvaza qoydurduğunu, toydan əvvəl ona 2000 manat pul verdiyini və iltizam yazılan vaxt yenə də iddiaçıdan 2000 manat borc pul götürdüyünü etiraf etmişdir. Məhkəmə hesab edib ki, həmin iltizama borcun etiraf edilməsi barədə müqavilə kimi baxılmalıdır. Cavabdeh yazılı iltizamda iddiaçı tərəfindən ona məxsus mənzilin təmir edildiyini etiraf etdiyindən məhkəmə tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş qiymətləndirmənin keçirilməsi üçün bir dəfə müstəqil qiymətləndiriciyə göndərilmişdir. Fərdi yaşayış evinə baxış keçirilməsi üçün şərait yaradılmadığından müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmənin aparılmasından imtina edilmişdir. Sonradan iş ekspertiza keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və ekspert fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmadığından rəy verməkdən imtina etmişdir. Məhkəmə hesab edib ki, cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmadığından cavabdehə məxsus Abşeron rayon Saray qəsəbəsində yerləşən fərdi evin təmirinə çəkilmiş xərclərin dəyəri iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən edilməlidir. İddiaçının hesablamalarına görə həmin təmir işləri üçün cavabdehə ümumilikdə 14160 manat pul vermişdir. Tərəflər arasında hər hansı hədiyyə verilməsi ilə bağlı münasibətlər olmadığı üçün məhkəmə cavabdehə məxsus evin təmirinə çəkilmiş xərcləri borc kimi qiymətləndirir və hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdeh yazılı iltizamda iddiaçıdan 2 dəfə, hər dəfə 2000 manat olmaqla, cəmi 4000 manat pul aldığını etiraf edərək, həmin puldan 450 manat qaytardığını bildirmiş və qalan məbləği qaytaracağını vəd etmişdir. İddiaçı isə cavabdehin ona 450 manat pul qaytardığını etiraf etmişdir. Məhkəmə hesab edib ki, cavabdehin qaytardığı məbləğ həmin 4000 manatdan çıxılmaqla, yerdə qalan 3550 manat təmir xərcinin üstünə əlavə edilməli və cəmi 17710 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şahid ifadələrinə gəldikdə qeyd edilməlidir ki, Rəhilə Rüstəmova cavabdehin ona təxminən 300 manat pul verdiyini və həmin pulun iddiaçı tərəfindən ondan alındığını bildirmiş, lakin pulun verilmə məqsədinin nə olduğunu bilməmişdir. Digər şahid isə cavabdehin ondan qayınanasına vermək üçün borc pul aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, həmin ifadələr ümumi xarakterli olmaqla cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılmasını təsdiq edə bilməz.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 882.1, 882.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5, 106.1, 106.2, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Həmin qətnamə ilə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci AR Mülki Məcəllənin 152, 225-ci və AR Ailə Məcəlləsinin 32, 34-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən işi dərindən araşdırmamışdır və maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, cavabdeh iddiaçıdan aldığı pulun hamısını qaytarmışdır. Həmin borcu 400, 500, 600 manat olmaqla hissə hissə ödəniş edərək qaytarmışdır. Bunu təstiq edən şahidlər var. Məhkəmə tərəfindən təşkil edən ekspertiza zamanı ekspert cavabdehlə əlaqə saxlayaraq Qarabağ bölgəsinə ezam olunması ilə bağlı getməli olduğunu bildirmişdi. Bu səbəbdən ekspertizanın keçirilməsi təxirə salınıb. Daha sonra keçirilən ekspertizanın vaxtı barədə onun məlumatı olmamışdır. İddiaçı iddia etdiyi pulla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. İltizamda 10000 (on min) manata yaxın pul götürüldüyü qeyd olunub həmin pulun çox hissəsi iddiaçıya qaytarılıb. Sonuncu dəfə aldığı 2000 (iki min) manat pulu isə anasının xəstəliyi ilə əlaqədar almışdır. Evin təmir işlərini onun tanışı olan Elşən adlı usta 600 manata həyata keçirib. Digər xərcləri də nəzərə aldıqda evin təmiri 4000 (dörd min) manata başa gəlib. Göstərilənlərə əsasən iddia rədd olunmalı idi. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-153/2022 nömrəli qətnaməsini iddianın təmin edilən hissəni mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-153/2022 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsini yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-153/2022 nömrəli qətnaməsi qismən - 660 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia rədd edilməlidir.
33. Apellyasiya kollegiyası mübahisənin mahiyyətini şərh edərək bildirir ki, iş üzrə tərəflər əvvəllər qohumluq münasibətlərində olmuşlar. Belə ki, cavabdeh iddiaçının keçmiş kürəkənidir. Hazırda iddiaçı cavabdehə məxsus olan fərdi yaşayış evinin təmiri və digər məqsədlər üçün sonuncuya ümumilikdə 21513 manat borc pul verdiyini və cavabdehin isə həmin puldan yalnız 450 manat məbləğdə borcu qaytardığını, qalan borc məbləğini isə ödəmədiyini bildirərək, həmin pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçıdan əslində 10000 manat borc pul aldığını və həmin pulu qaytardığını bildirmişdir.
34. İşə baxan məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh onun tərəfindən yazılaraq imzalandığını inkar etmədiyi yazılı iltizamda iddiaçının şəxsi vəsaiti hesabına ona məxsus olan fərdi yaşayış evini tam təmir etdirdiyini, kombi çəkdirdiyini, darvaza qoydurduğunu, toydan əvvəl ona 2000 manat pul verdiyini və iltizam yazılan vaxt yenə də iddiaçıdan 2000 manat borc pul götürdüyünü etiraf etmişdir. Həmçinin məhkəmə mübahisəli fərdi yaşayış evinin təmirinə çəkilən xərcin məbləğinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələri nəzərə alıb həmin xərc məbəğini iddiaçının hesablamalarına uyğun məbləğdə (14160 manat) müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası fərdi yaşayış evinə çəkilmiş təmir xərcinin məbləğinin müəyyən edilməsi məqsədi ilə apellyasiya icraatı zamanı bu iş üzrə 15 mart 2023-cü il tarixli qərardadı ilə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/2426 nömrəli ekspert rəyində Abşeron rayonu, Saray qəsəbəsi, 3 sot torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin təmirinə orta bazar qiymətlərinə uyğun təqribən 13500 manat məbləğində pul vəsaitinin xərcləndiyi müəyyən olunmuşdur.
36. Kollegiya tərəflər arasında yaranmış borc münasibətini müəyyən edən digər hissələrdə iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə yalnız Abşeron rayonu, Saray qəsəbəsi, 3 sot torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin təmirinə çəkilmiş xərcin məbləğinə münasibətdə qismən - yalnız 660 manat (14160-13500=660) hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia rədd edilməlidir.
37. Kollegiya bu hissədə öz mövqeyini aşağıdakı kimi əsaslandırır.
38. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
39. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
40. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
41. Göstərilənlərə əsasən kollegiya hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/2426 nömrəli ekspert rəyini mötəbər sübut növü hesab edir və həmin rəyə uyğun məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir.
42. Apellyasiya şikayətinin digər dəlilləri (pulun cavabdeh tərəfindən qaytarılması və s.) ilə razılaşmayan kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən dəlillər heç bir əsaslı sübutla əlaqələndirilməmiş, habelə həmin dəlillər əsassız olmaqla, iddia tələbinin bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz.
43. Sadalananlara əsasən kollegiya yekunda qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-153/2022 nömrəli qətnaməsi qismən - 660 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia rədd edilməlidir.
44. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.
45. Kollegiya hesab edir ki, 50 manat ekspertiza xərcinin dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-153/2022 nömrəli qətnaməsi qismən – 660 (altı yüz altmış) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) cavabdeh tərəfindən verilə bilər. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.