Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-795/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Abşeron Rayon Polis İdarəsi mülki iş üzrə (Açar sözlər: şəxsin itkin düşməsi faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi şəxsin itkin düşməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(012)- 5291/2022 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası – xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdən itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü atası X4 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşmüşdür. Artıq 27 ildir ki, ondan heç bir xəbər yoxdur. Ondan miras qalmış əmlaklara dair vərəsəlik işi ilə bağlı 04 may 1955-ci il təvəllüdlü X2 itikin düşməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Atasının itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etməsinə baxmayaraq, bu günədək cavab ala bilməmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(012)- 5291/2022 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim M.Abbasova). Ərizəni rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir itkin düşmüş elan edilməsi xahiş edilən şəxsin itkin düşmüş ehtimal edilməsi anından uzun müddət keçməsinə baxmayaraq, ərizəçi bu barədə müvafiq hüquq-mühafizə orqanlarına zamanında müraciət etməmişdir. Başqa sözlə hazırkı ərizənin təmin edilməsi üçün sübutlar kifayət etmir, ərizə kifayət qədər əsaslı sübutlarla təsdiq edilmədiyindən ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4 və 313-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(012)- 5291/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Ərizəçi ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Məhkəmə kifayət qədər əsaslandırılmış hüquqi əsası olan ərizəni təmin etməmişdir. Qəbul edilən qətnamə onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İşin faktiki halı ondan ibarətdir ki, bütün Goradil kəndi bilir ki, atası balıqçılıqla məşğul olub və xx.xx.1995-ci il tarixdə rezin qayıq ilə dənizə balıq tutmağa gedib və bir daha onu görən olmayıb. Birinci instansiya məhkəməsində icraat zamanı atası ilə gündəlik ünsiyyətdə olan qonşular və ailə üzvləri şahid kimi ifadə veriblər. Şahidlər ifadələrində xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşdüyünü təsdiq etmişlər. Lakin məhkəmə bu şahidlərin ifadələrinə tənqidi yanaşdığını yalnız sözlə bildirməklə kifayətləndi və ərizəni təmin etmədi. Atasına məxsus pasport, hərbi bilet və digər sənədlərin əslini də məhkəməyə təqdim etmişdir. Belə ki, atası itkin düşdüyündən bu sənədlərə də ehtiyacı qalmamışdır. Hamıya məlumdur ki, pasport, şəxsiyyət vəsiqəsi və hərbi bilet olmadan insan heç bir yerə gedə bilmir, fəaliyyət göstərə bilmir və ümumiyyətlə bu əsas sənədlərsiz yaşamaq mümkün deyil. Bundan əlavə bu qədər müddətdə ərizəçi və ailəsi həmin evdə, yəni atasına məxsus evdə yaşamış, onun təsərrüfatını ailəlikcə idarə etmişlər. Onun tərəfindən məhkəməyə kifayət qədər zəruri sənədlər, sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə heç bir ciddi əsaslandırma aparmadan ərizəni rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək , əlavə etdi ki, məhkəmə ərizəni təmin etməmiş və rəddin əsası kimi kifayət qədər sübut təqdim olunmamasını göstərmişdir. Birinci instansiya məhkəməsində iş üzrə lazımi araşdırılma aparılmamış, iş üzrə səthi araşdırma aparılmaqla ərizənin rədd edilməsi kimi ərizəçinin hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, xx.xx.1955ci il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşmüşdür. Belə ki, o balıqçılıqla məşğul olurdu və qeyd edilən vaxtdan ondan heç bir məlumat əldə edilməmişdir. Ona məxsus bütün zəruri sənədlər isə hazırda ərizəçidədir və həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Hazırkı ərizənin təmin edilməsi Nazim Begiyevdən miras qalan əmlakların hüquqi rejiminin tənzimlənməsi ilə əlaqədardır. Bu faktın təsdiqi isə yalnız məhkəmə qaydasında mümkündür. Bütün bunlara baxmayaraq, kifayət qədər sübutların mövcudluğu halında məhkəmə ərizəni rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də, iş üzrə digər maraqlı şəxs Abşeron Rayon Polis İdarəsi məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 312 Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313 Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan - 334736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə doğulmuşdur. X1r. - 605742 saylı pasportun surətindən görünür ki, X4 xx.xx.1955-ci il tarixdə Abşeron rayonunun Goradil kəndində doğulmuşdur. - 407264 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1955-ci il tarixdə Abşeron rayonunun Goradil kəndində doğulmuşdur. - ******* saylı hərbi biletin surətindən görünür ki, X4 oğlu Abşeron rayon Hərbi Komissarlığında qeydiyyatda olmuşdur. - Ərizəçi ərizəsindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə Abşeron rayonunun Goradil kəndində doğulmuş atası X2 itikin düşməsilə bağlı xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Begiyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron Rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-574/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Abşeron rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - xx.xx.2022-ci il tarixli, 222 saylı arayışdan görünür ki, X4 xx.xx.1995-ci il tarixinədək Abşeron rayonu, Görədil kəndi, Əzizbəyov küçəsi, d 2/2 saylı evdə yaşamışdır. - Görədil kənd İƏD üzrə nümayəndəliyin təsdiq etdiyi, K.A.Abasov, İ.Ş.Qənbərova və K.B.Quliyevin tərtib etdikləri aktdan görünür ki, X4 xx.xx.1995-ci il tarixinədək Abşeron rayonu, Görədil kəndində yaşamışdır. Həmin tarixdən onu bu ünvanda görməmişlər Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi atası xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşməsini bildirmiş və bu faktın məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdir. Onun ərizəsində qeyd edilən hallar isə yalnız birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin ifadələri ilə təsdiq edilir. İş materiallarından aydın olunur ki, N.Begiyevin itkin düşməsi ilə bağlı onun ailə üzvləri, o cümlədən ərizəçi vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Ərizədən görünür ki, Ərizəçi bu barədə polis orqanlarına yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası bu hala şübhə ilə yanaşır və hesab edir ki, hazırki ərizə N.Begiyevin xx.xx.1995-ci il tarixdə itkin düşməsi faktının təsdiq edilməsi üçün kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə işdəki sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər bu faktın təsdiqi və ərizənin təmin edilməsi üçün sübut kimi kifayət etmir. Göstərilənlərə əsasən, kollegiya qeyd edir ki, ərizəçi məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan ərizəçi öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(012)- 5291/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir