Məhkəmə qərarları › İş №2(105)-781/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-781/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-781/2024 31.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının direktoru Nümayəndə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)- 38/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 77020 (yetmiş yeddi min iyirmi) manat məbləğində maddi zərər, 1100 (bir min bir yüz) manat hüquqi xidmət haqqı və dövlət rüsumunun 322 (üç yüz iyirmi iki) manat hissəsi olmaqla, cəmi 78442 (yetmiş səkkiz min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitin alınıb İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X2 Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Ramy Dentaf' MMC-yə vurduğu 77020 manat məbləğində zərər, 1300 manat məbləğində vəkilə ödənilən pul və 325 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 78645 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X2 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək onun “Ramy Dental" MMC ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda, “Ramy Dental" MMC də məhkəməyə əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə ilə müraciət edərək, iddiaçı X1 iddiaçı ”Ramy Dental" MMC ilə əvəz olunmasını xahiş etmişdir. Mülki- Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizələr təmin edilərək, məhkəmə tərəfindən əsl olmayan tərəf əsl iddiaçı ”Ramy Dental" MMC ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC təsis edilərək xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli 1 saylı qərarı ilə Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh direktor kimi cəmiyyətin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə bir il müddətinə qaytarmaq şərti ilə aylıq 1500 manat xeyir verməklə 20000 manat, xx.xx.2020-ci il tarixdə yenə bir il müddətinə qaytarmaq şərtilə aylıq 1700 manat xeyir verməklə 23000 manat məbləğinə boc müqaviləsi bağlamış, həmin pulları borc verəndən qəbul edərək, şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pul vəsaitləri cəmiyyətin kassasına mədaxil olunmamışdır. Ümumiyyətlə cavabdeh belə bir müqaviləni bağlaması barədə hər hansı məlumat verməmişdir. Cavabdehin bu hərəkətlərindən yalnız tələbkar "xxxx" MMCnin “Ramy Dental" MMC-yə qarşı məhkəməyə iddia tələbi ilə müraciət edəndən sonra məlumatı olmuşdur. Belə ki, "xxxx" MMC pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 76700 manat pulun və və 320 manat ödənilmiş dövlət rüsumunun “Ramy Dental" MMC-dən tutularaq ona ödənilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Həmçinin, qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmış, bununla yanaşı qərarda “Ramy Dental" MMC-nin Cavabdeh bağladığı müqavilələrlə bağlı vurduğu ziyanı tam həcmdə tələb etmək hüququnun olması müəyyən edilmişdir. Qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh ona 77020 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh bu hərəkətləri ilə onu əlavə olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək, dövlət rüsumu ödəmək, vəkillə müqavilə bağlamaq və digər xərclər çəkmək məcburiyyətində qoymuşdur. Ona görə də cəmiyyətə dəymiş ziyanın Cavabdeh tutularaq ödənilməsini tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki məcəllənin 152.1.maddəsinin tələbini pozmuş və cavabdehə ödədiyi pul vəsaitini nəzərə almamışdır. Onun mülkiyyət hüququnu pozmuşdur. Qanunun mənasından da görünür ki, ondan pulun tələb edilməsi yalnız mübahisəli iş üzrə məhkəmə qətnaməsi qəbul edildiyi andan sonra ola bilər. Lakin məhkəmə qanunu düzgün tətbiq etməmiş və ondan ödənilməyən məbləğdə pulun tutulması təmin edilmişdir. İş üzrə təqdim etdiyi bank sənədləri nəzərə alınmamışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 152.1, 739.1, 739.2, 114.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə mübahisəli iş üzrə təqdim etdiyi bank sənədləri ilə ödədiyi pulları nəzərə almamıış və iddiaçının məhkəmə qətnaməsi üzrə ödənilməyən pulun ondan tələb edilməsinin əsassız olmasını aydınlaşdırmamışdır. Mülki Məcəllənin 1114.1-ci maddəsi ilə müəyyən edilmiş hallar məhkəmədə araşdırılmamış və ondan pulun tələb edilməsi yalnız mübahisəli iş üzrə məhkəmə qətnaməsi qəbul edildiyi andan sonra tələb olunması hallarına məhkəmədə qiymət verilməmişdir. Lakin məhkəmə qanunu düzgün tətbiq etməmiş və ondan ödənilməyən məbləğdə pulun tutulmasını təmin etmişdir. Şuşa Rayon Məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının direktoru Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini İddiaçı MMCnin qəbul edilmiş məhkəmə aktları ilə hüquqi şəxsin qanuni təmsilçisi olmuş şəxsin hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsinin Mülki Məcəllənin 49-cu maddəsinə əsasən əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququndan istifadə edərək dəymiş zərərin tutulmasının əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, “Arasbaran Tejarat" MMC ilə cavabdehin direktoru olduğu İddiaçı MMC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin bağlanması, qüvvədə olan məhkəmə aktları ilə iddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdeh İddiaçı MMCdən 76.700 manat məbləğində pulun tutulmasının qərara alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21, 49.3,1114-cü maddələri təşkil edir. İddiaçı MMC "xxxx" MMC-nin iddia tələbinin təmin olunaraq 76700 manat pulun və 320 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən Cavabdeh bağladığı müqavilələrlə bağlı vurduğu ziyanı tam həcmdə tələb etmək hüququnun olmasına əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 21.2, 49.3-cü maddələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır (Mülki Məcəllənin 1114.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1114.1-ci maddəsinin məzmununa görə isə başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxs ödədiyi əvəzin bütövlükdə qaytarılmasını tələb edə bilər. Göründüyü kimi qanunvericilik real zərərə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Bu o deməkdir ki, hüququ pozulmuş şəxs müəyyən xərc çəkməklə öz pozulmuş hüququnu bərpa edib, çəkdiyi xərcin və digər zərərin əvəzini hüququ pozan şəxsdən ala bilər. Lakin hazırkı iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş 76700 manat pulun və 320 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Belə ki, MPM-nin 77.1, 14.2, 76.1, 76.2-ci maddələrinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı qeyd etdiyi hallar barədə heç bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazır ki iddianın təmin edilməməsi, vurulmuş zərərin ödənilməsindən sonra iddiaçıya yenidən iddia qaldırmaq hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar