Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-790/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5677/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2018-ci ilin sentyabr-oktyabr aylarında İddiaçı özünə ev tikmək üçün torpaq sahəsi almışdır. Ramin Dostəliyev tərəfindən iddiaçıya torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı etibarnamə verilmişdir. Bundan sonra, iddiaçı həmin torpaq sahəsində tikinti işlərinə başlamışdır. Ailə problemləri ilə əlaqədar tikinti işlərini davam etdirə bilməmiş və boşandığı üçün torpaq sahəsini keçmiş qayınatasıgilə yaxın olduğundan satmaq qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpaq sahəsinə görə ödənilmiş 3000 manat, bünövrəyə çəkilən xərcə görə 350 manat, torpaq sahəsində qalmış, istifadə edilməmiş tikinti materiallarının dəyərinə görə 350 manat, mənəvi zərərə görə 1000 manat, ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 4770 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında İddiaçı özünə ev tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə tanıdığı şəxslərlə ucuz qiymətə satılan torpaq sahəsinin olub-olmaması barədə maraqlanmağa başlamışdır. Bu məsələdə keçmiş qayınatası iddiaçıya özünün yaşadığı Qobu yolunda tanıdığı makler olduğunu, onunla maraqlanıb torpaq sahələrinə baxılmasını bildirmişdir. Qayınatası “Ataş” ləqəbli Cavabdeh adlı maklerlə əlaqə saxlamış və cavabdeh iddiaçını bir neçə torpaq sahəsinə apararaq göstərmiş, nəhayət, Qobu qəsəbəsində Polis bölməsinin arxasında, yəni, Abşeron rayonu Qobu bələdiyyəsinin 21 iyul 2007-ci il tarixli 5 saylı qərarına əsasən, onlara ayrılmış torpaq sahəsini göstərmişdir. Cavabdeh göstərdiyi torpaq sahəsinin X2 adına olduğunu və sənədin yalnız bələdiyyədən verilmiş plan-sxem olduğunu bildirmişdir. Belə ki, həmin ərazidə hər kəs qeyd olunan sənədlə torpaq alaraq özünə ev tikirdi. Ramin Dostəliyev tərəfindən iddiaçıya etibarnamə verilməli və iddiaçı da həmin torpaq sahəsini qeyd olunan formada əldə etmiş olacaqdı. İddiaçı həmin torpaq sahəsini bəyənmiş və 1.5 sot hissəsini almağa razılığını bildirmişdir. İddiaçı həmin torpağın 1.5 sotunu 3000 manata razılaşıb pulu qaynatası Şahin Ələsgərovun yanında Xırdalan şəhəri 1 saylı notariat ofisində torpaq sahəsinə dair etibarnaməni aldığı gün, yəni 17 noyabr 2018-ci il tarixdə Cavabdeh təqdim etmişdir. Bundan sonra iddiaçı orada yavaş-yavaş tikinti işlərinə başlamaq qərarına gəlmişdir. Belə ki, iddiaçı torpaq sahəsində evin bünövrəsini tikərək hazır vəziyyətə gətirmiş, həmin vaxt Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tikintini dayandırmasını tələb etmişlər. Maddi imkanı aşağı olduğundan iddiaçı tikintini məcbur dayandırmış, həmin vaxt torpaq sahəsində istifadə edilməmiş 200 ədəd kubik (200 manat), 1 zil maşını qum (150 manat) və xırda daş (atçep) materialları qalmışdır. Həmçinin, evin bünövrəsinin tikintisinə 350 manat xərc çəkilmişdir. Bundan sonra ailə problemləri ilə əlaqədar tikinti işlərini iddiaçı davam etdirə bilməmiş və həmçinin, boşandığından torpaq sahəsi də keçmiş qaynatasıgilə yaxın olduğundan iddiaçı satmaq qərarına gəlmişdir. Bu məqsədlə, Ataş (Yusif) adlı maklerlə iddiaçı əlaqə saxlamış və atası Əskər Mirzəyevlə birlikdə görüşərək torpağa müştəri tapması barədə söhbət etmişdir. Ataş isə torpağı özünün götürməsini və orada ev tikərək satıb iddiaçının da pulunu artıqlaması ilə verəcəyini bildirmişdir. Ataş həmin torpaq sahəsində qalan istifadə edilməmiş tikinti materiallarının da dəyərini özünün verəcəyini, ona həmin materialların lazım olduğunu bildirmiş və iddiaçının materialları götürməməsini xahiş etmişdir. İddiaçı və atası onunla razılaşaraq torpaq sahəsini istifadə edilməmiş tikinti materialları ilə birlikdə Ataş adlı maklerə vermişdir. Bir müddət sonra iddiaçı həmin torpaq sahəsində ev tikildiyinin şahidi olmuş və Ataşla əlaqə saxlayaraq pulunu tələb etmiş, Ataş dəfələrlə gah Bakıda olmadığını, gah Gürcüstanda olduğunu, Bakıya gələndə pulu verəcəyini bildirsə də, son zamanlar ümumiyyətlə telefonlara cavab verməməyə başlamışdır. Buna görə də, iddiaçı polis bölməsinə müraciət etmiş və mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı və onun atası torpaq sahəsi almaq niyyətində olmuş və iddiaçı nikaha daxil olduqdan sonra iddiaçının qayınatası Abşeron rayonu Qobu qəsəbəsində fəaliyyət göstərən maklerə, yəni, Cavabdeh yaxınlaşıb kömək edilməsini bildirmişdir. Polis bölməsinin arxasında yerləşən torpaq sahəsinin yarısı iddiaçı tərəfindən, yarısı isə iddiaçının qayınatası tərəfindən götürülmüş, torpaq sahəsi etibarnamə ilə alınmışdır. İddiaçı tərəfindən tikinti işlərinin inşasına başlanılsa da, aidiyyəti qurumların müdaxiləsindən sonra tikinti işləri dayandırılmışdır. Sonradan, iddiaçının ailə nikah münasibətlərində problemlər yaranmış və bundan sonra bir yerdə yaşamaq mümkün olmamış, nikaha xitam verilmişdir. İddiaçı torpaq sahəsini satmaq qərarına gəlmiş, cavabdeh isə tikili inşa etdikdən sonra torpaq sahəsini alıb pulu qaytaracağını bildirmişdir. İddiaçı tərəfindən 3000 manat ödənilmişdir. Cavabdeh tərəfindən tikili inşa edilmiş, lakin satılıb-satılmayacağı barədə məlumatı yoxdur. Tələb olunsa da cavabdeh pulu ödəməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının hazırda istəyi ödədiyi pulun geri qaytarılmasıdır. Etibarnamə də mövcuddur ki, həmin sənəd X4 tərəfindən verilmişdir. Lakin bütün söhbətlə cavabdeh tərəfindən aparılmışdır. Başqa sözlə, cavabdeh satışdan aldığı pulu geri qaytarmır. İddiaçı atası ilə birlikdə qaynatasının yanında pulu cavabdehə vermişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddiaçını və iddiaçının atasını tanımasa da, qayınatasını tanıyır. İddiaçının qayınatası Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. İddiaçının qayınatası 2.5 sot torpağa görə 3000 manat pul ödəmiş və həmin pul Ramin Dostəliyevə verilmişdir. O, özü makler işləyir və yalnız vasitəçi rolunda iştirak etmişdir. İddiaçı ona heç bir məbləğdə pul verməmişdir. İddiaçının qayınatası usta işləyir, bir müddət keçəndən sonra ev tikilmiş və iddiaçı ona müraciət edərək danışıq aparmaq istədiyini bildirmişdir. İddiaçı ondan torpaq sahəsi aldığını bildirmiş, lakin o, yaddaşının güclü olduğunu, iddiaçıya torpaq sahəsi satmadığını bildirmişdir. İddiaçı torpaq sahəsini göstərsə də, o, həmin torpaq sahəsinin satılmasında vasitəçi olduğunu bildirmişdir. O, 200-300 manat xidmət haqqını almış, iddiaçıdan isə pul almamışdır. Mübahisəli torpaq sahəsi iddiaçının qayınatasına satılmışdır. İddiaçının atası yaxınlaşaraq torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Torpaq sahəsinin satılmasına görə 3000 manat irəli sürülmüşdür. Həmin torpaq sahəsinə müştəri aparanda iddiaçının qayınanası iddiaçının torpağının olmadığını və həmin torpağın uşaq üçün aliment əvəzi verildiyini bildirmişdir. Həmçinin, iddiaçının qayınanası torpaq sahəsinin sənədinin olmadığını bildirmişdir. Ümumilikdə, o, iddiaçını tanımır və ondan pul almamışdır. Satılan torpaq sahəsi isə iddiaçının qayınanası və qayınatasına satılmış, aralarında münasibətlər pozulandan sonra bəlli olmuşdur ki, iddiaçı da öz növbəsində, torpaq sahəsi iddiasında olmuşdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. Oğlu ilə gəlini boşandıqdan sonra o, torpaq sahəsini satmaq qərarına gəlmiş və bunun üçün ev-alqı satqısı ilə məşğul olan Ataş ləqəbli maklerlə tanış olmuşdur. O, torpaq sahəsinin satılması barədə razılığa gəlmiş, cavabdeh torpaq sahəsini mart ayınadək satıb pulu verəcəyini bildirmişdir. Mart ayından sonra o, maklerə zəng etmiş, cavab ala bilməmiş, gah Gürcüstan, gah Qubada olduğunu bildirmişdir. Cavabdeh torpaq sahəsi almış, pulu o, oğluna şəxsən vermiş, cavabdehə isə o, özü pul verməmişdir. O, başqasına satılmış torpaq sahəsinin satılma səbəbini soruşmamışdır. O, özü dəfələrlə cavabdehə zəng etmiş və hətta onun özünə də dəfələrlə zənglər edilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 2(012)-5677/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329-cu maddəsinin, Mülki Prosessual Məcəllənin 76, 77, 88-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh danışmağa başlayarkən etirafedici ifadələr işlətməyə başlayan anda hakim onun sözünü kəsmiş və bunun hazırlıq iclası olduğunu, sözünü məhkəmə baxışında deyəcəyini bildirmişdir. Halbuki, yeni qanunvericiliyə əsasən bütün izahatlar, sübutlar hazırlıq iclaslarında araşdırılır. Nəticədə belə olan halda cavabdeh izahatını verməmiş və məhkəmə elə birinci hazırlıq iclasında işin məhkəmə baxışına təyin edilməsini bildirmişdir. Buna etiraz etmiş və işin hələ araşdırılmasını xahiş etmişdir. Bundan sonra ikinci məhkəmə iclasında hakim məhkəmə iclasında işin məhkəmə baxışına təyin olunmasına fikrini soruşduqda əlavə sübut təqdim edəcəyini bildirmiş, tərəfindən sorğu verildiyini, sms və zənglərin çıxarılmasını tələb etdiyini və növbəti iclasda təqdim edəcəyini bildirmişdir. Etirazına baxmayaraq iş məhkəmə baxışına təyin edilmişir. Halbuki, bunun üçün heç bir əsas yox idi və hələ məhkəmə araşdırılması aparılması zərurəti var idi. Məhkəmə baxışı mərhələsində cavabdeh nə qədər hazırlıqlı olsa da, iddianı dolayı yolla da olsa etiraf etmək məcburiyyətində qaldı və iddiasında göstərdiklərini dolayı yolla da olsa etiraf etdi. Tərəfindən həmin məhkəmə iclasında smslərlə bağlı sübut məhkəməyə təqdim edilsə də, məhkəmə iclasında hakim həmin sübutu qəbul etməkdən imtina etmişdir. Bildirmişdir ki, artıq məhkəmə baxışıdır və sübut qəbul etmir, sübutu dəftərxana vasitəsilə təqdim edə bilər. Həmçinin, yerli baxış keçirilməsi barədə vəsatət vermiş və əsassız olaraq həmin vəsatət də təmin edilməmişdir. Ən azından hakim tərəfindən yerli baxış zamanı hazırki mübahisəli evdə yaşayanlar müəyyən edilə bilər, onlara kim tərəfindən evin satılması faktı təsdiq edilə bilərdi. Lakin vəsatət təmin edilmədiyindən həmin hallar da araşdırma predmetindən kənarda qalmışdır. Yuxarıda qeyd etdiyi nöqsanlardan başqa, qətnamədən və iclas protokollarından görünür ki, iş üzrə cavabdehin izahatı tamamilə təhrif edilmiş formada yazılmışdır. Yəni, cavabdeh məhkəmə iclasında səsləndirmədiyi fikirlər də qətnamədə cavabdehin izahatı qrafasında öz əksini tapmışdır. Bu da bir daha məhkəmənin qərəzli və qeyri-obyektiv aparılmasının sübutudur. Həmçinin məhkəmə iclasında verilmiş suallara çaşqın və qeyri-səmimi, həmçinin ziddiyyətli cavablar verən cavabdehin sözləri onun bir daha yalan danışmağının sübutu olmuşdur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında olan mesaj və ona edilmiş onlarla zənglərə heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iclasında cavabdehə niyə iddiaçı sizə bu neçə ay ərzində dəfələrlə zənglər etmişdir sualına iddiaçı heç bir cavab verə bilməmişdir. Şahid ifadəsinə isə iddiaçının maraqları baxımından çıxış etmə kimi əsassız bir hüquqi qiymət vermişdir. Halbuki, şahid cinayət məsuliyyəti barədə xəbərdar edilir və onun kimliyindən asılı olmayaraq iltizama imza etdirilir. Bundan başqa şifahi şəkildə verilmiş yerli baxış barədə vəsatət təmin edilməmiş, qərəzli olaraq obyektiv araşdırma prinsipi pozulmuşdur. Nəticədə həm maddi, həm də prosessual hüquq normaları pozularaq ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 izahatında bildirdi ki, onun Cavabdeh borcu olmuşdur və həmin torpaq sahəsini etibarnamə əsasında borcunun əvəzi olaraq satması üçün ona vermişdir. İddiaçını tanımır, ona pul verməmiş və ondan pul almamışdır.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. (...)
Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (...)
Maddə 1091. Əsassız varlanma anlayışı
1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işdə olan Abşeron rayonu 1 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 7E-20123 reyestr nömrəsi ilə təsdiq olunmuş AR-İ № 699084 saylı etibarnamənin surətindən görünür ki, X1 rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən, 0.08 ha torpaq sahəsi ilə əlaqədar arayış, çıxarış almağı, satmaq, bağışlamaq və digər səlahiyyətləri İddiaçı 70 il müddətinə, xx.xx.2088-ci il tarixədək etibar etmişdir.
21. Cavabdeh X11 verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı torpaq sahəsi satmamış, həmin şəxsi tanımır.
22. İddiaçı X11 verdiyi izahatdan görünür ki, o, 2018-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən torpaq sahəsini qaynatası Şahinin vasitəsilə 3000 manata Ataş adlı maklerdən almışdır. Müəyyən müddət sonra torpağı satmaq qərarına gəlmiş, Ataş torpağı ona verib evi satandan sonra mart ayında pulunu qaytaracağını bildirmişdir. Ev tikilib satılmış, Cavabdeh isə həmin pulu onun qayınanasına məhkəmədə verdiyini bildirmişdir. Torpaq notarial qaydada onun adına keçirilmiş, onun mülkiyyətində olan torpaq sahəsinin pulunun başqa şəxslərə verilməsi mümkün deyildir və bunun araşdırılmasını xahiş etmişdir.
23. Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli 345- 10470M-32 saylı məktubundan görünür ki, müraciətdə göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi və mülki iş materiallarına əlavə olunmuş Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 tərəfindən etibarnamə verilmiş və həmin etibarnamə ilə iddiaçıya torpaq sahəsinə münasibətdə səlahiyyətlər ötürülmüşdür. Etibarnamə üzrə səlahiyyətlərin ötürülməsi torpaq üzərində iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqlarının yaranması demək deyildir.
25. Məhkəmə araşdırması zamanı iddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh 3000 manat pul ödənilməklə alındığını iddia etsə də, torpaq sahəsinin 3000 manata alındığını, alındığı halda isə onun cavabdeh tərəfindən satılmasını, eyni zamanda, aldığını iddia etdiyi torpaq sahəsində bünövrə işlərinin görülməsi və istifadə edilməmiş tikinti materiallarının qaldığını sübuta yetirə bilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş iddiaçının atasının ifadəsində cavabdehə pul məbləğinin verilməsini göstərsə də, məhkəmə qeyd edir ki, həmin ifadə iddiaçının maraqlarına uyğun olaraq verilmiş və sübut kimi qəbul edilməməlidir. Eyni zamanda, cavabdehin X11 və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, iddiaçıdan torpaq sahəsinin satılması ilə bağlı hər hansı bir məbləğdə pul vəsaiti almamışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
27. Hazırkı iş materiallarından isə görünür ki, iddiaçı tələbini əsaslandırdığı halları sübut edə bilməmiş, cavabdehə pulun verilməsini təsdiq edən hər hansı (qəbz, müqavilə, iltizam və s.) mötəbər sübut təqdim etməmişdir.
28. Cavabdehin isə polis bölməsində və məhkəmə iclaslarında verdiyi izahatdan görünür ki, o, iddiaçıdan pul almadığını bildirmişdir.
29. İddiaçı apellyasiya şikayətində cavabdehin dolayısı ilə borcu etiraf edən izahatlar verdiyini, məhkəmə iclasının prokotolunda cavabdehin izahatının təhrif edildiyini qeyd etsə də, işdən görünür ki, iddiaçı tərəf protokola bu barədə yazılı qeydlər verməmişdir.
30. Halbuki, Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
31. Məhkəmə tərəfindən sübutların qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında sübutlar qəbul edilməmişdirsə, həmin sübutlar dəftərxana və ya elektron kabinet vasitəsilə təqdim edilə bilərdi.
32. Yerli baxışın keçirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinə yerli baxış keçirilməsi mövcud vəziyyətdə iş üzrə cavabdehə qarşı yönələn pul tələbinin (torpaq sahəsinə görə ödənilmiş 3000 manat, bünövrəyə çəkilən xərcə görə 350 manat, torpaq sahəsində qalmış, istifadə edilməmiş tikinti materiallarının dəyərinə görə 350 manat) təmin edilməsi üçün sübut əhəmiyyəti daşımır. Belə ki, iddiaçı ərizəsində də göstərmişdir ki, bir müddət sonra həmin torpaq sahəsində ev tikildiyinin şahidi olmuşdur.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
34. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
36. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
37. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən tələbinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə cavabdehin hərəkətləri nəticəsində onun fiziki və mənəvi sarsıntı keçirməsini məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir.
39. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, apellyasiya şikayətinin dəlilləri formal mülahizə, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə isə qanuni və əsaslıdır.
40. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5677/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.