Məhkəmə qərarları › İş №2(105)-797/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-797/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-797/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 çəlb olunmaqla) pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” 180000 manat məbləğində pulu “Borc alan”a borc verir, “Borc alan” isə krediti xx.xx.2024-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmədə iddia qaldıraraq Cavabdeh alınaraq, borc götürdüyü 180000 (bir yüz səksən min) manat nağd pul vəsaitinin və borcun qaytarılmadığı hər günə görə 0.1% dərəcəsi üzrə (iki ay müddəti üçün) hesablanmış cəmi 10800 (on min səkkiz yüz) manat dəbbə pulu, eləcə də məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 470 manat dövlət rüsumunun İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, ona müraciət edərək borcu yarandığını və ona maliyyə cəhətdən az müddət üçün yardımçı olmağını xahiş etmişdir. Münasibətləri daim onunla normal olmuş, davranışları ilə etibarlı bir dost təəssüratı yaratmışdır. Ona istədiyi böyük məbləğin hazırda nağd şəkildə əlində olmadığını, lakin Bakı şəhərində olan mənzilini sataraq ona müvəqqəti yardımçı ola biləcəyini bildirmişdir. Cavabdeh evi sataraq pulu ona verməyini xahiş etmiş və qısa bir müddətdə əldə etdiyi pul məbləğini qaytaracağına söz vermişdir. Onunla olan dostluq münasibətlərinə güvənərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 122.70 kv.metr mənzilini satmaq məqsədilə Cavabdeh etibarnamə vermiş və onun həyata keçirdiyi satışdan əldə edilən pul vəsaitini Muğanbankın Xaçmaz filialı vasitəsilə ona vermişdir. Bununla bağlı etimad mühiti yaratmaq məqsədilə, onun özünün təkidi ilə Xaçmaz rayonunun 1 saylı Notariat ofisində 180000 (bir yüz səksən min) manat məbləğində Kredit Müqaviləsi imzalanaraq təsdiqlənmişdir.

4. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh iddiaçı ilə dost münasibətində olduğu üçün kommersiya fəaliyyətini genişləndirmək üçün iddiaçıdan borc pul istəmiş, iddiaçı da evini satıb pulunu cavabdehə vermişdir, cavabdeh hazırda da kommersiya ilə məşğul olur, gəlir əldə edir, ona görə də gecikməyə görə əlavə tələb qoyulmuşdur.

5. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, borcu qəbul edir, cəriməni isə qəbul etmir. Ona 196000 manat pul verilmişdir, 16000 manat pul iki dəfəyə əlavə olaraq verilmişdir. İddiaçı ilə 33% şərik etmək barədə aralarında razılıq olmuşdur. Onun əmlakı iddiaçıdadır, istifadə edirlər. Əmlakların onun olmasını təsdiq edən şahidlər də var. İddiaçının qardaşı ilə şərik işləmişlər. Polis Şöbəsində araşdırma gedir. İddiaçıya olan borcunu qaytarmaq üçün işləməlidir.

6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 180000 manat məbləğində pul və ödənilmiş 470 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Əliyeva).

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 442, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 191.3, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmin məbləği onunla şərik olmaq üçün birlikdə sahibkarlıq fəaliyyəti üçün işə qoymuşdur. Yəni həmin borc münasibətləri sırf sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Lakin sahibkarlıq fəaliyyəti üçün bağlanan əqd olsa da müqavilənin məzmunu dəyişdirilərək borc müqaviləsi adı ilə pərdələnmişdir. Əqdin məzmunu aralarında olan danışıqdan fərqlidir. Buna görə də göstərilən əqd etibarsız əqddir. Həmçinin məhkəmə araşdırması zamanı aidiyyət məsələləridə pozulmuşdur. Belə ki, onun qeydə alındığı ünvan Sumqayıt şəhəridir, lakin işə Xaçmaz Rayon Məhkəməsində baxılmışdır. Həmçinin hesab edir ki, aralarında olan mübahisə kommersiya fəaliyyəti ilə bağlıdır. İşin faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia ərizəsinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları düzgün araşdırmamışdır. Məhkəmə aidiyyət məsələsi ilə bağlı vəsatətini təmin etməmiş, qətnamənin çıxarılması üçün əsas olmayan, onun iclasda iştirakını təmin etmədən qərar qəbul etmişdir, çəkişmə prinsipinə əməl olunması üçün iştirakı təmin edilməmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsində sübutlara düzgün qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında xx.xx.2024-cü il tarixində Xaçmaz rayon 1 saylı Notariat ofisində 180000 (bir yüz səksən min) manat məbləğində Kredit Müqaviləsi (bundan sonra müqavilə) imzalanmışdır. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(067)-397/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti yalnız qanuni və əsaslı məhkəmə qərarının icrasını mümkün qədər ləngitmək məqsədilə verilmişdir. Belə ki, Cavabdeh, ona müraciət edərək, ona qısa müddət üçün maliyyə cəhətdən yardımçı olmasını xahiş etmişdir. Dostluq münasibətləri yarandığı zamandan Cavabdeh böyük əmlaklar sahibi və uğurlu bir sahibkar kimi tanımışdır, münasibətləri daim onunla normal olmuş, davranışları ilə etibarlı bir dost təəssüratı yaratmışdır. İstədiyi böyük məbləğdə pul vəsaitinə görə, hazırda Bakı şəhərində olan mənzilini sataraq ona müvəqqəti yardımçı ola biləcəyini bildirmişəm. Cavabdeh evi sataraq pulu ona verməsini xahiş etmiş və qısa bir müddətdə əldə etdiyi pul məbləğinə görə daha əlverişli yerdə yeni mənzil alıb ona qaytaracağına söz vermişdir. O da onunla olan dostluq münasibətlərinə güvənərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 122.70 kv.metr mənzilimi satmaq məqsədilə Cavabdeh etibarnamə vermiş və onun həyata keçirdiyi satışdan əldə edilən pul vəsaitini Muğanbankın Xaçmaz filialı vasitəsilə ona vermişdir. Təsadüfi deyildir ki, Müqavilənin 4-cü bəndində öhdəliklərin yarandığı yer üzrə icra edilməli olduğu göstərilmişdir. Müqavilənin şərtlərində kommersiya ortaqlığı ilə bağlı hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı məhkəmə tərəfindən yoxlanılmışdır. Ərazi aidiyyəti ilə bağlı bildirmək istəyir ki, Xaçmaz Rayon Məhkəməsində e2(067)-397/2025 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixində keçirilən hazırlıq iclasında Cavabdeh, faktiki olaraq yaşadığı Xaçmaz rayonu Qobu Qıraq kəndindən məhkəməyə teleqram vuraraq, guya səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi və buna görə də iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilən növbəti hazırlıq iclasında Cavabdeh iştirak etmiş, məhkəmə tərkibinə etirazı olmadığını bildirmiş, borclu olduğunu etiraf etmiş, eyni zamanda mülki işin məhkəmə baxışına iddia ərizəsinə etirazının əsasını təşkil edən sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilən baxış iclasına elektron məhkəmə sistemində yaradılmış şəxsi kabineti vasitəsilə ərizə göndərərək, işin yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla da Cavabdeh işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməyə cəhdlər göstərmişdir. Məhkəmə mübahisəsi getdiyi vaxtda onun bir çox banklara və fiziki şəxslərə böyük məbləğlərdə borcu olduğu məlum olmuş, lakin məhkəmə baxışlarını ləngitmək məqasədilə hər dəfə ərizə, vəsatət, şikayət verməklə mümkün qədər öhdəliklərini icra etməkdən yayınmağa çalışır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh və üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

14. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

29. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

40. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

41. İşin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh 180000 manat məbləğində pul vəsaiti borc vermiş, borc alan isə krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

42. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmin borcun sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını, sahibkarlıq fəaliyyəti üçün bağlanan əqdin borc müqaviləsi ilə pərdələnməsini, əqdin etibarsız olmasını, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasını göstərsə də, buna dair mötəbər sübutları apellyasiya instansiya məhkəməsinin icraatında təqdim etməmişdir.

43. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

44. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

46. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

48. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

49. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-397/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar