Məhkəmə qərarları › İş №2(105)-789/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-789/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-789/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(059)-27/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 54000 (əlli dörd min) manat, habelə 30 sentyabr 2020-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək olan müddət ərzində 54000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 5962,50 (beş min doqquz yüz altmış iki manat 50 qəpik) manat olmaqla, cəmi 59962,50 (əlli doqquz min doqquz yüz altmış iki manat 50 qəpik) manat pul və iddia tələbi üzrə ödənilmiş 252 manat məbləğində dövlət rüsumunun 99%-i, yəni 249,48 (iki yüz qırx doqquz manat 48 qəpik) manatı alınaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 54000 manat pulun və həmin pulun 01 oktyabr 2020-ci il tarixdən bu günə qədər olan qanuni faizlərinin hesablanaraq birlikdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tərəfdən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 54000 manat, həmçinin bu məbləğin hər üç qaimənin üzərində qeyd olunan təhvil tarixindən iddia ərizəsinin tarixi olan 15 dekabr 2022-ci il tarixinə qədərki hesablanmış faiz məbləği 6279 manat olmaqla, cəmi 60279 manat pulun və ödənilmiş 252 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC daxili ticarətlə yanaşı, xarici ölkələrdən idxal qida məhsulları da gətirərək Respublika daxili bazarda satışını həyata keçirir. Bu satışlar isə MMC-nin öz işçi qüvvəsi, satış təmsilçiləri, ekspeditorlar tərəfindən şirkətin inventarında olan avtomobillərlə həyata keçirilir. Lakin, şirkət adına satışları həyata keçirərkən ekspeditorlardan bəziləri işlərinə və əmlaklarına xələl gətirmişlər. 15 aprel 2020-ci il tarixli müraciəti əsasında Cavabdeh 16 aprel 2020-ci il tarixdə rəsmi olaraq, iddiaçı MMC-yə ekspeditor kimi işə qəbul edilmiş, habelə o, həmin ərəfədə şirkət rəhbərliyinə Bakı şəhərini, ümumiyyətlə rayonları çox yaxşı tanıdığını, rayonlar istiqamətində satışları Bakı şəhərindən nisbətən daha güclü yerinə yetirəcəyini bildirdiyindən rəhbərlik cavabdehin bu tələbini nəzərə alıb, ona həm Bakı şəhərində, həm də rayonlarda sərbəst satış həyata keçirməsinə icazə vermiş, həmçinin işə başlamazdan əvvəl müştərisindən, bazasından, satışından və bu satışlardan asılı olaraq bütün alacaqlarından, eləcə də müştərilərindən məsul olması barədə xəbərdarlıq edilmişdir. 17 aprel 2020-ci il tarixdən işə başlayan cavabdeh MMC-dəki fərqli avtomobilləri mal ilə yükləyərək, qısa vaxt ərzində Bakı şəhəri, eləcə də rayonlar üzrə isti və soyuq satış sistemi ilə böyük satışlar həyata keçirmiş, həmçinin ilk vaxtlar satışları düzgün aparmaqla, əldə etdiyi məbləğləri vaxtlı-vaxtında kassaya ödəmiş, müəyyən vaxt keçdikdən sonra Cavabdeh Bakı şəhəri və rayonlar üzrə ciddi və böyük bir müştəri bazasına sahib olmuşdur. Bundan əlavə, şirkətin müştəri alacaqları ilə əlaqəli şöbəsi digər ekspeditorlarda olduğu kimi cavabdehin müştəriləri və bu müştərilərdən alacaqları ilə əlaqədar sonuncularla telefon vasitəsilə əlaqə saxlamış, müvafiq üzləşdirmədən sonra cavabdeh həyata keçirdiyi satışlardan alınacaq məbləğləri tamamilə toplayaraq, 26 aprel 2020-ci il tarixli ərizəsinə əsasən öz xahişinə görə 27 aprel 2020-ci il tarixdə işdən azad edilmişdir. Daha sonra, Cavabdeh 10 may 2020-ci il tarixli müraciəti əsasında 12 may 2020-ci il tarixdə yenidən işə qəbul edilərək əvvəlki qaydada Bakı şəhəri, eləcə də rayonlar üzrə işləmiş, 20 iyul 2020-ci il tarixdə satışdan əldə etdiyi vəsaiti müştərilərdən alaraq, 21 iyul 2020-ci il tarixli ərizəsinə əsasən öz xahişinə görə 22 iyul 2020-ci il tarixdə işdən azad edilmişdir. Bundan sonra, satışlarının güclü olması və müştərilərdən əldə etdiyi vəsaiti vaxtında gətirməsi şirkət rəhbərliyi tərəfindən nəzərə alındığı üçün Cavabdeh yenidən 23 iyul 2020-ci il tarixli müraciəti əsasında 24 iyul 2020-ci il tarixdə MMC-də işə qəbul edilsə də, 17 avqust 2020-ci il tarixdə işdən azad edilmiş, 27 avqust 2020-ci il tarixdə isə sonuncu dəfə işlə təmin edilmişdir. Sonuncu dəfə işə qəbul edilmiş Cavabdeh ciddi rəqəmlərlə satışlar etsə də, bu dəfə müştərilərdən gələcək pullar bir qədər gecikməyə başlamış, bununla bağlı şirkət rəhbərliyinin suallarına isə narahatçılığa əsasın olmadığı, problemin pandemiya ilə əlaqədar olduğu və ən qısa zamanda həll olunacağı kimi cavab vermişdir. 25 sentyabr 2020-ci il tarixdə iddiaçı MMC tərəfindən müştərilərlə üzləşdirmə aparılarkən Cavabdeh onlara sentyabr ayı ərzində şirkətin kompaniya keçirdiyini və məhsullarının çox hissəsinin yarı qiymətə endirimdə olduğunu, ancaq satışın nağd qaydada keçiriləcəyini bildirdiyi məlum olmuş, habelə bu məlumatdan sonra cavabdeh rəhbərlik tərəfindən şirkətə dəvət edilsə də, o, gəlməkdən imtina etmişdir. Şirkət əməkdaşlarının səyi, həmçinin davamlı zənglər nəticəsində Cavabdeh 27 sentyabr 2020-ci il tarixdə şirkətə gəlib, oranın 54000 manat dəyərində olan məhsullarını endirim adı ilə dəyərindən aşağı, yəni yarı qiymətə nağd qaydada satdığını, pulları isə mənimsəyərək xərclədiyini etiraf etmiş, bu zaman şirkət rəhbərliyi pulu tələb etsə də, cavabdeh ona 3 gün vaxt verilməsini xahiş etdikdə, həmin vaxt polisə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş cavabdeh 30 sentyabr 2020-ci il tarixdə şirkətə gəlib, pulu verəcəyinə və işdən çıxma barədə ərizə də təqdim edəcəyinə dair vəd vermişdir. 30 sentyabr 2020-ci il tarixdə şirkətə gəlmiş Cavabdeh işdən çıxmasına dair ərizəsini təqdim etsə də, pul tapa bilmədiyini, ən qısa zamanda tapıb verəcəyini qeyd etmiş, yenidən ona vaxt verilməsini istədikdə, şirkət rəhbərliyi bu dəfə də ona bir ay vaxt vermiş, həmin müddət bitdikdən sonra vəsait ödənilməyəcəyi təqdirdə isə qanuni tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehə verilmiş bir ay vaxt tamam olduqdan sonra şirkət əməkdaşları dəfələrlə onunla telefon vasitəsilə əlaqə saxlasalar da, o, hər dəfə alacağının olduğunu, iki ay sonra qəti şəkildə ödəmə edəcəyini bildirmiş, ən sonunda isə pulu atası Vaqifin ödəyəcəyini bildirib, pulu verməkdən yayınmışdır. Bundan sonra, şirkətə dəyən zərərin ödənilməsi ilə əlaqədar cavabdehin atası Vaqif Babayevlə əlaqə saxlanılsa da, sonuncu əvvəlcə pulun ödənilməsində oğluna kömək edəcəyini bildirməsinə baxmayaraq, o, da xeyli vaxt ötürərək, ödəniş etməkdən yayınmış, habelə sonradan nə cavabdehə, nə də atasına zəng çatmamışdır. Daha sonra, öz imkanları hesabına cavabdehin Siyəzən şəhərində yerləşən evini tapsalar da, sonuncu orada olmamış, lakin atası Vaqif Babayevlə danışıqlardan sonra, atasının yeni nömrəsini əldə etmişlər. Cavabdeh atası Vaqif Babayev şirkətə gələrək, pulu verəcəklərini dəfələrlə bildirsə də, bunun nəticəsi olmamışdır. Hazırda cavabdehin atası Vaqif Babayev də zənglərə cavab verməməkdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Babayev X1 Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə ünvanladığı etirazı qətnamədə onun izahatı kimi əks etdirən hakim təəssüflər olsun ki, iddianın təmin edilməsində qərəzli olduğundan etirazda sadaladığı və aşkar olan xüsusatları araşdırmamış, gəldiyi qənaətin hansı qanunvericiliyin tələbinə istinad edilməsi və bu qənaətə gəlməyə əsas verən halın məhz nə olmasını əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının son məhkəmə iclasında təqdim etdiyi saxtalaşdırılmış, imza və tərtibinin ona aidiyyatı qətiyyən olmayan kserosurət kağızlara hüquqi qiymət verərək iddia tələbini rədd etmək əvəzinə mövcud qanunvericiliyin konkret norma və tələblərinin ziddinə olaraq formal mülahizələr əsasında qətnamə elan etmişdir ki, qanunvericilik bu cür qərar qəbul edilməsini yolverilməz hesab edir. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən faktiki hal ondan ibarətdir ki, tərəflər arasında öhdəlik qəbul edilməsinə dair hansısa əqd imzalanmamış, ona qısa müddətlik iş günləri əks etdirən iddiaçı pandemioloji vəziyyətin tüğyan etdiyi dövrdə satmaq üçün mal verməmişdir. Ona sadəcə muzd ödəmək qarşılığında (Həmid adlı şəxsin vasitəsilə) iddiaçının elektron icazə sisteminə qəbul edilmiş və ölkə ərazisində sərbəst hərəkət etmək üçün icazə verilmişdir. İddiaçı tərəfindən təqdim edilən qaimə-fakturalarda göstərilən malların hansı şəraitdə, harada, kim tərəfindən ona verilməsi və tərəfindən qəbul edilməsi isə birinci instansiya məhkəməsinin qərəzliliyi ucbatından tam araşdırılmamış və lazımi hüquqi qiymət verilmədən əvvəlcədən hazırlanmış qətnamə elan edilmişdir. Bu isə ona əsasdır ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi dəlilləri tamamilə formal olmaqla əsassızdır. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında olan ksero yol vərəqəsi və ksero işə qəbul sənədlərinə, eləcə də saxtalaşdırılmış qaimə-fakturalara, həmçinin, saxtalaşdırılmış akta, eləcə də təqdim edilən sənədlərin sonradan onun iştirakı və imzası olmadan tərtib edilməsinə qətiyyən əhəmiyyət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəf olan cavabdehin iclasda iştirak etməməsini qətiyyən nəzərə almamış, əsassız edilən iddia tələbinin hansı əsaslarla tələb edildiyinə əhəmiyyət verməmiş, sadəcə MPM-nin iddia tələbinin təmin edilməsi ilə əlaqəsi olmayan ümumməlum normalarının şərhini vermişdir. Həmçinin, İ instansiya məhkəməsi iddiaçının təqdim etdiyi elektron əmrlərin də həqiqiliyinə lazımi diqqət yetirməyi vacib bilməmişdir. Hakimin istinad etdiyi elektron ezamiyyə əmrlərində xx.xx.2020-xx.xx.2020-ci il tarixli ezamiyyə olduğu halda təkrar eyni tarixləri əhatə edən xx.xx.2020-xx.xx.2020-ci il tarixli elektron ezamiyyə əmri də mövcuddur, eləcə də qeyd edilən tarixdə xx.xx.2020-xx.xx.2020-ci il tarixli elektron ezamiyyə əmri verilmişdir. Elektron ezamiyyə əmrlərində xx.xx.2020-ci iltarixli əmrin nömrəsi 55, ondan 2 gün sonrakı tarixdə verilən xx.xx.2020-ci il tarixli əmrin nömrəsi isə 7 olaraq əks edilir. Bu əmrlərin özü sadəcə işçi-işəgötürən münasibətinin olmamasından xəbər verir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi məhkəmənin yalnız bir tərəfin-iddiaçı "xxxx" MMC-nin mövqeyindən çıxış etməsi, yalnız və yalnız iddiaçının formal mülahizələri və saxtalaşdırılmış kserosənədlər əsasında qəbul edilmiş qətnamənin işin hallarına uyğun gəlməməsi ilə təsdiq edilir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı MMC-nin nümayəndəsi Zahit Karayol apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası olaraq göstərdiklərinin sübut olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı MMC qida məhsullarının satışını həyata keçirməsi, Cavabdeh həmin cəmiyyətin satış departamentində ekspeditor vəzifəsində işləməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmrlə xitam verilməsi işin mübahisəsiz halıdır. İşin digər halı isə ondan ibarətdir ki, Cavabdeh şirkətin Güzdək qəsəbəsindəki Mərkəzi anbarından 2020-ci ilin sentyabr ayında ümumi dəyəri 54.000 manat məbləğində toyuq məhsullarını götürməsi, həmin məhsulları müxtəlif ünvanlarda yerləşən müştərilərinə satıb, həmin ödənişləri nağd şəkildə aldığını, pulları şirkətə verməyərək, öz şəxsi ehtiyacları üçün mənimsədiyini, habelə işlərinin istədiyi kimi getmədiyinı görə məbləği şirkətə ödəyə bilmədiyini qeyd etməsi barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmışdır. Baxılan iş üzrə iddia tələbi şirkətə vurulmuş zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 199-cu maddəsi təşkil edir. Bu maddə işçinin tam maddi məsuliyyət daşıdığı halları təsbit etmişdir. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsi vəzifəsi o halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Göründüyü kimi Cavabdeh İddiaçı MMC-də ekspeditor işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə ümumilikdə 54.000 manat məbləğində zərər vurmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıdığından, iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar