Məhkəmə qərarları › İş №2(105)-804/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-804/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-804/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Maarif oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsindən Cavabdeh1 və İddiaçı apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 2100 manat məbləğində pul və 28 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 2 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri 124 manat məbləğində pulun Cavabdeh1 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. (hakim A.Sadıqov) Bu qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu qətnamədən İddiaçı da apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissəsində dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 2721 manat borcun, əldən çıxmış faydaya görə 500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 2721 manat borcun, əldən çıxmış faydaya görə 500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin yol xərci olaraq 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayında Cavabdeh2 ondan 2540 manat borc pul istəmiş və oğlu Fəridi Gəncə şəhərinə onun yanına pulu almaq üçün göndərmişdir. Fəridə pulu verdiyi zaman ondan qəbz yazmağı tələb etmiş və Fərid də qəbz yazmışdır. Bundan sonra Fərid onu taksi sürücüsü kimi ayrı-ayrı vaxtlarda çağırtdırmış və ona taksi fəaliyyəti göstərmişdir. Cavabdehin ona 181 manat taksi pulu borcu qalmışdır. Cavabdehlər söz verdikləri vaxtda borcu qaytarmamış və bəhanələr gətirərək onu aldatmışlar. O, Fəridin atası Maariflə telefon əlaqəsi saxlamış və Maarifə bildirmişdir ki, borcu qaytarmasalar şikayət edəcəkdir. İlk telefon danışıqlarında oğlunun borcunu qısa müddət ərzində qaytaracağına desə də, sonradan Maarif onun borcunu qaytarmaqdan imtina etmişdir. Borcdan başqa da ona 530 manat maddi zərər dəymişdir. Əgər həmin məbləğ mülki dövriyyəsində olsa idi həmin puldan əlavə olaraq 500 manat gəlir əldə edə bilərdi. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 Maarif oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini düzgün hesab etmir. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayında atası Cavabdeh2 ondan 2540 manat pul istəmiş, bu məqsədlə onu iddiaçının ünvanına göndərmiş, ona qəbz yazdırmaqla göstərilən məbləğdə pul vermiş, sonradan taksi fəaliyyəti göstərməklə, ona xidmət göstərmiş və xidmətə görə 181 manat yaranmışdır. Ona görə də cavabdehlərin iddiaçıya 2721 manat borcu qalmışdır. Qətnamədə göstərilir ki, Cavabdeh1 iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, əvvəllər iddiaçıdan 2100 manat borc pul almış, amma sonradan qaytarmışdır. İddiaçı iddianın əsası kimi ondan 2540 manat pul alması barədə cavabdehin ona rəsmi qəbz verməyinə istinad etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2020-ci tarixli ekspert rəyi sübut edir ki, həmin qəbzdəki imzalar ona məxsus deyil. Habelə, o, məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya borclu olduğu 2100 manat pulu qaytarmışdır və hazırda iddiaçıya borcu qalmamışdır. Habelə, atası Cavabdeh2 da bildirmişdir ki, cavabdehlərin iddiaçıya heç bir borcu qalmamışdır. Lakin məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş, heç bir əsası olmayan iddianı qismən təmin edərək, onun hüquqlarını pozmuşdur. Habelə, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə heç bir münasibət bildirilməmişdir. Qətnamədə çoxsaylı maddi və prossessual hüquq normaları pozulduğundan apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır. O, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, onun tərəfindən zəruri sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə iddia tələbini yalnız cavabdehlərin etiraf etdikləri hissədə təmin etmişdir ki, o bununla qəti surətdə razı deyil. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) Cavabdeh1 Maarif oğlu izahatında bildirdi ki, onun iddiaçıya borcu yoxdur. Belə ki, o, Azərbaycan ordusunda zabit kimi hərbi xidmətdə olarkən taksi fəaliyyəti göstərən iddiaçının xidmətlərindən istifadə etmiş, bununla bağlı müəyyən miqdarda borcu yaranmışdır. Həmin borcu bağlamaq üçün öz əmək haqqı kartını iddiaçıya vermişdir. O da müəyyən müddət ərzində mütəmadi olaraq onun əmək haqqı kartı vasitəsilə pul götürmüşdür. Hazırda onun iddiaçıya təxminən 400-500 manat borcu qalmışdır. Qeyd edilənlər əsasında məhkəmə kollegiyasından Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 da (iştirak etdiyi məhkəmə iclasında) verdiyi izahatında digər Cavabdeh1 izahatında qeyd olunanlarla razı olduğunu bildirdi. İddiaçı (iştirak etdiyi məhkəmə iclasında) onun tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, cavabdehin dedikləri ilə razı deyil. Sözügedən əmək haqqı kartı onda olmamışdır. Bəzi vaxtlarda cavabdeh kartdan özü pul çəkərək ona vermişdir. Qeyd olunanlara əsasən özünün apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25.06.2020-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyatı üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərarda Cavabdeh2 izahatından da müəyyən olunur ki, oğlu Fəridin İddiaçı borc pul aldığını, pulun dəqiq məbləğini bilmədiyini, Fəridin Rafiqdən pul alması üçün Rafiqdən xahiş etdiyini etiraf etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, mülki işin 64cü vərəqində Cavabdeh1 adından olan borc qəbzindəki yazılar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Mülki işin 64-cü vərəqində Cavabdeh1 adından olan borc qəbzinin aşağı hissəsində “imza” qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan əlyazmadan müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan 2540 manat borc pul almasını təsdiq edir. İşə əlavə edilmiş Cavabdeh1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, onun iddiaçının taksi xidmətindən istifadə etdiyi üçün 2100 manat borcu yaranmış, o, həmin borcun əsas hissəsini qaytarmış, təxminən 500-600 manat borcu qalmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçıla Cavabdeh1 arasında borc münasibətləri yaranmış, Cavabdeh1 2540 manat borcu olması barədə yazılı qəbz vermişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 iddiaçıya 2100 manat borclu olduğunu və qaytardığını bildirmiş, işə baxan məhkəmə də onun 2100 manat borcu barədə etirafını qəbul edib, qaytarması barədə sübut olmaması səbəbilə iddianı həmin məbləğdə təmin etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilədə isə borcun qaytarılması ilə bağlı konkret müddət müəyyən edilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normlarının məzmunundan çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğundur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qismən etiraf edərək, yəni iddiaçıdan 2100 manat borc pul almasını və daha sonra həmin pulu qaytardığını bildirmişdir. Cavabdeh pulu tam qaytarmasını bildirsə də, bunu sübut edəcək hər hansı bir bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı isə məhkəməyə iddiasını tələb etdiyi həcmdə təmin edilməsini təsdiq edə biləcək heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, həm iddiaçı, həm cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında əsaslı şübhələrdən kənar sübutlarla sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar