Məhkəmə qərarları › İş №2(105)-803/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-803/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-803/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, onun vəkili Vəkil2, İddiaçı2, Cavabdeh2, onun vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, fərdi yaşayış evinin və torpaq sahəsinin alınması üçün verilmiş 11.800 ABŞ dolları pul vəsaitinin 1800 ABŞ dolları hissəsinin Cavabdeh2, 10.000 ABŞ dolları hissəsinin Cavabdeh1 və X3 müştərək qaydada qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, evin təmir-tikinti işlərinə çəkilmiş 14.934,75 manat pul və daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun Cavabdeh2 alınıb İddiaçı1 və İddiaçı2 ödənilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manatın Cavabdeh2 tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair birgə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 11.800 ABŞ dollarının və təmirə çəkdikləri 21.000 manatın alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək göstərmişdir ki, fərdi yaşayış evinin təmir-tikinti işinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə ekspertiza keçirilmiş və fərdi yaşayış evinin təmirinə 14.934,75 manat müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinin alınması üçün cavabdehlərə verilmiş 11.800 ABŞ dollarının və evin təmirinə çəkilmiş 14.934,75 manat pulun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abşeron rayon AİK-nın 30.08.1999-cu il tarixli, 28 saylı qərarı ilə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi ona verilmişdir. həmin torpaq sahəsində özünə ev tikmiş, tikdiyi ev və ona verilmiş torpaq sahəsi DƏDRX-də qeydiyyatdan keçməmişdir. Həmin torpaq sahəsinin 0.035 sotunu oğluna istifadə etmək məqsədilə vermiş, İddiaçı2 2006-cı il tarixində kirayə ev axtarmış və oğlu ona yaşadığı evi kirayə vermişdir. İddiaçı2ə torpaq satmamış, sata da bilməzdi. Çünki torpaq onun xüsusi mülkiyyətində deyildir. Əgər İddiaçı2ə torpaq satsaydı 2006-cı ildən 14 il keçir, bu müddət ərzində ona qarşı tələb irəli sürərdi. Torpağını və oğlunun kirayə verdiyi evi ələ keçirtmək məqsədilə İddiaçı2 onun oğluna 10.000 ABŞ dolları verməsi barədə kağıza 2018-ci il tarixində imza etdirmişdir. Əgər oğlu Cavabdeh1 İddiaçı2ə torpaq satmışdısa hansı səbəbdən İddiaçı2 ona 2006-cı il tarixində deyil, 2019-cu il tarixində imza etdirmişdir ki, guya ona 10.000 ABŞ dolları pul vermişdir. Əslində İddiaçı2 oğlu Cavabdeh1 2019-cu il tarixində təklif etmişdir ki, kirayədə qaldığı evi ona satsın və kağıza dolların nömrəsini yazmış və 2018-ci ildə ona imza etdirmiş, lakin pulu ona verməmişdir. İddiaçı2 oğlunun yaşadığı evdə kirayədə yaşayarkən evinin damı su buraxdığından onu təzələmək üçün iddiaçıdan 1800 ABŞ dolları borc pul almış, onu da geri qaytarmağa hazırdır.Sonradan iddiaçı onun həyətində özbaşınalıq etmiş, hasar çəkmiş və tövlə tikmişdir. Etirazını bildirdikdə oğlu və özü silahla üzərinə hücum çəkmişlər. Dəfələrlə torpağını boşaltması barədə müracit etsə də iddiaçılar ona hədə- qorxu gəlmişdir. Heç kimə torpaq satmamış və torpağında tikinti işləri aparılmasını qadağan etmiş, lakin iddiaçı qol gücünə istədiyini etmişdir. Məhkəmə qətnamədə ifadəsini dəyişmiş və iddiaçıların ifadəsinə uyğunlaşdırmışdır. Məhkəmədə verdiyi ifadədə evini satmasını deməmişdir. Ayrıca kiçik bir otağı oğlu Cavabdeh1 istifadəsinə verdiyini bildirmiş, 2006-cı il tarixində iddiaçının həmin evdə kirayədə yaşadığını söyləmiş, evnin damı su buraxdığından illər sonra ondan 1800 ABŞ dolları borc pul alıb evinin damını düzəltdirdiyini bildirmiş, iddiaçı ilə aralarında evi 11.800 ABŞ dollarına satmaq barədə razılıq olmamışdır. İlk əvvəl evi sata bilməzdi, çünki, özbaşına tikilidir, ikincisi evi satsa idi pulu özü alardı, oğlu Cavabdeh1 ayrı təsərrüfatdır. İddiaçı pulu ona verməli deyildir. Üçüncüsü iddiaçı borc aldığı 1800 ABŞ dollarından başqa borc verməmişdir . 2006-cı ildən evdə kirayədə yaşayan iddiaçı yazdığı qəbzin axırında Cavabdeh1 imza etdirmişdir ki, ona 10.000 ABŞ dolları vermişdir, tarixi isə 07.10.2018-ci il göstərmişdir. Bildirmək istəyir ki, bu yaxınlarda, yəni 2018- ci ildə eşitdiyinə görə, iddiaçı Cavabdeh1 bildirmişdir ki, kirayədə qaldığı evi almaq istəyir, ona imza etdirmişdir ki, 10.000 ABŞ dolları verəcək, lakin aldadaraq Cavabdeh1 imza etdirmiş, pulu isə verməmişdir. Məhkəmə qətnamədə Cavabdeh1 və Nəcəfov Elxanın da ifadələrini iddiaçının xeyrinə dəyişmişdir. Cavabdeh1 ifadəsində bildirmişdir ki, 2018-ci ildə iddiaçı ona yaxınlaşıb kirayədə yaşadığı evi almaq istədiyini bildirmişdir. Qəbzə imza etməsini və ona 10.000 manat verəcəyini bildirmişdir. Artıq 12 il onun evində kirayə yaşadıqlarına görə iddiaçıya inanmış, lakin iddiaçı bu günədək ona pul verməmişdir. Məhkəmə Nəcəfov Elxanın da məhkəmədə verdiyi ifadəni iddiaçının xeyrinə dəyişmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, “Cavabdeh X8 iddia tələbini qəbul etməyib, izahat verərək göstərmişdir ki, iddiaçının tələb etdiyi pulun 10.000 ABŞ dollarını Cavabdeh1 iddiaçılardan alıb ona vermişdir". Əslində o, ifadəsində bildirmişdir ki, iddiaçılar onlara pul verməmişdir və o, heç bir sənəd işi ilə məşğul olmamışdır. Eyni zamanda iş üzrə keçirilmiş ekspertizanın nəticəsi ilə razı deyil. Belə ki, "xxxx" MMC 2018-ci ildə təmir və hasara çəkilən xərci müəyyən etmişdir. Xüsusi bilik tələb edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29.06.2020-ci il tarixli rəyindən isə görünür ki, ekspert təmirə və hasarın tikintisinə təmir işlərinin qiymətinin 2006-cı il tarixi üçün real bazar qiymətini müəyyən edə bilməmiş, MMC-nin 2018-ci ildə tərtib etdiyi qiymətə əsaslanmışdır. Həqiqətən də xüsusi bilik tələb edən ekspertin MMC-nin 2018-ci il tarixində tərtib etdiyi qiymətə əsaslanması qeyri-obyektivdir. Digər tərəfdən torpaq satmamış, iddiaçı 5 sot torpağını hasara alıb zəbt etmişdir. Əksinə qanunsuz torpağını zəbt etdiyi üçün məhkəmənin qətnaməsi ilə ona 4868,0 manat da pul ödəməlidir.Bundan başqa məhkəmə iddia tələbinin evin təmirinə çəkilmiş xərci eksperti rəyinə əsasən 14.934,75 manat hesab etmişdir. İş üzrə verilmiş eksperti rəyi ilə də razı deyildir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edib, təmsil etdiyi şəxsin dediklərini təsdiq edərək göstərdi ki, X9 Abdullayevin keçmiş arvadının həyat yoldaşıdır. Cavabdeh1 anasının yanında Əhyəbaladan ayrı yaşadığı üçün atası tərəfindən ona verilmiş 3 sot yarım torpaq sahəsini 2006-cı ildə İddiaçı2 və İddiaçı1 kirayəyə ev axtardıqda onlara kirayə verməyə razılaşıb. 2006-cı ildən xeyli müddət keçib. 2020-ci ildə iddiaçılar məhkəməyə müraciət ediblər ki, torpaq sahəsi Cavabdeh2 tərəfindən onlara satılıb. Hal-hazırda həmin torpağın pulunu geri istəyirlər. Məsələ bundan ibarətdir ki, birinci instansiya məhkəməsi ifadələrin hamısını iddiaçının xeyrinə dəyişdirib. Cavabdeh oğluna torpaq verdiyini, habelə oğlunun torpağı satıb pulu aldığını deməmişdir. Əgər satmaq lazım olsaydı müvəkkili torpağı satmaq üçün oğluna verməz, özü satardı. Qətnamədə qeyd olunur ki, Cavabdeh1 izahatında deyib ki, 10000 aldığını, atasının sənədləri düzəltmək üçün pulu Nəcəfov Elxana verməsini dediyini bildirmişdir. Məhkəməni nəzərinə təkrarən çatdırmaq istəyir ki, Nəcəfov Elxan müvəkkilinin keçmiş həyat yoldaşının hazırki həyat yoldaşıdır. Aralarındakı münasibət çox pisdir. Evi satmaq yaxud sənəd düzəltmək üçün X5 müraciət etməsi absurddur. Nəcəfov Elxanın da ifadəsi dəyişdirilib. Qətnamədə göstərilir ki, Nəcəfov Elxan deyib ki, Cavabdeh1 həqiqətən də pulu ona verib. Amma məhkəmə iclasında elə bir ifadə işlənməyib. İddiaçılar Cavabdeh1 aldadıblar. 2006-cı ildən kirayədə yaşadıqları evi 2018-ci ildə almaq istəyiblər, Maarifə deyiblər ki, 10000 dollar pul verəcəkdir. Buna görə əskinazların seriyasını siyahı şəklində yazıb Cavabdeh1 qol çəkdiriblər. Siyahıda da tarix 2018-ci il qeyd olunub. Əgər 2006-cı ildə satılıbsa siyahı da onda tərtib olunardı. Bildirir ki, xüsusi bilik tələb edən məsələdə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti hər hansı xüsusi bir MMC-nin rəyinə istinad edə bilməz. Əgər MMC müəyyən bir qiyməti hesablaya bilibsə, deməli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti də özü fərdi hesablama aparmalıdır. İş üzrə ekspert rəy verməmişdir. Hazırda qeyd edilən halın aydınlaşdırılması üçün çəkilmiş xərcin müəyyən edilməsi zəruridir. İş üzrə verilmiş eksperti rəyi ilə də razı deyildir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, Abşeron rayon AİK-nın 30 avqust 1999-cu il tarixli, 28 saylı qərarı ilə Abşeron Rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 verilmişdir. Təmsil etdiyi şəxs özünə torpaq sahəsi və ev almaq məqsədilə Cavabdeh2lə görüşmüş, cavabdeh bildirmişdir ki, onun 0.05 ha torpaq sahəsi vardır və onun 0.035 ha hissəsini və orada yerləşən fərdi yaşayış evini satmaq istəyir. 2006-cı il cavabdehlərlə razılığa gələrək 0.05 ha torpaq sahəsindən 0.035 ha hissəsini və orada yerləşən 80 kv.m-lik fərdi yaşayış evinin iddiaçıya satılmasına görə 11.800 ABŞ dollarına razılaşmışlar. Aralarında razılıq belə olmuşdur ki, razılaşdıqları pul məbləğini ödəsin, cavabdehlər də öz növbəsində həmin torpaq sahəsinin 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib onunla notarial qaydada alqısatqı müqaviləsi bağlayacaqlar. Hətta, cavabdehlər ona hər biri ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş etibarnamə vermişlər. Torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evini qəbul etmiş və razılaşdıqları 11.800 ABŞ dollarının 1800 ABŞ dolları miqdarında pulu Cavabdeh2 vermişdir. O da öz növbəsində şahidlərin iştirakı ilə verilən pulların hər birinin nömrəsi qeyd edilməklə yazılı qəbz yazaraq öz imzası ilə təsdiqləmişdir. Razılıq belə olmuşdur ki, yerdə qalan 10.000 ABŞ dollar qısa zamanda iddiaçı tərəfindən cavabdehlərə ödəniləcəkdir. Bundan bir neçə gün sonra yerdə qalan 10.000 ABŞ dollarını Əhyəbalanın razılığı ilə onun oğlu Cavabdeh1 vermiş, o da öz növbəsində verilən bütün pulların hər birinin nömrəsi qeyd edilməklə qəbz yazmış və həmin qəbzi öz imzası ilə təsdiq etmişdir. Cavabdehlər vəd etmişlər ki, 2006-cı ilin axırlarına kimi torpaq sahəsini sənədləşdirərək onun adına keçiriləcəklər. Bu günə kimi cavabdehlər nə torpaq sahəsini sənədləşdirib ona satırlar, nə də ki, verdiyi 11.800 ABŞ dollarını və ora çəkdiyi 21.000 manatı qaytarırlar. Evi və torpaq sahəsini aldıqdan sonra oranı abadlaşdıraraq 70 metr uzunluğunda hasar çəkdirmiş, eyni zamanda evin bütün kommunal xətləri onun tərəfindən çəkilmişdir. 80 metr aralıqdan evə kanalizasiya xətti, 40 metrdən su xətti, 80 metr aralıqdan qaz xətti və 70 metrədən artıq məsafədən işıq xətti çəkdirmişdir. Bundan başqa həyətin çox hissəsinə daşlar (tamet) vurdurmuşdur. Həyət darvazası qoydurmuş,həyətdə hamam tikdirmiş və digər lazımi işlər görmüşdür. Bütün bunlara tərəfindən 21.000 manatdan artıq xərc çəkilmişdir. Bu günə kimi həmin evdə yaşayır. Evin cavabdehlər tərəfindən sənədləşməsini tələb etsə də, cavabdehlər bundan yayınırlar. Cavabdehlərdən onlara verdiyi və evə çəkdiyi xərcləri tələb edir, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırlar. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayəti verməsə də, apelyasiya şikayətini müdafiə etdiyini bildirərək göstərdi ki, iddiaçılardan pul almamışdır. 2018-ci ildə İddiaçı2 ona demişdir ki, 2006-cı ildə Elxan Nəcəfova 10000 ABŞ dolları pul verib, amma Əhyəbala sənədləşdirməyə razılıq vermir. Ona bildirdi ki, məhkəməyə müraciət edəcək və əgər siyahıya qol çəksə onun üçün heç bir problem olmayacaq. Yazını və imzanı özü icra edib. 2006-cı ildə əgər nəsə alqı-satqı olubsa atalığı Nəcəfov Elxanla olub, onun xəbəri yoxdur. Pulun ondan tutulmasına razı deyil. 2018-ci ildə atası ilə münasibəti yox idi, danışmırdılar, ayrı qalırdı, ona görə İddiaçı2in siyahısına imza edəndə atasının sənədləşməyə niyə razılaşmadığını soruşmamışdır. İş üzrə verilmiş eksperti rəyi ilk də razı deyildir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1120A nömrəli (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh2 Əmrulla oğluna 0.05 hektar torpaq sahəsi verilmişdir; İş materiallarında olan Düz xətli məktəbli dəftərinin vərəqində aşağıdakı qeydlər yazılmışdır: “Hüseynov X2 Əhyəbaladan aldığım evin və torpaq sahəsinin aldığıma görə Əhyəbalaya 1800 $-lar halallıq aldım. Bu vətəndaşların iştirakı ilə: Abdullayeva Yeganə (imza) Əlibalayev Elman (imza) Əmrahov Səməndər (imza) Quliyev Rafik (imza) Cavabdeh2 (imza) aldım. Abdullayev. Ə. 13.04.2006-cı il.”; İş materiallarında olan Dama-dama məktəbli dəftərinin vərəqində aşağıdakı qeydlər yazılmışdır: “Mən Cavabdeh1 X4 öz həyət evimi satmışam. 3 sot yarım 10000 dollara 2006-cı ildə İmza: (imza) Cavabdeh1 07.10.18; İş materiallarında olan Cavabdeh2 05 may 2008-ci il tarixdə Abşeron rayon bir saylı dövlət notariat kontorunda təsdiqlənmiş etibarnaməsinin surətindən görünür ki, o, İddiaçı1 həmin etibarnamə ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair Torpaq Şəhadətnamə JN-1120A KOD 30800118-ə əsasən 0.05 ha torpaq sahəsindən 0.035 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, tikinti işləri aparmağı, idarə etməyi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon ərazi idarəsindən 1 saylı arayış almağı, aldığına dair imza etməyi, dövlət notariat kontorunda adından bütün əqdləri bağlamağı, imza etməyi, digər səlahiyyətli orqanlarda nümayəndəsi olmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar edir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməklə 06 may 2038-ci ilədək qüvvədədir; İş materiallarında olan Cavabdeh1 26 mart 2009-cu il tarixdə Abşeron rayon bir saylı dövlət notariat kontorunda təsdiqlənmiş etibarnaməsinin surətindən görünür ki, o, İddiaçı1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna dair müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri , o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək və s. hərəkətlər etməyi etibar edir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməklə 26 mart 2059-cu ilədək qüvvədədir; İş materiallarında olan Cavabdeh1 10 aprel 2006-cı il tarixdə Abşeron rayon bir saylı dövlət notariat kontorunda təsdiqlənmiş etibarnaməsindən görünür ki, o, İddiaçı1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi etibar edir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməklə üç il müddətinə verilmişdir; İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 08 noyabr 2018-ci il tarixli 169 nömrəli hesabatdan görünür ki, toplanmış müvafiq məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Novxanı kəndi, Əlağa Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin təmir tikinti işinə çəkilmiş xərcin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 14.934,75 manat təşkil edir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 29 iyun 2020-ci il tarixli 10/789 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Əlağa Ağayev küçəsində yerləşən fərdi yaşayış evində təmir işləri tam başa çatmamış vəziyyətdə olduğu müəyyən edilir. Abşeron rayonu, Novxanı kəndi, Əlağa Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüdudları daxilində hamam-ayaqyolu, toyuq hini, döşəmənin tamet materialı ilə üzlənməsi, mişar daşından sərhəd hasarı, yaşayış evinin hüdudları daxilində əlavə tikililərin yaradılması, elektrik xətlərinin, su kanalizasiya xətlərinin çəkilməsi və tikililərin daxilində suvaq və boya qatının çəkilməsi kimi təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, Abşeron rayonu, Novxanı kəndi, Əlağa Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin daxilində yerləşən tikililərdə müxtəlif növ təmir tikinti işləri və eləcə də, qizli gözə görünməyən və iddiaçının sözlərinə əsasən yenidən qurma (əlavə təmir tikinti işləri) təmir işləri aparıldığından həmin yaşayış evində təmir işləri üçün istifadə olunmuş materialların və görülmüş təmir işlərinin qiyməti 2006-cı ilin may-dekabr ayları ərzində görülməsi üçün tələb olunan real bazar dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin qiymətləndirici-mütəxəssis X10 tərəfindən yaşayış evində aparılan təmirə dair tərtib olunmuşdur, iş materialında olan smetada göstərilən iş həcmi üzrə qiymətlərin müvafiq bazar qiymətlərinə uyğun olduğu nəzərə alındıqda, təmir-tikinti işlərinə 14934,75 manat məbləğində vəsait sərf olunduğu müəyyən edilir, (m.i.v 33-49 ). İddiaçı tərəfindən qonşu ilə özünün istifadə etdiyi torpaq sahəsinin arasında inşa olunmuş daş hasarın inşasına hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribi 4868,0 manat vəsaitin sərf olunduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1120A nömrəli (KOD ********) şəhadətnaməyə əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh2 Əmrulla oğluna 0.05 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh2 Əmrulla oğlu aralarında olan şifahi razılıq əsasında həmin torpaq sahəsinin 0.035 ha hissəsini və üzərində yerləşən 80 kv.m-lik fərdi yaşayış evini iddiaçılar İddiaçı1 və İddiaçı2 satmış, 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib iddiaçılarla notarial qaydada alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürmüşdür. İddiaçılar razılaşdırılmış 11.800 ABŞ dolları pul vəsaitini həmin cavabdehə, onun oğlu, digər Cavabdeh1 vermişlər, onun tərəfindən isə iddiaçıların yanında cavabdeh Elxan Nəcəfova verilmiş, cavabdehlər sözügedən torpaq sahəsinin və üzərindəki evin satılmasına görə iddiaçıların ödədikləri həmin pul vəsaitini aldıqlarına dair yazılı qəbzlər vermişlər. İddiaçılar torpaq sahəsini və evi alaraq orada müvafiq abadlıq, yaxşılaşdırma, təmir-tikinti işləri aparmışlar. Lakin cavabdehlər öhdəliklərinə əməl etməyib, lazımi sənədləşdirmə işlərini aparmamış, iddiaçıların əmlak üzərində mülkiyyət hüquqları əldə etmələrinə əsas verəcək ilkin müqavilənin notarial qaydada təsdiqini həyata keçirməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329, 390.1, 385.1, 144.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də və gəldiyi nəticədə qismən haqlı olsa da iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tələb olunan pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutumamış, eyni zamanda iddia tələbində daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun tutulması barədə tələb olmadığı halda iddia tələbindən kənara çıxaraq Cavabdeh2 daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun tutulması, eləcə də iddiaçıların X6 qarşı heç bir tələbi olmadığı halda onu cavabdeh qismində işə cəlb etməklə ondan pul tutulması qənaətinə gəlmiş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İddia tələbinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1120A nömrəli (KOD ********) şəhadətnaməyə əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh2 Əmrulla oğluna 0.05 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh2 Əmrulla oğlu aralarında olan şifahi razılıq əsasında həmin torpaq sahəsinin 0.035 ha hissəsini və üzərində yerləşən 80 kv.m-lik fərdi yaşayış evini iddiaçılar İddiaçı1 və İddiaçı2 satmış, 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib iddiaçılarla notarial qaydada alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürmüşdür. İddiaçılar razılaşdırılmış 11.800 ABŞ dolları pul vəsaitini həmin cavabdehə, onun oğlu, digər Cavabdeh1 vermişlər, cavabdehlər sözügedən torpaq sahəsinin və üzərindəki evin satılmasına görə iddiaçıların ödədikləri həmin pul vəsaitini aldıqlarına dair yazılı qəbzlər vermişlər. İş materiallarından müəyyən edilir ki, cavabdehlər iddiaçılardan pul alsalar da üzərinə düşən öhdəliklərinə əməl etməyib, lazımi sənədləşdirmə işlərini aparmamış, iddiaçıların əmlak üzərində mülkiyyət hüquqları əldə etmələrinə əsas verəcək ilkin müqavilənin notarial qaydada təsdiqini həyata keçirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarından göründüyü kimi, cavabdehlər mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evini iddiaçılara satarkən torpaq sahəsinin, 0.035 ha hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib iddiaçılarla notarial qaydada alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürmüş, torpaq sahəsi və fərdi yaşayış evinin müqabilində cavabdehlər iddiaçılardan 11800 ABŞ dolları alsalar da alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Cavabdehlərin hər biri ayrı-ayrılıqda iddiaçıya notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş, satdıqları torpaq sahəsinin həmin hissəsini ümumi torpaq sahəsindən ayıraraq sənədləşdirib iddiaçı ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlayacaqlarını öhdələrinə götürsələr də, bu öhdəliklərinə əməl etməmişlər. İddiaçılar razılaşdırılmış həmin pul vəsaitinin 1180 ABŞ dollarını Cavabdeh2, 10.000 ABŞ dollarını isə onun məlumatı və razılığı olmaqla digər Cavabdeh1 nağd olaraq vermişlər, həmin cavabdehlər öz növbələrində yazılı qəbz verərək göstərilən məbləğlərdə pulu iddiaçılardan qəbul etmişlər. Qeyd edilən hal cavabdehlərin etirafı ilə öz təsdiqini tapmışdır. Bununla da iddiaçıların mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üçün cavabdehlərə 11800 ABŞ dolları məbləğində pul verməsi iş materialalrı ilə təsdiqini tapır. Belə olan halda, iddiaçılar mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üçün cavabdehlərə verilmiş 11800 ABŞ dolları məbləğində pulu tələb etməkdə haqlı olmuşdur və qeyd edilən məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar torpaq sahəsini və evi alaraq orada müvafiq abadlıq, yaxşılaşdırma, təmir-tikinti işləri aparmışlar. Həmçinin abaqlıq, yaxşılaşdırma işlərtinə 14934,75 manat məbləğində vəsait sərf olunması ekspert rəyi ilə də təsdiq edilir. Qeyd edilən məbləğ mübahisələndirildiyindən məhkəmə kollegiyasının 16.03.2021ci il tarixli, 2(105)-803/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 16.05.2021-ci il tarixli, 10/1577 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Əlağa Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin daxilində yerləşən tikililərdə müxtəlif növ təmir tikinti işləri və eləcə də, qizli gözə görünməyən və iddiasının sözlərinə əsasən yenidən qurma (əlavə təmir tikinti işləri) təmir işləri aparıldığından həmin yaşayış evində təmir işləri üçün istifadə olunmuş materialların və görülmüş təmir işlərinin qiyməti 2006-cı ilin may-dekabr ayları ərzində görülməsi üçün tələb olunan real bazar dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin qiymətləndiricimütəxəssis X10 tərəfindən yaşayış evində aparılan təmirə dair tərtib olunmuş smeta cədvəlinə əsasən, təmir-tikinti işlərinə 14934,75 manat məbləində vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən qonşu ilə özünün istifadə etdiyi torpaq sahəsinin arasında inşa olunmuş daş hasarın inşaasına hazırki bazar qiymətlərinə uyğun olaraq təqribi 4868,0 manat vəsaitin sərf olunduğu müəyyən olunür. Göründüyü kimi, iddiaçıların torpaq sahəsi və fərdi yaşayış evinin abadlaşdırılması, yaxşılaşdırma işlərinin aparılmasına görə 14934,75 manat xərc çəkmələri ekspert rəyləri ilə də təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar iddiaçı öz tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh iddiaçıların Cavabdeh1 imza etdirərək 10.000 ABŞ dolları verəcəyini, lakin aldadaraq Cavabdeh1 imza etdirsələrdı pulu isə verməməsini bildirsə də bunu sübuta yetirə bilməmişdir. Şikayətin dəlilləri tərəflərin izahatları və iş materiallarıə ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh apelyasiya şikayətinə dair dəlilini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qətnamənin nəticəvi hissəsində borcun ödəniş gününə manata olan məzənnə nisbətində ödənilməsi də qeyd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçılara verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə iş üzrə keçirilmiş ekspertizaların xərcləri də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbində daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun tutulması barədə tələb olmadığı halda iddia tələbindən kənara çıxaraq Cavabdeh2 daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun tutulması, eləcə də iddiaçıların X6 qarşı heç bir tələbi olmadığı halda onu cavabdeh qismində işə cəlb etməklə ondan pul tutulması qənaətinə gəlmiş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. İş materiallarından görünür ki, məhkəmə cavabdeh tərəfin şifahi vəsatəti əsasında X7 cavabdeh qismində işə cəlb etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçılar X6 qarşı hər hansı iddia qaldırmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar “pul” tələbinə dair birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 11.800 ABŞ dollarının və təmirə çəkdikləri 21.000 manatın alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra İddiaçı1 nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək göstərmişdir ki, fərdi yaşayış evinin təmir-tikinti işinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə ekspertiza keçirilmiş və fərdi yaşayış evinin təmirinə 14.934,75 manat müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinin alınması üçün cavabdehlərə verilmiş 11.800 ABŞ dollarının və evin təmirinə çəkilmiş 14.934,75 manat pulun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, daş hasarın inşasına sərf edilmiş 4868,0 manat pulun tutulması barədə hər hansı tələb olmamışdır. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq qeyd edilən məbləğdə pulu da tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, fərdi yaşayış evinin və torpaq sahəsinin alınması üçün verilmiş 11.800 ABŞ dolları (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə), evin təmir-tikinti işlərinə çəkilmiş 14.934,75 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, aparılmış ekspertiza tədqiqatına görə 200 (100+100) manatı cavabdehlərdən tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-46/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.800 ABŞ dolları pul vəsaiti (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə), evin təmir-tikinti işlərinə çəkilmiş 14.934,75 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 200 (100+100) manat məblıəğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar