Məhkəmə qərarları › İş №2(105)-783/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-783/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-783/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər Təcili X2rşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(060)- 6743/2021 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(060)-6743/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər Təcili X2rşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakim E.Hüseynov) Bu qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(060)-6743/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci-2000 manat, əməliyyatdan sonrakı 6 ay əmək qabiliyyətini itirməyə görə 7200 manat, itirilmiş qazancına görə 9500 manat və bütün bunlar nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manatın, 30 manat dövlət rüsumunun, 1 manat bank xərcinin, cəmi 23731 (iyirmi üç min yeddi yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.06.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçını Sumqayıt şəhər TTYX-nm travmatologiya şöbəsinə gətirmişlər. Burada isə həkimlər öz həkimlik vəzifələrinə səhlənkar yanaşmaqla onu düzgün müayinə və müalicə etməmiş və düzgün diaqnoz qoymamaqla iddiaçının səhhətinə bərpa olunmaz zərər yetirmişlər ki, bu da maddi cəhətdən onun külli məbləğdə ziyana düşməyi ilə nəticələnmişdir. Belə ki, düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci-2000 manat, əməliyyatdan sonrakı 6 ay əmək qabiliyyətini itirməyə görə 7200 manat, itirilmiş qazanca görə 9500 manat və bütün bunlar nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manat onlar tərəfindən ona zərər yetirilmişdir. Bundan başqa, bunları təsdiq edən hər bir sübutu və sənədi vardır. Onda sual olunur ki, bu şəxslər niyə görə indiyə kimi məsuliyyətə cəlb olunmamışlar. Bütün bunların nəticəsində iddiaçı ağır xəstəliyə tutularaq hal-hazırda da həkim nəzarətində müalicələr alır. Bunun nəticəsində ağır və müxtəlif xəstəliklərə düçar olmuşdur. Lakin ona dəymiş maddi və mənəvi ziyan indiyə kimi ona ödənməmiş və təqsirkarlar məsuliyyətə cəlb edilməmişlər. Bütün bunlar isə şahid ifadələri, xəstəlik sənədləri, məhkəmə qətnamələri və sairə ilə də tam sübut olunmuşdur. Hal-hazırda, ağır xəstəlikdən əziyyət çəkir və sağlamlığını itirmişdir. Belə ki, səhhətində çoxlu problemləri vardır. Bütün əmlaklarını satıb müalicəsinə sərf etməklə hal-hazırda imkansız bir durumda yuxarı göstərilən ünvanda xəstə kimi yaşamağa məcbur olmuşdur. Xəstəliyi ilə əlaqədar ağır maddi vəziyyətə düşmüşlər. Bunun da əsas səbəbkarı ona dəymiş maddi və mənəvi ziyanı ödəməyən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasıdır. Vəziyyəti maddi cəhətdən o qədər ağırdır ki, artıq həkimə gedə bilmir. Hal-hazırda ailəsi onun himayəsindədir. Hətta yaşadıqları evin kommunal pulunu belə ödəməyə maddi imkanı yoxdur. Bunun da əsas səbəbi onun ağır xəstəliyi və maddi və mənəvi zərbələr almağıdır. Həmin hadisədən sonra onun həyatı demək olar ki, bir tükdən asılı vəziyyətdə qalmışdır. Keçirdiyi stress nəticəsində hələ də təcili yardımın köməyindən istifadə edir. Sumqayıt şəhər TTYX-nın həkimləri başda baş həkim olmaqla öz peşə borclarını layiqincə yerinə yetirməməklə özlərinin həkim səhvləri nəticəsində səhhətinə vurduqları maddi və mənəvi ziyana və öhdəliklərinə görə maddi və mənəvi və cinayət məsuliyyət və cavabdehlik daşıyırlar. Qeyd olunanlar əsasında iddia təmin olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə işə baxarkən maddi normaların tələblərini pozmuş, mübahisəyə düzgün qiymət verməmişdir. İşə baxılarkən ayrı-ayrı məhkəmə tərkibləri arasında sağlamlığa vurulan zərər, onun bərpası və müalicə və əməliyyat üçün çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan xərclərin və şairənin müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Apellyasiya Məhkəməsinin mübahisəli hüquqi məsələyə dair vahid hüquqi mövqeyini təsbit edən qətnaməsinin qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmənin qətnaməsi qanunsuz və əsassız hesab edilməli, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi ümumiyyətlə kortəbii qətnamə çıxartmışdır. Beləliklə, yuxarıda sadalanan hallardan tam aydın olur ki, məhkəmə hazırki iş üzrə qeyd olunan hissədə qətnaməni kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan iddia tələbini rədd etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Sumqayıt Şəhər Təcili X3 hüquqi varisi olan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır İşə əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin Nizamnaməsindən görünür ki, Mərkəz TƏBİB-in İdarə Heyətinin 04.05.2021-ci il tarixli, 16 nömrəli əmri ilə yaradılmışdır, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri də daxil olmaqla Sumqayıt şəhər Səhiyyə Şöbəsinin, 1 nömrəli Sumqayıt şəhər Xəstəxanası publik hüquqi şəxsin, 2 nömrəli şəhər Xəstəxanasının, Sumqayıt şəhər Təcili Tibi Yardım Xəstəxanasının və Suqayıt Şəhər Uşaq Xəstəxanasının hüquqi varisidir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Xəstəxanasının “Bazu oynağının MRT müayinəsi”ndən məlum olur ki, İddiaçı MR-limitlərində qlenohumeral (GH) oynaq normal qeyd olunur. Akromioklavikular(A-C) oynağın lokalizasiyası və əlaqəsi pozulmuş, dislokasiya əlamətləri, oynaq kapsulasının cırılması, oynaq yatağında maye toplantı, iltihabi infiltrasiya və perifokal ödem qeyd olunur, MR-limitlərində görüntüyə daxil olmuş sümüklərdə patologiya təyin edilmir, əlavə sümük strukturlarının müayinəsi üçün KT müayinəsi məsləhətdir. Yenə iş materiallarında olan “Real Tibb Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 28 yanvar 2019-cu il tarixli müayinəsinin surətindən görünür ki, İddiaçı döş qəfəsi orqanlarının rentgen müayinəsində ağciyərlərdə patoloji kölgəlik müəyyən edilmir, hər iki tərəfə bronxo-vaskulyar şəkil güclənmişdir, köklər strukturlu, sinuslar sərbəstdir, diafraqmanın ekskursiyası solda zəifdir, mediastinium kölgəliyi genişlənməmişdir, solda V, Vİ, Vİİ qabırğaların ön kəsiklərinin döyənəkləşmə əlamətləri olan sınıqları qeyd edilir, corölçüləri, forma və yerləşməsi tipikdir. Yenə də iş materiallarında olan “Real Tibb Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 28 yanvar 2019-cu il tarixli müayinəsinin surətindən görünür ki, İddiaçı sol bazu oynağının 2 proyeksiyada çəkilmiş R-qrammasında körpücük akromial oynağının diastazı-körpücük sümüyünün yuxarı yerdəyişməsi, həmin səviyyədə yumşaq toxumanın qabarması qeyd edilir, bazu oynağını təşkil edən sümüklərin uyğunluğu pozulmamışdır, oynaq yarığı normal ölçüdədir, bazu sümüyü başında kompakt sümük adacığına aid ola bilən sklerotik ocaq izlənir, yumşaq toxumalarda patoloji kirəcləşmə və ya rentgenopozitiv yad cisim qeyd edilmir. Sumqayıt Şəhər Təcili X4 09.06.2018-ci il tarixli müayinənin nəticəsi barədə arayışında iddiaçının qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər tamlığı pozulmadığı, konturları dəqiq dügün olduğu, plevral sinuslar sərbəst olduğu qeyd edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(060)- 3059/2019 saylı qətnaməsindən məlum olur ki, İddiaçı cavabdehlər X8 və X9 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(060)-3059/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 11.07.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Döş qəfəsinin küt travması, sol ağciyərin əzilməsi, sol İİ-V-Vİ-Vİİ qabırğaların sınığı, sol çiyin qurşağının əzimişcırılmış yarası, sol budun əzilmiş-cırılmış yarası” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. İddiaçı 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında icra edilmiş sol çiyin qurşağının rentgen müayinəsi zamanı sümük tamlığının pozulması aşkar edilməmişdir. İddiaçı 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında sol çiyin qurşağının əzilmiş-cırılmış yarası, 28.01,2019-cu il tarixdə isə “Real Tibb Mərkəzi”ndə körpücük akromial oynağının diastazıkörpücük sümüyünün yuxarı yerdəyişməsi, həmin səviyyədə yumşaq toxumanın qabarması müəyyən edilmişdir. Rentgenoloji olaraq təyin edilmiş dəyişikliklər bir-biri ilə uyğunsuzluq təşkil edir. Lakin icra edilmiş rentgenoloji müayinələr arasında uzun müddət keçdiyindən aşkar olunmuş patologiyanın differensiasiyası və konkret olaraq əmələ gəlmə şəraiti barədə dəqiq fikir söylənilməsi mümkün olmadı. Belə ki, aşkar olunan patologiyanın təkrari travmanın alınması nəticəsində də baş verməsi inkar olunmur. İddiaçı məhkəmətibbi və mütəxəssis müayinələri zamanı onda müəyyən edilmiş sol kürək körpücük birləşməsinin uyğunsuzluğu və bağın cırılması ilə əlaqədar operativ müdaxilənin keçirilməsinə ehtiyacı vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(060)-3059/2019 saylı qətnaməsi ilə İddiaçı eyni əsaslarla hazırki iş cavabdeh hüquqi şəxsin işçiləri olan həkimlər X8 və X9 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, iddiaçı hazırki tələblə eyni olan tələb irəli sürmüş, lakin əmək qabiliyyətindən məhrum olmasının, səhhətində (sol çiyin qurşağında) ağırlaşma meydana gəlməsinin, əlavə tibbi müdaxiləyə ehtiyacı olmasının və bununla bağlı əlavə xərclərinin meydana çıxmasının cavabdehlərin qanunsuz hərəkətləri (ona düzgün diaqnoz qoymamaları və düzgün müalicə aparmamaları) nəticəsində meydana gəlməsini sübut edə bilməmişdir. Başqa sözlə, əslində onun hazırki tələbinə hüquqi qiymət verilmişdir. Sadəcə cavabdeh tərəf dəyişilmişdir. AR MPM-nin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə İddiaçı eyni əsaslarla hazırki iş cavabdeh hüquqi şəxsin işçiləri olan həkimlər X8 və X9 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yenə həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallarından məlum olduğu kimi, hazırkı halda iddiaçı cavabdeh tərəfindən ona düzgün diaqnoz qoyulmadığını və müalicənin düzgün aparılmadığını, nəticədə onun bir müddət əmək qabiliyyətini itirdiyini, səhhətində (sol çiyin qurşağında) ağırlaşma meydana gəldiyini, əlavə tibbi müdaxiləyə ehtiyacı olduğunu və həmin tibbi müdaxilə nəticəsində əmək qabiliyyətini yenə müvəqqəti olaraq itirəcəyini bildirir. Bu qeyd edilənlərə əsasən ona dəyən zərəri cavabdehdən tələb edir. İddia tələbinin təmin edilməsi üçün iddiaçı əmək qabiliyyətindən məhrum olmasının, səhhətində (sol çiyin qurşağında) ağırlaşma meydana gəlməsinin, əlavə tibbi müdaxiləyə ehtiyacı olmasının və bununla bağlı əlavə xərclərinin meydana çıxmasının cavabdehlərin qanunsuz hərəkətləri (ona düzgün diaqnoz qoymamaları və düzgün müalicə aparmamaları) nəticəsində meydana gəlməsini sübut etməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 11.07.2019-cu il tarixli ekspert rəyində iddiaçıda müəyyən edilmiş sol kürək körpücük birləşməsinin uyğunsuzluğu və bağın cırılması ilə əlaqədar operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu göstərilmişdir. Lakin, bunun iddiaçıya 09- 14.06.2019-cu il tarixlərində Sumqayıt şəhər TTY xəstəxanasında düzgün diaqnoz qoyulmaması və düzgün müalicə aparılmaması nəticəsində meydana çıxması ekspert rəyi ilə müəyyən edilmir. Belə ki, rəydə həmin vaxt iddiçıya düzgün diaqnoz qoyulduğu, 09.06.2018-ci il tarixdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında icra edilmiş sol çiyin qurşağının rentgen müayinəsi zamanı sümük tamlığının pozulmasının aşkar edilmədiyi, iddiaçıya Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında və “Real Tibb Mərkəzi”ndə qoyulmuş diaqnozlar arasındakı fərqin təkrari travmanın alınması nəticəsində də yaranmasının mümkünlüyü qeyd edilmişdir. Birinci intaniya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının səhhətində bağ vermiş ağırlaşmanın onun 09-14 iyun 2018-ci il tarixlərində Sumqayıt şəhər TTY xəstəxanasında düzgün olmayan müayinə və müalicə aparılması nəticəsində meydana gəlməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdeh müəssisənin işçilərinin hər hansı qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmasına səbəb olan əməl və hərəkətlərə yol verilməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(060)- 6743/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar