Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-787/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlundan və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh qızının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qızına qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(059)-77/2021 nömrəli qətnaməsindən Cavabdeh qızı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh qızından 2561,80 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2591,80 (iki min beş yüz doxsan bir manat 80 qəpik) manat tutularaq iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin bank hesabına ödənilməsi, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh qızından tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qızına qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2561,80 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2591,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçı “Azəriqaz” İB-nin ABB Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh qızı arasında bağlanmış 31 may 2020-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı departamenti tərəfindən **********04325 nömrəli abonent kodu verilmiş, həmçinin fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından qanunsuz olaraq özbaşına qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Belə ki, 29 mart 2019-cu il tarixdən 30 aprel 2020-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə cəmi 2547 manat ziyan vurulmuşdur. İtirilmiş təbii qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2547 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin təbii qazdan istifadəyə görə əvvəldən 14,80 manat borcu olmuş və bu məbləğ də karta köçürülmüşdür. Yaranmış borca görə cavabdehə birliyin nümayəndələri tərəfindən 2561,80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Mütəllimova X1 Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə qanunsuz və ədalətsizdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh qızının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasını abonent tərəfindən təbii X2nın pozulması halının mövcud və real olması, o cümlədən cərimənin tərtib olunmuş müvafiq aktlar əsasında hesablanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qızı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi zərərin əvəzinin ödənilməsi barədədir. Abşeron rayon Hökməli qəsəbəsi 6 saylı evin cavabdehin istifadəsində və sahibliyində olması, sonuncu ilə xx.xx.2020-ci il tarixdə qaz paylayıcı ilə məişət qaz qurğu istifadəçisi arasında alqı-satqı müqaviləsinin bağlandığı işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1., 80 və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 358 №li xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh məxsus fərdi yaşayış evi vardır, göstərilən evə təbii qazın çəkilişi xx.xx.2020-ci ildə olmuşdur. Göstərilən ünvanda yaşayış olmamış və hal-hazırda da yoxdur. Bununla yanaşı iş materiallarına əlavə edilmiş evin kserosurətindən ibarət fotoşəkildən həmin evdə yaşayış üçün şərait olmadığı görünür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin şəkili aydın olmadığından, həmin şəklin məhz cavabdehin sahibliyində olan mübahisəli yaşayış evinə məxsus olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Mülki Məcəllənin doqquzuncu bölməsində nəzərdə tutulmuş öhdəliklərin yaranması əsasında mülki hüquq pozuntuları dayanır. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Göründüyü kimi sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin qaz sayğacından qanunsuz olaraq özbaşına qaz xəttinə qoşulmaqla təbii qazı talamasını qeyd etsə də, lakin bu halı təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh qızının apellyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qızına qarşı zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-787/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-787/2022
14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver