Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-802/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ( Açar sözlər: avtomobilə dəymiş ziyan- pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(029)-46/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. 28 mart 2023-cü il tarixli 978 saylı Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayışın surətindən görünür ki, Qusar RİHB-nin Qusar şəhər İƏDÜ Nümayəndəliyin 04 №-li “Ev təsərrüfatlarının uçotu kitabın” 225 saylı şəxsi hesabına əsasən X2 məxsus Qusar şəhəri E.İbrahimova (köhnə Əzizbəyov) küçəsi 14 saylı ev təsərrüfatında 1 baş at vardır.
2. xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində özünə məxsus bir baş atı yolda nəzarətsiz qoymuş və nəticədə at Qusar şəhəri Səfər Mühürov küçəsində hərəkətdə olan X10 ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş, İddiaçı maddi ziyan dəymişdir.
3. İş materiallarında olan “VAZ” kooperativi tərəfindən verilmiş SMETA aktının surətindən görünür ki, ** BE *** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson minik markalı, avtomaşına dəymiş maddi ziyan 2213 (iki min iki yüz on üç) manat təşkil edir.
4. Qusar Rayon Məhkəməsinin 3(029)-112/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsi qərara alınmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-246/2023 saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qusar Rayon Məhkəməsinin 3(029)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 manat cərimə tətbiq edilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2023- cü il tarixli 9/6312 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Nəqliyyat Vasitələrinin Təmirinə Dair Smeta”ya əsasən 2008-ci il buraxılışlı “Hyundai Tucson” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2213,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 1463 manat, təmir- bərpa işlərinin qiyməti – 750 manat.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2213 (iki min iki yüz on üç) manat məbləğində dəymiş maddi ziyanın və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2265 (iki min iki yüz altmış beş) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində Cavabdeh Rafık oğlu özünə məxsus bir baş atı yolda asfalt örtüklü yolda nəzarətsiz qoymuş və nəticədə at Qusar şəhəri S.Mühürov küçəsində hərəkətdə olan ona məxsus “Hyundai Tucson” markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobili əzilmiş və avtomobilinə 2213 (iki min iki yüz on üç) manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh Rafık oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, Qusar rayon məhkəməsinin 1 7.04.2023-cü il tarixli 3(029)- 112/2023 saylı qərarı ilə iş üzrə icraata xitam verilmiş, həmi qərardan onun tərəfindən şikayət verilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-246/2023 saylı qərarı ilə Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-112/2023 saylı qərarı ləğv edilərək Cavabdeh Rafık oğlu həmin inzibati xətaya görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyası çərçivəsində 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh Rafık oğlunun həmin təqsirli hərəkəti nəticəsində ona məxsus avtomobil əzilməklə ona maddi zərər dəymişdir. Ona dəymiş maddi zərərin miqdarı 2213 (iki min iki yüz on üç) manat miqdarda müəyyənləşdirilmişdir. O, dəfələrlə həmin məbləği Cavabdeh Rafık oğlundan tələb etmişdir, lakin cavabdeh ona vurulmuş zərəri hal-hazıra kimi ona qaytarmamışdır. İlkin olaraq ona dəymiş zərər hesablanarkən dəymiş ziyan 1418 manat hesablanmışdır və bu barədə ziyan aktı tərtib edilmişdir. Lakin, sonradan mütəxəssislər tərəfindən avtomobilə baxış keçirilərkən-yəni diaqnostika olunarkən müəyyən olunmuşdur ki, avtomobilin qoruyucu yastığı (təhlükəsizlik yastıqları) açılmış, sükan lentası nasaz hala düşmüş, ABS datçiki yararsız hala düşmüş, sağ və sol təhlükəsizlik qayışları yararsız hala düşmüş, qabaq fara sınmışdır. Buna görə də yenidən ziyan aktı tərtib olunmuş və ümumi ziyan 2213 manat hesablanmışdır. Odur ki, ziyanın 2213 manat olmasının nəzərə alınmasını xahiş etmişdir.
9. Qusar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(029)-46/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia təmin edilərək, Cavabdeh 2213 (iki min iki yüz on üç) manat məbləğində dəymiş maddi ziyanın və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2265 (iki min iki yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı qaytarılması və iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlar əsasında hesab edib ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində Cavabdeh özünə məxsus bir baş atı yolda asfalt örtüklü yolda nəzarətsiz qoymuş və nəticədə at Qusar şəhəri S.Miihürov küçəsində hərəkətdə olan ona məxsus “Hyunai Tukson” markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobili əzilmiş və avtomobilinə 2213 (iki min iki yüz on üç) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının avtomaşınına Qusar şəhərində “VAZ kooperativində avtomobillərə texniki baxış və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan avtoekspert tərəfindən baxış keçirilmiş və avtomaşının təmir edilməsi üçün 2213 (iki min iki yüz on üç) manat vəsaitin lazım olduğu müəyyənləşdirilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 9/6312 saylı ekspert rəyi ilə də təsdiq olunmuşdur. Odur ki, Cavabdeh 2213 (iki min iki yüz on üç) manat məbləğində dəymiş maddi ziyanın və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2265 (iki min iki yüz altmış beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1110-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hadisə baş verən tarixdə cavabdehə məxsus atı iplə çayın kənarında bağlamış, atın avtomaşınla vurulmasını həmin gün axşam radələrində dostundan eşitmişdir. Atı bağladığı ipdən o açmamışdır, sonradan hadisə yerinə gələndə bilmişdir ki, atı adını bilmədiyi və çayın sağ sahilində yaşayan bir nəfər ipdən buraxaraq asfalt örtüklü yola buraxmışdır. İddiaçı da qeyd olunan hadisə ilə əlaqədar cavabdeh barəsində tərtib olunmuş inzibati xətaya dair protokola məhkəmədə baxılarkən verdiyi izahatında göstərmişdir ki, at onun avtomaşını ilə toqquşarkən cavabdeh orada olmamışdır, atın boynunda ip olmuş, orada olan şəxslərdən birinin əlində də yumrulanmış ip olmuşdur. Məhkəmədə verdiyi izahatında da göstərmişdir ki, qeyd olunan hadisə onun iradəsindən asılı olmayan səbəbdən baş vermiş, həmin hadisənin baş verməsinin onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə bu halları araşdırmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus atın maşın yoluna çıxaraq iddiaçıya məxsus avtomobilə dəyməsi və sonuncunun mülkiyyətinə ziyan vurulması ilə nəticələnən hadisədə onun hər hansı bir təqsiri yoxdur. Belə ki, ona məxsus olan atı o hər gün səhər çay kənarına bağlayır, axşam isə evə aparır. Hadisə baş verən günü də o atı səhər çay kənarına aparmış, bir neçə saat sonra ona zəng gəlmiş və atının maşınla vurulduğu bildirilmişdir. O hadisə yerinə gəldikdən sonra məsələdən xəbərdar olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə aralarında razılaşma əldə edilməsinə çalışmış, iddiaçıya atının xəsarətinə görə xərc çəkdiyini bildirmiş və onun avtomobilinin təmirini də razılaşma əsasında real zərərə uyğun həddə həyata keçirməyi təklif etmişdir. Lakin iddiaçı ilə aralarında razılaşma baş tutmamışdır. Baş verən hadisə də cavabdehin birbaşa təqsiri yoxdur. İddiaçı özü ifadəsində qarşıdan at gəldiyini görməsini bildirmişdir. Belə olan halda heyvanın nəzarətsiz şəkildə maşın yoluna çıxmasından söhbət gedə bilməz. Bununla belə cavabdeh sonda mübahisənin barışıqla həll edilməsi üçün iddiaçının maşınına dəymiş ziyan üçün 500 manat ödəməyə razı olduğunu bildirdi. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ isə əsassız olduğundan sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh ona məxsus olan atı hər gün səhər vaxtı çay qırağına aparıb, həmin ərazidə bağlamış və axşam götürmüşdür. Hadisə baş verən zaman kənar şəxs atın ipini bağlandığı yerdən açmışdır. At maşın yoluna çıxan zaman isə iddiaçı onu görmüşdür. Baş verən qəzanın təfərrüatları barədə dəqiq məlumatlar yoxdur. Belə olan halda cavabdehin atı nəzarətsiz buraxması düzgün yanaşma deyildir. Digər tərəfdən avtomobilə dəymiş ziyan məbləği kimi qətnamə ilə müəyyən edilmiş məbləğ reallığı əks etdirmir. Göstərilənlərə əsasən nümayəndə və Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki. şikayət əsassızdır və məhkəmə qətnaməsinin icrasının gecikdirilməsi üçün verilmişdir. Cavabdeh mübahisənin barışıqla həllində maraqlı deyildir. Çünki hadisə baş verən vaxtdan cavabdeh müxtəlif vasitələrlə ona dəymiş ziyanın ödənilməsindən qərəzli şəkildə boyun qaçırmış və onunla razılığa gəlmək üçün danışıq aparmamışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən ziyan məbləğini əsaslı və real hesab edir. İddiaçı sonda apellyasiya şikayətinin rədd edilməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(029)-46/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Qusar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(029)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İddia tələbi avtomobilə vurulmuş ziyanın ödənilməsi barədədir.
24. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
25. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
26. Bu baxımdan zərərin ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
27. Baxılan işdə cavabdehin İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur.
28. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)- 246/2023 saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qusar Rayon Məhkəməsinin 3(029)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 manat cərimə tətbiq edilməsi qərara alınmışdır.
29. Məhz həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Cavabdeh qeyd olunan hadisə ilə əlaqədar daha konkret olaraq ona məxsus atın onun tərəfindən nəzarətsiz buraxılmadığını, otlaq sahəsinə yaxın ərazidə iplə bağlanıldığını, lakin tanımadığı şəxs tərəfindən atın ipinin açılması kimi ziddiyətli izahatlar vermiş, habelə izahatında qeyd edilən halları təstiqedəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsasında apellyasiya instansiya məhkəməsi Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 manat cərimə tətbiq edilməsi qənaətinə gəlmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə cavabdehə məxsus heyvanın (atın) nəzarətsiz qalması nəticəsində ziyan vurulması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığı kimi, işin bu halı cavabdeh tərəfindən də qismən qəbul edilmişdir.
31. Lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, hazırda iki məsələ üzrə tərəflər arasında mübahisə qalmaqdadır.
1. İddiaçının avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği
2. Həmin ziyan məbləğini ödəməli olan tərəf
32. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Beləliklə deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
33. Apellyasiya şikayətinin iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin qətnamədə müəyyən edilmiş məbləğdən daha az olması ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiyası məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanın məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və avtomobilə dəymiş ziyan məbləğini müəyyən edərkən haqlı olaraq mütəxəssis tərəfindən tərtib olunmuş qüsur aktına və ekspert rəyinə istinad etmişdir
34. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.
35. Kollegiya cavabdeh tərəfin apellyasiya icraatı zamanı vermiş olduğu bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
36. Cavabdeh apellyasiya icraatı zamanı dəymiş ziyanın məbləğinin “şişirdiyildiyini”, bu məbləğin əslində 100 manat təşkil etdiyini bildirsə də, bununla bağlı hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmiş, etirazlarını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır.
37. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qusar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(029)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
39. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(029)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.