Məhkəmə qərarları › İş №2(105)-789/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-789/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-789/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2952/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 dəymiş maddi ziyana görə 5995 (beş min doqquz yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 79.94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 6074.94 (altı min yetmiş dörd manat doxsan dörd qəpik) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Müdafiə Nazirliyi Cavabdeh2 komandanlığına qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilin bərpası üçün ödənilmiş 5995 manat maddi ziyan və 79.94 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53- cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 komandanlığının “Müdafiə Nazirliyi Cavabdeh2” kimi nəzərə alınmaqla vurulmuş maddi ziyanın cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Cavabdeh2 tibbi məntəqəsinin müddətli hərbi xidmət qulluqçusu, sürücü-sanitar vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Cavabdeh1 xx.xx.2022-ci tarixdə, saat 18:30 radələrində xidmətdə olarkən ona təhkim olunmuş «UAZ-396295» markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunda yerləşən X5 xidmət etdiyi Cavabdeh2 qayıdarkən həmin hərbi hissənin ərazisinə dönmək niyyəti ilə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 28-ci kilometrliyində yol hərəkət istiqamətlərini ayıran beton konstruksiyalı zolağın boşluq olan ara hissəsindən «Yol hərəkəti haqqında» Qanunun 42ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməməklə sürücü İddiaçı tərəfindən idarə olunan «Opel Astra» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu faktla bağlı DİN-nin BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsində və Sumqayıt Hərbi Prokurorluğunda yol nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmışdır. Belə ki, aparılmış araşdırma zamanı izahatı alınmış sürücü Cavabdeh1 izahatında idarə etdiyi avtomobillə Qaradağ rayonunda yerləşən X5 xidmət etdiyi Cavabdeh2 qayıdarkən həmin hərbi hissənin ərazisinə dönmək niyyəti ilə idarə etdiyi avtomobili Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 28-ci kilometrliyində Bakı və Şamaxı şəhəri istiqamətlərini ayıran beton konstruksiyalı zolağın boşluq olan ara hissəsində dayandırmış, həmin yerə öz hərəkət zolağı ilə yaxınlaşan «Opel Astra» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməsinə baxmayaraq əsassız olaraq həmin avtomobilin yavaşlayaraq ona yol verməyini zənn etmiş və manevrinin təhlükəsizliyini təmin etməməklə idarə etdiyi avtomobili «Opel Astra» markalı avtomobilin hərəkət zolağına sürməklə hərəkətinə maneə yaratmışdır. Nəticədə, iddiaçının idarə etdiyi avtomobil həmin avtomobillə toqquşmuş və «Opel Astra» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5995 manat maddi ziyan dəymişdir. İddiaçı maddi imkanının olmaması səbəbindən avtomobilə dəymiş ziyanın aradan qaldırılmasının mümkün olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yeri yaşayış məntəqəsi olmamış, yolun işlək hissəsi düz, asfalt örtüyü quru olmuş, hadisə zamanı «UAZ» markalı avtomobilin ön hissəsi sağ tərəfi ilə «Opel Astra» markalı avtomobilin hərəkət zolağında toqquşma baş vermiş, ətrafa şüşə plastmas qırıntıları səpələnmiş və yerə maye dağılmışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-dən sığorta ödənişinin alınması üçün müraciət etmiş və sığorta ödənişinin verilməsindən imtina olunması barədə bildiriş daxil olmuşdur. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Belə ki, “Opel Astra” markalı, **-FB- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Lakin iddia tələbi onun tərəfindən deyil, İddiaçı tərəfindən verilmişdir. Yəni işin hallarından da göründüyü kimi mübahisəli avtomobilə dair İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Bunun nəticəsində o, məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə İddiaçı subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. İddia tələbi əsl olmayan cavabdehə qarşı verilmişdir. Belə ki, “UAZ-396295” markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aiddir. Yəni Müdafiə Nazirliyi Cavabdeh2 iddiaçıya dəymiş maddi ziyanı ödəmək səlahiyyətinə malik olmamaqla yanaşı, bu növdə təminatı mövcud deyildir. Yəni İddiaçı tərəfindən iddia tələbi Müdafiə Nazirliyinə qarşı verilməli idi. İşin hallarından da göründüyü kimi məhkəmə tərəfindən MPM-nin 54.1-ci maddəsinin tələbləri, həmçinin Konstitusiya Məhkəməsinin mövqeyi nəzərə alınmamışdır. Çıxarılmış qətnamədən də göründüyü kimi məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Halbuki avtomobilə dəymiş ziyanın məbləğinin hesablanması üçün xüsusi bilik tələb olunur və buna görə də məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi təmin edilməli idi. Lakin Abşeron Rayon Məhkəməsi tərəfindən MPM-nin 97.1-ci maddəsinin tələbləri pozulmuş, öz təşəbbüsü ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edə biləcəyi halda, bundan imtina etmişdir. Belə ki, iddia tələbində qeyd olunanların, yəni avtomobilə dəymiş ziyanın məbləğinin düzgün olub-olmadığını müəyyənləşdirmək üçün məhkəmə tərəfində məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Buna görə də, “X4” MMC tərəfindən verilmiş rəyə mötəbər sübut kimi istinad edilə bilməz. Bu ziddiyyətli halın aydınlaşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməlidir. Avtomobilə dəymiş ziyanın məbləğini müəyyənləşdirmək xüsusi bilik tələb etdiyi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə tərəfindən bu hal nəzərə alınamış, məhkəmə-əmətəəşünaslıq ekspertizası keçirilməsi təmin olunmamışdır. Çıxarılan qətnamədən də göründüyü kimi ziyanın məbləğinin 5995 manat olduğunu təsdiqləyən mötəbər sübut yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni xx.xx.2022- ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə Müdafiə Nazirliyi Cavabdeh2 balans və istifadəsində olan avtonəqliyyat vasitəsinin idarə olunması nəticəsində 5995 manat maddi ziyan vurulması öz təsdiqini tapması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müdafiə Nazirliyi Cavabdeh2 tibbi məntəqəsinin müddətli hərbi xidmət qulluqçusu, sürücü-sanitar vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən sürücü Cavabdeh1 idarə etdiyi “UAZ-396295” markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtomobillə İddiaçı tərəfindən idarə olunan “Opel Astra” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, ** FB *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobil dövlət qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətindədir və xx.xx.2023cü il tarixədək İddiaçı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ üzrə etibarnamə verilmişdir. Nəzərə alınmalıdır ki, avtomobillə bağlı iddiaçıya bu cür etibarnamənin verilməsi daha çox yol hərəkətinin iştirakçısı kimi onun inzibatı münasibətlərinə xidmət edir, ona əmlaka vurulmuş zərərin ödənilməsi barədə iddia qaldırmaq hüququ yaratmır. Qeyd olunmalıdır ki, başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Digər tərəfdən iddiaçının istinad etdiyi etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü halda belə o, mövcud tələblə məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin məzmununa əsasən iddiaçı öz maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ öz təbiət etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin movcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı subyektiv hüququ olmadığından, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar