Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-788/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, borcun etirafı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə (tərəflər sonuncu məhkəmə iclasına gəlməmişlər), Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6196/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İşə əlavə edilmiş yazılı iltizamda cavabdehin iddiaçıdan 1500 manat pul aldığı öz əksini tapmışdır. İltizam cavabdehin adından yazılmış, imzalanmış və tarix qeyd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh adına olan 416974******5498 və 676867******4303 nömrəli kartlar eyni hesaba bağlıdır. 676867******4303 nömrəli kartın bağlanması səbəbindən ona ******************** nömrəli hesaba bağlı 416974******5498 nömrəli kart təqdim olunmuşdur. Arayışa ödəniş kartı üzrə çıxarış əlavə edilmişdir. Çıxarışda 416974******5498 nömrəli kart üzrə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər aparılmış mədaxil-məxaric əməliyyatları öz əksini tapmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü tarixli məktubuna əsasən, qərarda qeyd olunan dövr üzrə sorğu olunan plastik kart hesabından çıxarış, məxaric sənədi təqdim olunmuş, lakin həmin dövr üzrə bankomat vasitəsilə aparılan nağdlaşdrma əməliyyatlarına dair görüntülərin aşkar olunmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat pul və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1535 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 30 ildir ki, cavabdehlə qonşuluqda yaşayır. Onların qonşu kimi münasibətləri yaxşı olmuşdur və aralarında heç bir ədavət olmamışdır. 20 oktyabr 2021-ci il tarixdə cavabdeh pula ehtiyacı olduğunu deyib, iddiaçıdan borca 1500 manat pul istəmişdir. Cavabdeh keçmiş hərbçi olduğundan yüksək məbləğdə təqaüd almasını nəzərə alaraq ona borca pul verməyə razılaşmışdır. İddiaçı cavabdehə 1500 manat pul vermiş, cavabdeh də özünə məxsus "xxxx"ın təqaüd kartını iddiaçıya verərək, hər ay hissə-hissə həmin kartdan pulu çıxardıb götürməyini istəmişdir. Həmçinin bu barədə cavabdeh öz xətti ilə bir kağız yazaraq iddiaçıya vermişdir. Lakin ilk pulu həmin kartdan çıxartmaq istədikdə məlum olmuşdur ki, həmin təqaüd kartında heç bir pul yoxdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin kartı bağlatdırıb, özünə başqa bir təqaüd kartı açdırıb. İddiaçı dəfələrlə cavabdehdən ona olan borcunu ödəməsini istəsə də, cavabdeh hər dəfə bir bəhanə ilə bu günə qədər iddiaçıya olan 1500 manat borcunu ödəməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh faizlə birlikdə iddiaçıdan 1500 manat almışdır. İddiaçı ona pulu hissə-hissə yəni, 450 manat bir, 100 manat bir və 360 manat bir olmaqla, cəmi 910 manat verib, yüksək faizləri hesablayıb borc kimi 1500 manat pul hesablamışdır. İddiaçı cavabdehin dilindən iltizam yazdırmışdır. Cavabdeh aldığı 1500 manatı iddiaçıya tam ödəmişdir. Cavabdehə məxsus pensiya kartı 2021-ci ilin sentyabr, oktyabr və noyabr aylarında iddiaçıda olmuş və həmin kartdan o, 3 ay 350 manat olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “Qayalı" marketin yanından, cavabdehin kartından pul çıxarmışdır. Əlavə olaraq 450 manatı hissə-hissə bu 2022-ci il ərzində əlbəəl iddiaçının yaşadığı binanın qarşısında ona ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6196/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 800 (səkkiz yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Emin Abdullayev) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 882.1, 882.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6196/2022 saylı mülki iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi əsaslandırılmadan qəbul edilmiş, işin faktiki halları, tərəflərindən təqdim edilmiş sübutlar nəzərə alınmamış, prosessual hüquq normasının tələbləri kobud şəkildə pozulmaqla iddia tələbi tam təmin edilməmişdir. Belə ki, qətnamədən qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, verilir, Cavabdeh, ondan ötəri ki, onun adına olan 416974******5498 və 676867******4303 nömrəli kartlar eyni hesaba bağlıdır. 676867******4303 nömrəli kartınızın bağlanması səbəbindən ******************** nömrəli hesaba bağlı 416974******5498 nömrəli kart təqdim olunmuşdur. Arayışa ödəniş kartı üzrə çıxarış əlavə edilmişdir. Çıxarışda 416974******5498 nömrəli kart üzrə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər aparılmış mədaxil-məxaric əməliyyatları öz əksini tapmışdır. Məhkəmə öz qətnaməsini məhz kapital bankın yuxarıda qeyd olunan cavabı ilə əsaslandırmışdır. Lakin bu tamamilə əsassızdır. Belə ki, "xxxx"ın cavabında qeyd edilmişdir ki, cavabdehin iddiaçıya verdiyi kart bağlanmış, bu səbəbdən də başqa kart verilmişdir. Məhz bağlanan həmin kart cavabdehin iddiaçıya verdiyi kartdır. Təzə çıxarılmış kartdan qəti onun xəbəri olmamışdır. O da hər dəfəsində kartı yoxladıqda balansda pul olmamışdır. Cavabdeh isə bildirir ki, guya pulu bir yerdə çəkmişlər. Təkrar olaraq bildirir ki, cavabdehin ona verdiyi kartda pul olmamış, həmin kartdan onun tərəfindən pul çəkilməmiş, "xxxx"ın verdiyi cavabla da təsdiq olunmuşdur ki, cavabdehin ona verdiyi kart bağlanmış, bu səbəbdən də eyni hesaba bağlı başqa bir kart verilmişdir. Görünür ki, cavabdeh özü məhz ona verdiyi kartı bağlatdırmış və başqa bank kartı sifariş verərək pul məbləğlərini oradan çəkmişdir. Hesab edir ki, cavabdehin borcunu qaytarmaq niyyəti olsaydı sonradan çıxarılmış kartı ona təqdim edərdi. Qeyd olunanlardan da görünür ki, məhkəmə prosessual pozuntuya yol vermişdir. Belə ki, iş materiallarını düzgün araşdırmamış, "xxxx"ın cavabdehin ona verdiyi kartın bağlanılaraq eyni hesaba bağlı başqa kart sifariş verilməsi və pulların yeni sifariş verilmiş kartdan çıxarılması barədə arayışını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər yekun məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6196/2022 saylı mülki iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddianın təmin edilən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6196/2022 saylı mülki iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında əldə edilmiş razılaşmanın şərtləri məhz Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, işdən görünür ki, iş materiallarında olan yazılı iltizamda cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixində 1500 manat borc pul alıdığını etiraf etmişdir, lakin üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Son nəticədə iddiaçı vəsaitindən məhrum olmuşdur. Cavabdeh iddiaçıdan aldığı 1500 manat pulu tam qaytardığını bildirsə də, bunu sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehə məxsus olan pensiya kartı iddiaçının sahibliyində olan vaxt kartdan 2 dəfə məxaric əməliyyatı aparılmışdır. Belə olan halda həmin əməliyyatın onun tərəfindən aparılmadığını iddiaçı sübut etməlidir. Lakin iddiaçı qeyd edilən halı sübut edə bilməmişdir. Cavabdeh isə hər əməliyyatda hesabdan çıxarılan məbləğin 350 manatının iddiaçı tərəfindən götürüldüyünü bildirmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6196/2022 saylı mülki iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(060)-6196/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-788/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-788/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver