Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-798/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "Xalq" X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e- 2(067)-453/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6761,79 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 636,75 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 130,42 manat məbləğində penya, cəmi 7528,96 manat və xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 95,29 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış "xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə, 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222/ZM-1 №-li Zaminlik müqaviləsi (bundan sonra birlikdə “Zaminlik müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olanAnnuitet Ödəniş cədvəlinə əsasənCavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh2 Bank qarşısında gecikdirilmiş borcu 7398,54 manat təşkil edir ki, bunun da 6761,79 manatı vaxtı keçmiş əsas borcdan, 636,75 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 130,42 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış "xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə, 10000 manat məbləğində kredit verilmişdir.
5. xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222/ZM-1 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
6. ASC “Xalq” Bankı cavabdehə ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir.
7. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 95.29 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(067)-453/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222 №-li kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222/ZM-1 №-li zaminlik müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 6761,79 manat məbləğində əsas, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 636,75 manat məbləğində faiz, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 130,42 manat məbləğində cərimə borcu və 95.29 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı ASC “Xalq” Bankın hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2, 448.1, 470.1, 472.1, 472.2 və 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(067)-453/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilməmişdir. Ona görə də hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmiş, onun banka ödəniş etdiklərini nəzərə almamışdır. Bundan başqa hesablanmış əlavə faiz və cərimə borclarının silinməsini də məhkəmə nəzərə almamışdır. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə qeyri mötəbər, ziddiyətli qətnamə yazmış, müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
15. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası araşdırması müəyyən edildi ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/015N05A00991222 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə, 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
19. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir.
20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh2 və Cavabdeh1 öhdəliklərini icra etməyən borclular kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə iddiaçı əsas borc, faiz borcu və cərimə məbləğindən əlavə xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın da birgə qaydada cavabdehlərdən tutulmasını xahiş etsə də, məhkəməyə bunun üçün əsas olan hər hansı sənəd təqdim etməmiş, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilədə bu barədə qeyd aparılmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e- 2(067)-453/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq şikayəti qismən əsaslı hesab edir.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc və faiz borcu məbləğinin müəyyən edilməsi hissəsində yanlış hesablama apararaq, səhv nəticəyə gəlmişdir.
27. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
28. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(105)-798/2025 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MƏhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3184 nömrəli rəyinə əsasən, ASC “Xalq Bankı” ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/015N05A00991222 nömrəli, Kredit Müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; xx.xx.2024-ci il müddətinə (maliyyə arayışında göstərilən tarixə)- əsas borcu üzrə - 6683,50 manat; faiz borcu üzrə 567,36 manat.
30. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas və faiz borcu keçirilmiş ekspertiza rəyi nəzərə alınmaqla müəyyən edilməlidir. Kollegiya hesab edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin borc məbləğinin dəyişdirilməsi üçün əsasdır.
32. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə 6761,79 manat əsas və 636,75 manat faiz borcunun tutulması hissədə dəyişdirilərək, əsas borc 6683,50 manat, faiz borcu 567,36 manat müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 96,30 manat Cavabdeh1, 3,70 manat ASC “Xalq” Bankından alınaraq X1 hesabına keçirilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(067)-453/2025 nömrəli qətnaməsi -cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 6761,79 manat məbləğində əsas, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 636,75 manat məbləğində faiz borcu tutularaq iddiaçı ASC “Xalq” Bankın hesabına ödənilsin hissədə dəyişdirilsin, borc məbləği əsas borc üzrə 6683,50 manat, faiz borcu üzrə 567,36 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 96,30 manat Cavabdeh1, 3,70 manat ASC “Xalq” Bankından alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.