Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-79/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3830/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli, 102804-845294/1 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, borclu Cavabdeh1 İddiaçı ASC tərəfindən 23 % dərəcəsi ilə 48 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir.
2. Bank və digər cavabdeh – Cavabdeh2 arasında 28 yanvar 2020 il tariхli, 102804- 845294/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25316.23 manat məbləğində əsas bоrc və 17137.77 manat faiz borcu оlmaqla, cəmi 42454 manat borcun və 217.76 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tariхli, 102804-845294/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 23% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 28 yanvar 2020 il tariхli, 102804- 845294/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 28 yanvar 2020 il tariхli, 102804-845294/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 24 may 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 25316.23 manat məbləğində əsas bоrcu və 17137.77 manat faiz borcu оlmaqla, ümumilikdə 42454 (qırx ikimin dörd yüz əlli dörd) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 102804-845294/1 nömrəli kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 25316.23 manat məbləğində əsas bоrc və 17137.77 manat faiz borcu оlmaqla, cəmi 42454 (qırx iki min dörd yüz əlli dörd) manat məbləğində borcu vardır.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3830/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25316.23 manat məbləğində əsas bоrcun və 17137.77 manat faiz borcu оlmaqla, cəmi 42454 (qırx iki min dörd yüz əlli dörd) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 217.76 manat dövlət rüsumuna görə pul vəsaitinin tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 448.1, 449.4, 472.1, 472.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən kredit müqaviləsinə əsasən müqavilə öhdəliyi cavabdehlər tərəfindən vaxtlı-vaxtında yerinə yetirilmiş, müqavilə üzrə borcdan çox hissəsi ödənilmiş və nəticədə cavabdehlərin iddiaçıya müəyyən məbləğində əsas borcu qalmışdır. Birinci instansiyası məhkəməsi iddiaçı bank cavabdehlərin öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq tərəflər arasındakı kredit müqaviləsinin müddəti başa çatmamış, vaxtından əvvəl ləğv edilməsini xahiş etmədən cavabdehlərdən tam borcunu tələb etmişdir. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanununun müddəalarını tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki işdə də bu hallar görünmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Hazırki tələbində 36 ay müddətinə bağlanmış müqavilə üzrə iddiaçı vaxtından əvvəl borcunu tələb etmişdir, iddiaçı tam borcunu tələb etməklə mahiyyətcə müqaviləni vaxtından əvvəl ləğv etməyi xahiş etmişdir. Lakin iddiaçı müqaviləni vaxtından əvvəl ləğv etmək və ya dəyişdirmək barədə qarşı tərəfə məlumat verməmişdir. İddiaçı tərəfindən borcun vaxtından əvvəl tələb edilməsi barədə qarşı tərəfə bildiriş təqdim edilməsi iş materiallarından görünmür. Beləliklə, müəyyən edilmişdir ki, qanunda nəzərdə tutulmuş qaydada mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sübut təqdim edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi bank tərəfindən hesablamaların düzgün aparıl-aparılmadığını araşdırmamış, əsaslandırmamış və məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Sözügedən kredit müqaviləsi üzrə iddia qaldırılanadək cavabdehin nə qədər borcunun qaldığını, o cümlədən nə qədər əsas və nə qədər faiz borcunun yarandığını müəyyən etmək, habelə mübahisənin düzgün və obyektiv həlli məqsədi ilə məhkəmə-mübasibatlıq ekspertizasının təyin edilməsi məqsədəuyğun olardı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
17. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
18. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
19. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
24. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3830/2022 nömrəli qətnaməsi - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17137.77 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilməli, xx.xx.2020-ci il tarixli, 102804-845294/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada faiz borc üzrə 8358,89 (səkkiz min üç yüz əlli səkkiz manat səksən doqquz qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 290 (iki yüz doxsan) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
31. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
32. Apellyasiya şikayətinin dəlillərini nəzərə alınaraq, tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8162 nömrəli, 22 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış xx.xx.2020-ci il tarixli, 102804-845294/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcu - əsas borc üzrə 25316,39 manat, faiz borcu üzrə 8358,89 manat təşkil edir.
34. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən əsas və faiz borc məbləği ödənilmədən qalmış və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.
35. Ekspert rəyindən müəyyən edilir ki, əsas borcun məbləği xx.xx.2022-ci il tarixli maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən çox, faiz borcunun məbləği isə azdır.
36. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
37. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Əsas borcun məbləğinin xx.xx.2022-ci il tarixli maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən çox olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Odur ki, yalnız kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.
40. Müqavilənin ləğv edilmədən borcun tələb edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
41. İşdən də göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini ardıcıl olaraq pozmuş, iddiaçı isə borcun vaxtından əvvəl ödənilməsini tələb etmişdir.
42. Bundan əlavə, maliyyə arayışından görünür ki, iddiaçı bank müqavilə müddətinin bitdiyi tarixə deyil, xx.xx.2022-ci il tarixə olan faiz borcunu tələb edir.
43. İddiaçı tərəfindən borcun vaxtından əvvəl tələb edilməsi barədə qarşı tərəfə bildiriş təqdim edilməməsi barədə cavabdehin dəlili ilə bağlı isə qeyd olunur ki, iş materiallarından (səh. 18, 22) görünür ki, borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xx.xx.2021-ci il tarixli bildiriş ünvanlanmış, həmin bildiriş xx.xx.2021-ci ildə cavabdehin olduğu ünvan üzrə təqdim edilmişdir.
44. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 290 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3830/2022 nömrəli qətnaməsi - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17137,77 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. xx.xx.2020-ci il tarixli, 102804-845294/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada faiz borcu üzrə 8358,89 (səkkiz min üç yüz əlli səkkiz manat səksən doqquz qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 290 (iki yüz doxsan) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.