Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-798/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6232/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahdan olan 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 aprel 2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 onun yanında qalması və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdehin rəsmi iş yeri var və o, vergilərdə işləyir. Əmək haqqı 2000 manatdır. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4961/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməli və birgə nikahlarından olan 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub ona verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6232/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4961/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin və 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6232/2022 nömrəli qətnaməsinin qismən ləğv olunması və aliment məbləğinin 500 manat həddində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, yeni ailə həyatı qurmuş və yaşamağa yeri olmadığı üçün məcbur qalıb ipotekaya mənzil götürmüşdür. İpoteka məbləği çox böyükdür və qazancının böyük hissəsi ipotekanın ödənilməsinə sərf olunur. Əgər ipoteka məbləğini ödəyə bilməsə mənzili boşaltmalı olacaq və normal yaşayış yeri olmayacaq, ipotekaya ödədiyi məbləğlər batacaq və ailəsində əlavə problemlər meydana çıxacaqdır ki, bu da həyatı üçün ağır nəticələrə səbəb olacaqdır. Uşaqların saxlanması üçün qanunla müəyyən olunmuş yaşayış minimumunun 2022-ci il üçün 193, 2023-cü il üçün 220 manat olduğunu nəzərə alıb sabit pul məbləğində 500 manat aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Lakin, məhkəmə qazancından olan digər tutmaların böyük məbləğlər olmasına, yerdə qalacaq məbləğn isə normal yaşamağına yetməyəcəyinə əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə, X3 isə xx.xx.2009-cu il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 4961/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia təmin edilərək, tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh 2022-ci il üzrə əmək haqqı müxtəlif vaxtlarda 533.93 manat, 1742.34 manat, 1618.92 manat və s. məbləğlərdə olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən 11 iyun 2008-ci il tarixdə X5 və 12 may 2009-cu il tarixdə X3 doğulmuşlar. Sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4961/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X3 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4961/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahdan olan 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub ona verilməsini xahiş edir. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə və cavabdehin rəsmi iş yerinin olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4961/2021 nömrəli qətnaməsi ilə onun xeyrinə cavabdehdən bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün tələbatını əsas götürmüş, hazırda isə bu vəziyyət dəyişdiyindən iddiaçı daha yüksək məbləğdə aliment tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Cavabdehin yeni ailə həyatı qurması və ipotekaya mənzil götürməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş məlumatdan da görünür ki, cavabdeh Abbasov X4 7 saylı şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə 2022-ci il üzrə əmək haqqı müxtəlif vaxtlarda 533.93 manat, 1742.34 manat, 1618.92 manat və s. məbləğlərdə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(060)-6232/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-798/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-798/2023
30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver