Məhkəmə qərarları › İş №2(105)-791/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-791/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-791/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4803,68 manat pulun, ödənilmiş 68,44 manat məbləğində dövlət rüsumunun, həmçinin hüquqi yardıma görə ödənilmiş 65 manat xərcin cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 14/0699 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********01600 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına qaz xəttinə qoşulmuş, təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 863.40 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 201.60 manat, xx.xx.2018 il tarixli, ******* saylı akt əsasında 878.40 manat, xx.xx.2020 il tarixli, ******* saylı akt əsasında 2016 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 2159.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin təbii qazdan istifadə nəticəsində 503.65 manat debitor borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 4803.68 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh (abonent kodu: **********01600) ziyana görə 273 manat, debitor borcu kimi 503,65 manat olmaqla, cəmi 776,65 manat, vəkil xərci kimi 65 manat və dövlət rüsumu kimi 68,44 manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim M.Abbasova). İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin ilk 3 akt üzrə ümumilikdə 273 manat zərər vurması müəyyən olunduğundan həmin məbləğ, həmçinin abonentin saldosu üzrə məlumatlardan Cavabdeh Birliyə 2020-2021-ci illər üzrə 503,65 (171,90+321,25+10,50) manat debitor borcunun olduğu və bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait də Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442-ci və Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə qismən əsassızdır. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Lakin məhkəmə bu kimi vacib halları nəzərə almamış və əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə tərəflər məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsində qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 14/0699 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018 il tarixli, ******* saylı, xx.xx.2018 il tarixli, ******* saylı, xx.xx.2018 il tarixli, ******* saylı və xx.xx.2020 il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, ilk üç aktla Abşeron rayonu, Hökməli qəsəbəsində (abonent kodu: **********01600) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktları imzalamamışdır. Sonuncu akt isə sayğacın nasazlığı barədə tərtib edilmişdir. İş materiallarında olan istehlakçı Cavabdeh adına olan **********01600 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 4803,68 manat borcu vardır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş ilk üç aktla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 18 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, Cavabdeh Birliyə xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2018 il tarixli ******* saylı akt üzrə 63 (3,5 x 6 x 30 = 630 kub.metr) manat ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin ilk 3 akt üzrə ümumilikdə 273 manat zərər vurması müəyyən olunur. Lakin xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, bu akt sayğacın nasazlığı barədədir. Məhkəmə hesab edir ki, məişət qaz sayğacının yararlılığına abonent məsuliyyət daşımadığından həmin akta əsasən hesablanmış cərimənin Cavabdeh tələb edilməsi qanunsuzdur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********01600) Abşeron rayonu, Hökməli qəsəbəsində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, xx.xx.2018 il tarixli ******* saylı, xx.xx.2018 il tarixli ******* saylı və xx.xx.2018 il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 273 manat pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa, abonentin saldosu üzrə məlumatlardan görünür ki, Cavabdeh Birliyə 2020-2021-ci illər üzrə 503,65 (171,90+321,25+10,50) manat debitor borcu vardır. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi debitor borcu kimi 503,65 manat, vəkil xərci kimi 65 manat və dövlət rüsumu kimi 68,44 manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi barədə düzgün nəticəyə gəlsə də ziyana görə 273 manat pulun tutulmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar ilkin olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, digər aktlar isə mütəmadi olaraq sonrakı tarixlərdə tərtib edilmişdir. Bununla da iddiaçı təşkilat tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, «Qazdan istifadə qaydaları»nın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə ilk dəfə xx.xx.2018-ci il tarixdə akt tərtib edilmiş, həmin akt tərtib edildikdən sonra qazpaylayıcı tərəfindən Cavabdeh qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki “Qazdan istifadə qaydaları”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda bunu etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən birinci akta görə hesablanmış 863,40 manat pul cavabdehdən tutulmalı, digər aktlara görə müəyyən edilmiş borcun tutulmasından isə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ziyana görə 273 manat pulun tutulmasına dair hissədə dəyişdirilməli, cavabdehdən 863,40 (səkkiz yüz altmış üç manat, qırx qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1456/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ziyana görə 273 manat pulun tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdeh ziyana görə 863,40 (səkkiz yüz altmış üç manat, qırx qəpik) tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar