Məhkəmə qərarları › İş №2(105)-785/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-785/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-785/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəlixan oğluna qarşı “borc” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(067)-38/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vəlixan oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada **********1123 saylı kredit müqaviləsi üzrə 11404.20 manat məbləğində əsas, 167.06 manat faiz borcunun və ödənilmiş 124,71 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1123 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 11463,85 manat qalıq məbləği illik 1% olmaqla 1 il güzəşt müddəti müəyyən olunmaqla 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 9,87 manat, 4 il müddətində isə hər ay 243,81 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində tərəf olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(067)-38/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11404.20 manat məbləğində əsas, 167.06 manat faiz borcu və ödənilmiş 124,71 manat dövlət rüsumu tutularaq «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(067)-38/2023 nömrəli qətnaməsinin əsas borca və faiz borcuna dair təmin edilmiş hissədə ləğv edərək müvafiq ekspertiza rəyinə uyğun olaraq həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, keçmiş müddət ərzində kredit alan şəxs kimi o və digər cavabdeh banka ödənişlər etmişlər. Bu barədə müafiq qəbzələr vardır. Buna baxmayaraq bank iddia tələbində ondan və digər cavabdehdən 11404.20 manat məbləğində əsas və 167.06 manat hesablanmış faiz borcu və ödənilmiş 124.71 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bank onlardan göstərilən məbləğdə faiz borcu tələb edə bilməz. Bundan əlavə onun ödədiyi kredit məbləğləri demək olar ki, əsas borcdan çıxılmamış, halbuki, o, aldığı kreditin yarısını ödəmiş, bu barədə ödəniş qəbzləri də mövcuddur. Lakin göründüyü kimi bank hazırda onlardan şişirdilmiş məbləğdə əsas və faiz borcu tələb edir. O və digər cavabdeh işə apellyasiya qaydasında baxılarkən bankın tələb etdiyi əsas və faiz məbləğinin yoxlanılması üçün təkrar mühasibatlıq ekspertizasının keçirilməsini tələb edəcəkdir. O, ailəlidir, himayəsində həyat yoldaşı və üç azyaşlı qızları vardır. Xeyrnisə adlı qızı onkoloji xəstədir. Onu bir cox müalicə müəssisələrinə aparır, müalicə etdirir, ona hər ay külli miqdarda dərman alır. Buna görə də aldığı kredit borcunu vaxtı-vaxtında ödəməkdə çətinlik çəkir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1123 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 11463,85 manat qalıq məbləği illik 1% olmaqla 1 il güzəşt müddəti müəyyən olunmaqla 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 9,87 manat, 4 il müddətində isə hər ay 243,81 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində tərəf olmuşdur. İş materiallarında olan «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə borcverən «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatına 11404.20 manat məbləğində əsas, 167.06 manat faiz borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1123 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 11463,85 manat qalıq məbləği illik 1% olmaqla 1 il güzəşt müddəti müəyyən olunmaqla 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 9,87 manat, 4 il müddətində isə hər ay 243,81 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı cavabdehlərdən müştərək qaydada **********1123 saylı kredit müqaviləsi üzrə 11404.20 manat məbləğində əsas, 167.06 manat faiz borcunun və ödənilmiş 124,71 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiyanın məhkəmə araşdırması zamanı hesablanan borcun məbləği ilə razı olmayan Cavabdeh1 vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının 03 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə xx.xx.2019-cu il tarixli, **********1123 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbinin tarixinə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 11794,35 manat məbləğində, o cümlədən - əsas borc üzrə 11581,70 manat, faiz borcu üzrə 212,65 manat borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 Vəlixan oğlu da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın 03 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə xx.xx.2019-cu il tarixli **********1123 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbinin tarixinə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 11794,35 manat məbləğində, o cümlədən - əsas borc üzrə 11581,70 manat, faiz borcu üzrə 212,65 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin maddi vəziyyətini nəzərə alaraq əsas və faiz borcunu Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli ekspert rəyində göstərilən məbləğdə deyil, maliyyə arayışında göstərilən məbləğdə tutması əsaslıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya şikayətində irəli sürülən, borcun (əsas, faiz və cərimə) düzgün hesablanmaması dəlili (həmçinin bu məqsədlə təkrar ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu dəlilinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “ödədiyi kredit məbləğlərinin əsas borcdan çıxılmaması” dəili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ödənilən borcun silinməsini qanunvericiliyin tələb etdiyi qaydada aparmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(067)-38/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar