Məhkəmə qərarları › İş №2(105)-781/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-781/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-781/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızının, Cavabdeh1 Məmməd oğlunun iştirakı ilə, İddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızının cavabdehlər Cavabdeh1 Məmməd oğlu və Cavabdeh2 Qulamhüseyin oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-419/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) Ağasıyeva Çimnaz İsgəndər qızının cavabdehlər Cavabdeh1 Məmməd oğlu və Cavabdeh2 Qulamhüseyin oğluna qarşı cavabdehlər Cavabdeh1 Məmmədağa oğlundan 4000 (dörd min) manat, Cavabdeh2 Qulamhüseyin oğlundan 3000 (üç min) manat və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. İddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Novxanı Bağ massivi, ev 4670 bağ sahəsində xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş 7000 (yeddi min) manat maddi ziyanın və 90 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Məmməd oğlundan və Cavabdeh2 Qulamhüseyin oğlundan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Məmmədağa oğlundan 4000 (dörd min) manat, Cavabdeh2 Qulamhüseyin oğlundan 3000 (üç min) manat və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı Bağ massivi, ev 4670 xx.xx.2012-ci il tarixli ********** Qeydiyyat nömrəli çıxarışa (Seriya MA№ 0390822, Daşınmaz əmlakın dövlət reyestr № **********04-11301) əsasən iddiaçıya məxsusdur. İddiaçıya məxsus bağ evinin həyətində 2 ədəd zeytun ağacı, 5 ədəd zeytun qələmi, ədəd itburnu kolunun, 2 ədəd vişnə ağacı, 2 ədəd yemişan ağacı, 8 ədəd ərik ağacı, ədəd ərik qələmi, 8 ədəd alma ağacı, 1 ədəd yapon əzgili ağacı, 1 ədəd şaftalı ağacı, 1 ədəd xurma ağacı, 1 ədəd xurma qələmi, 3 ədəd cinar ağacı, 8 ədəd palıd ağacı, qaraqarağat kolları, qızılgül kolları, nar ağacları, 1 ədəd heyva ağacı, 1 ədəd qoz ağacı, 1 ədəd tut ağacı. 1 ədəd tut qələmi, 2 ədəd qara tut ağacı, 1 ədəd qara tut qələmi, əncir ağacları, 1 ədəd badam ağacı, 1 ədəd badam qələmi, 1 ədəd yasəmən kolu, 5 ədəd şam ağacı, 2 ədəd eldar şamı, biyan ağacları, razyana kolu, 10 ədəd qara şanı tənəkləri, 5 ədəd ala şanı tənəkləri, 5 ədəd abqora üzüm tənəkləri var idi. Hansı ki, əksəriyyət ağacların yaşı 40 ildən yuxarıdır. Lakin iddiaçıya məxsus bağ massivi xx.xx.2021-ci il tarixində Novxanı bağlar və Qurd dərəsi deyilən sahədə yanğın baş vermişdir. İddiaçının qonşusu Cavabdeh1 Məmməd oğluna məxsus bağ daşdan hasar olmadığı üçün bağ yanaraq qonşu Fərahimin bağına keçmiş və ordakı böyük bir çardaq (altı dolu 2 maşın taxta, üstü tol) çəkilmiş çardaq yanmışdır. Bu çardağın yanmağından, iddiaçının evinə və bağına 7000 manat ziyan dəymişdir. Yanğın FHN-nin Yanğından mühafizə xidməti tərəfindən söndürülmüş və yanğın zamanı dəymiş maddi ziyan FHN tərəfindən 7000 manat dəyərində hesablanmış, (aktın surəti əlavə olunur). Yanğın zamanı göstərilən ağaclar, kollarla bərabər, 1 ədəd krosnu aparatı, evin 4 pəncərəsinin 4 ədəd novçası yanmışdır. Bu yanğın zamanı iddiaçıya 7000 manat maddi ziyan dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızı Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lakin işə baxan məhkəmə onun dəlillərini qəbul etməmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Lakin bu hadisə nəticəsində ona maddi ziyanın dəyməsi və bu ziyanın cavabdehlərin təqsiri üzündən baş verməsi təqdim etdiyi sübutlarla təstiq olunsa da, məhkəmə iddia tələbini təmin etməmiş və onun hüquqlarına təminat verməmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 Məmməd oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 Qulamhüseyin oğluna məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştrak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, Novxanı bağları, Qurd dərəsi 18 saylı marşrutun yolu Çənlibel dayanacağının arxasında yerləşən Cavabdeh1 və Ç.Ağasıyevaya məxsus bağ sahəsində yanğın baş verməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri,X3 Massivi, ev 4670 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 710 (yeddi yüz on) manat məbləğində olduğunun müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi üzrə vurulmuş ziyanın 5000 manatdan az olduğundan, yəni xeyli miqdar təşkil etmədiyindən toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin yanğın törədilməsində təqsirləri müəyyən edilmədiyindən, başqa sözlə iddiaçıya qarşı heç bir cavabdehlik daşımadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı Ağasıyeva Çimnaz İsgəndər qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar