Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-782/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(027)-2303/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2546 (iki min beş yüz qırx altı) manat maddi ziyanın alınaraq İddiaçı-yə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11 aprel 2022-ci il tarixində Xaçmaz şəhərində fəaliyyətdə olan İddiaçı-yə rəsmi ərizə ilə müraciət edərək Quba- Xaçmaz marşurutunda işlək vəziyyətində olan “Hundai County” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtobusa sürücü işinə qəbul olunmasını xahiş etmişdir. Həmin tarixdən, yəni 11 aprel 2022-ci il tarixində cavabdehlə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanaraq sürücü işinə qəbul edilmiş və Quba-Xaçmaz marşurutu üzrə işlək vəziyyətdə olan “Hundai” markalı avtobusda sürücü işləməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən əmək müqaviləsinin şərtləri kobud sürətdə pozulduğu üçün onunla bağlanılmış 11 aprel 2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilmişdir. Sürücü iş vaxtı əmək müqaviləsi üzrə üzərinə qoyulmuş öhdəliklərin icrasına məsuliyyətsiz yanaşmış və son nəticə olaraq abtobus istifadəyə yararsız hala düşmüş və onun təmiri üçün 2546 (iki min beş yüz qırx altı) manat məbləğində pul xərclənmişdir. Cavabdeh işdən azad olunmasına baxmayaraq İddiaçı-yə dəymiş zərəri ödəməkdən imtina edir. Qeyd edilmiş faktın doğruluğu tərtib edilmiş 22 avqust 2022-ci il tarixli təmir aktı ilə tam təsdiq olunur. Quba Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(027)-2303/2022 nömrəli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(027)-2303/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 aprel 2022-ci il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən cəmiyyətdə sürücü işinə qəbul edilmişdir. Eyni zamanda onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. 11 aprel 2022-ci il tarixli təhvil-təslim aktına əsasən Quba-Xaçmaz marşurutu üzrə işlək vəziyyətdə olan “Hundai County” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtobus cavabdehə təhvil verilmişdir. Cavabdeh istifadəsində olan avtobusu müəssisəyə qaytardıqda məlum olmuşdur ki, avtobusun sürətlər qutusu dağılmışdır. Hansı ki, bu nasazlıq müəyyən müddət ərzində yaranmış və davam etmişdir. Cavabdeh isə buna etinasız yanaşmış və bunun da nəticəsində onlara 2546 manat maddi ziyan vurulmuşdur. Belə ki, maşının təmiri üçün tələb olunan, ziyan aktında qeyd olunan xərclər müəssisə tərəfindən ödənilmişdir. İddiaçı-nin xx.xx.2022-ci il tarixli, 209 saylı əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Cavabdehlə bağlanmış "tam maddi məsuliyyət haqqında" müqavilənin 1-ci bəndinə əsasən işçi inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliyyəti ilə öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır. Quba Rayon Məhkəməsinin qətnaməsində qeyd olunur ki, müəsissə tərəfindən tələb olunan məbləğin cavabdehin ödəməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, bununla da iddia tələbinin əsaslandırıldığı hallar sübut edilməmişdir. Onlar məhkəməyə müraciət edərkən cavabdehlə aralarında bağlanmış 11 aprel 2022-ci il tarixli "tam maddi məsuliyyət haqqında" müqaviləni, xx.xx.2022-ci il tarixli "Hyundai Service" tərəfindən verilmiş Ziyan Aktını məhkəməyə təqdim etmişlər. Məhkəmədə zərərin mövcud olması, həmin zərərin İddiaçı-yə vurulması, həmçinin məbləği müəyyən olunsa da, sonda zərərin cavabdehin ödəməsi öhdəliyini daşımasına dair halın sübut edilməməsinə dair nəticəini əsassız hesab edirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı-də sürücü vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktıdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Hyundai County” markalı, ** AC *** qeydiyyat nömrəli avtobus təhvil verilmişdir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2022-ci il tarixli, 209 saylı əmrindən görünür ki, İddiaçı-də “sürücü avtobus” vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 nömrəli maddəsinin “ç” bəndi ilə - işçi özünün əmək funkisyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləinin 72-ci maddəsində sadalanan hallarda əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Hyundai County” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən həmin avtomaşına 2546 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilkin təmir aktında qeyd olunan ehtiyat hissələri və onların dəyişdirilməsi ilə xidmət haqqının məbləğinin müəyyən edilməsi ilə bağlı şifahi şəkildə əməkdaşlarına müraciət etmişdir. Həmin müraciətə uyğun olaraq tərəflərindən ilkin təmir aktı tərtib edilərək İddiaçı-yə verilmişdir. Lakin, şirkət tərəfindən İddiaçı-yə məxsus “Hyundai County” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı (BANKMJHD17CP8041221) avtomobilə ilkin təmir aktında qeyd olunan ehtiyat hissələri satılmamış və heç bir təmir xidməti göstərilməmişdir. İş materiallarında olan İddiaçı-nin 23 dekabr 2022-ci il tarixli, 268 №-li məktubundan görünür ki, iyul və avqust ayları üzrə elektron qaimə fakturaların dəyəri 5338,32 AZN olmuşdur. Həmin məbləğdən 2546 AZN dəyərində ehtiyyat hissələri “Hyundai” markalı avtobus üçün alınmışdır. İş materiallarında olan Qusar rayon Vəkil Bürosunun Sumqayıt Avtomobil Ehtiyat Hissələri mağazasına ünvanladığı 22 dekabr 2022-ci il tarixli, M-137/2022 saylı məktubundan görünür ki, 2022-ci ilin iyul-avqust aylarında "xxxx" MMC-nin nümayənədəsi vasitəsi ilə “Hyundai” markalı avtobusu üçün 2546 manat dəyərində ehtiyat hissələrinin alıb- almamasına dair arayışın mülki işə əlavə edilməsini zəruri hesab etmiş və "xxxx" MMC-nin nümayəndəsi vasitəsi ilə “Hyundai” markalı avtobusu üçün 2546 manat dəyərində ehtiyat hissələrinin alıb- alınmamasına dair arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar Rayon Vəkil Bürosuna Əflatun Süleymanov tərəfindən ünvanlanmış cavab məktubdan görünür ki, 2022-ci il iyul, avqust aylarında Xaçmaz rayonu İddiaçı-nin nümayəndəsi tərəfindən Sumqayıt Avtomobil Ehtiyat Hissələri mağazasından 2546 manat dəyərində “Hyundai” markalı avtobus üçün ehtiyat hissələri alınmış və ehtiyat hissələrinin satılmasına dair kitabda qeydiyyat aparılmışdır. Belə ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehlərin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin İddiaçı Cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehdən 2546 manat maddi ziyan tələb etsə də, cavabdehin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi qanunla sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən öz iddia tələbinin hüquqi əsasına dair heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı-də sürücü vəzifəsinə qəbul edilmiş, İddiaçı tərəfindən Cavabdeh Quba-Xaçmaz marşurutu üzrə “Hyundai County” markalı, ** AC *** qeydiyyat nömrəli avtobus təhvil verilmiş və bu barədə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı tərtib olunmuşdur. Bir müddət sonra İddiaçı Cavabdeh ilə bağladığı əmək müqaviləsinə müqavilənin şərtlərinin kobud surətdə pozulması səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam vermiş və avtobus istifadəyə yararsız hala düşdüyündən onun təmiri üçün çəkilmiş 2546 (iki min beş yüz qırx altı) manat məbləğində maddi ziyanın Cavabdeh alınaraq İddiaçı-yə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Eyni zamanda qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz o, yuxarıda sadalanan dispozitiv şərtlərin mövcudluğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı sözügedən avtomaşına ehtiyyat hissələrinin alınması barədə Sumqayıt Avtomobil Ehtiyyat Hissələri mağazasına vəkil sorğusu vermiş həmin vəkil sorğusunda Sumqayıt Avtomobil Ehtiyyat Hissələri mağazasının ünvanı (harada yerləşməsi həqiqətən həmin mağazanın mövcud olubolmamasını və həmin mağazanın ehtiyyat hissələrinin satışı ilə məşğul olub-olmamasını) göstərilməmişdir. Habelə həmin vəkil sorğusuna cavab verən X1 2546 manat dəyərində “Hyundai” markalı avtobus üçün ehtiyat hissələri alınmış və ehtiyat hissələrinin satılması ilə bağlı kitabda qeydiyyat aparıldığını bildirsə də, həmin mağazanın hüquqi ünvanının, onun həqiqətən sahibkarlıq fəliyyəti ilə məşğul olmasını, vergi ödəyicisi kimi qeydiyyata alınmasını (VÖEN-ni) təsdiq edən sənədləri, satılmış ehtiyat hissələrinin nədən ibarət olmasını və kassa mədaxil qəbzini vəkil sorğusuna cavaba əlavə etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı-yə məxsus buraxılış ili 2008-ci il olan “Hundai County” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtobusun sürətlər qutusunun axırıncı dəfə nə vaxt təmir olunduğu, təmir olunubsa həmin təmirdən sonra sürətlər qutusunun hansı müddətə istifadəyə yararlı olmasına və həmin avtomaşın Cavabdeh təhvil verilən zaman sürətlər qutusunun saz vəziyyətdə olmasına dair mötəbər sübutuları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(027)-2303/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-782/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-782/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver