Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-808/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(012)-4661/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(012)-4661/2017 nömrəli qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh 7396,62 ABŞ dolları əsas borc, 1370,78 ABŞ dolları faiz borcu və 53,11 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8820,51 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Ş.Nəcəfova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7396,62 ABŞ dolları əsas borc, 1370,78 ABŞ dolları faiz borcu və 53,11 ABŞ dolları cərimə borcu, cəmi 8820,51 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. 01 saylı razılaşmaya əsasən cavabdehin 20 avqust 2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 60 ay müddətinə uzadılmışdır. Hal-hazırda Cavabdeh banka olan borcunun ümumi məbləği 8820,51 ABŞ dolları təşkil edir. Cavabdeh kredit müqaviləsi və razılaşması üzrə öz üzərinə götürdüyü öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddianın təmin edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsində baxış iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi iştirak etmiş və iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(012)-4661/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh iddia müddətinin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 4661/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 07 avqust 2017ci il tarixli, 2(012)-4661/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilmiş və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim onun iştirakını təmin etməmiş, onu dinləməmiş, ona suallar verilməsinə şərait və imkan yaratmamışdır. Məhkəmə əsassız iddia ərizəsini qətnaməsinə köçürmüşdür. Məhkəmə işin faktiki hallarına qiymət verməmiş və işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə iş üzrə miihasihatlıq ekspertizası təyin etmədən, mütəxəssis rəyi almadan qanunsuz qətnamə qəbul etmişdir. Abşeron rayon məhkəməsinin qanunsuz qətnaməsi onun hüquq və mənafeyinə tamamilə ziddir. Belə ki, işə baxılarkən maddi və prossesual hüquq normaları kobudcasına pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar subut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməyib. Abşeron Rayon Məhkəməsinin istinad etdiyi maddi hüquq normaları həmin hüquq münasibətlərinə aid deyil və tətbiq edilə bilməz. Abşeron Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Qətnamə Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 29, 60-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına ziddir. Qətnamə Bank haqqında Qanuna ziddir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(014)- 46617/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin tam ləğv edilərək iddiaçı Bank VTB(Azərbaycan) ASC-nin ona qarşı borc tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə izahatında və çıxışında cavabdehin apellyasiya şikayətinin əsassız, formal mülahizələrdən ibarət olduğuna görə təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin iş üzrə 07 avqust 2017-ci il tarixli, 2(012)- 4661/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş və iclasın təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin vəsatətinə münasibətdə bildirdi ki, həmin vəsatət yalnız məhkəmə icraatını yubandırmaq və vaxt qazanmaq məqsədilə verilmiş, məhkəməyə vəsatətin dəlillərini təsdiqləyən heç bir sübut təqdim olunmamışdır. Əslində cavabdehin təqdim edə biləcəyi hər hansı sübutu da yoxdur. Ona görə də vəsatətin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası vəsatəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab etmişdir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət təmin edilməməlidir. Belə ki, kollegiya iş üzrə ekspertizanın keçirilməsi üçün əsas və zərurət görmür. İş materiallarından göründüyü kimi, iddiaçı bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasındakı xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən cavabdehin həmin tarixə olan borcu kapitallaşdırılaraq, 7534 ABŞ dolları məbləğində qalan borcunun illik 24% dərəcəsi ilə ödənilməsi müddəti 5 ilə uzadılmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixdən sonra kredit öhdəliklərinin icrası ilə əlaqədar heç bir ödəniş etməmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixə əsas kredit borcu 7396,62 ABŞ dolları, faiz borcu 1370,78 ABŞ dolları təşkil etmiş, ona 53,11 ABŞ dolları cərimə borcu hesablanmışdır. Göründüyü kimi, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli razılaşma bağlanandan sonra cavabdeh sonrakı 3 ay ərzində (xx.xx.2015-ci il tarixədək) kredit borcundan cüzi ödəniş etmişdir. Cavabdeh hazırda onun banka 1000 ABŞ dolları civarında borcunun ola biləcəyini iddia etsə də, lakin vəsatətinə yerinə yetirdiyi ödənişlər barədə heç bir sənəd-sübut əlavə etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədlərindən, o cümlədən kredit hesabından çıxarışdan isə görünür ki, cavabdehin ödənişləri xx.xx.2015-ci il tarixədək olmuş, həmin tarixdən sonra hər hansı ödəniş edilməmişdir. Cavabdeh vəsatətində ekspert qarşısında qoyulmasını istədiyi suallar təqdim etmişdir ki, əslində həmin sualların cavabını və bu cavablarla bağlı sübutları o özü əldə edib məhkəməyə təqdim etməli, məhkəmə isə həmin sübutlar əsasında ekspertizanın təyin edilməsinə zərurət olub-olmamasına qiymət verməlidir. Lakin cavabdehin ödənişlə bağlı, eləcə də işə aidiyyəti olan heç bir sübut təqdim etməməsi onda belə sübutun olmaması mənasını ifadə edir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, mövcud vəziyyətdə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə lüzum yoxdur, cavabdeh isə bu barədə vəsatət irəli sürməklə məhkəmə icraatının yubadılmasına nail olmaq istəyir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına dair vəsatətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(012)-4661/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Mülki işin materiallarından olan tərəflər arasında bağlanmış 10 iyun 2015-ci il tarixli istehlak krediti müqaviləsinin surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC-nin 7 nömrəli (Bakı şəhərində fəaliyyət göstərən) “Azadlıq” filialı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 20 avqust 2015ci il tarixli Razılaşmanın şərtlərindən görünür ki, “Kredit alan”ın “Bank”a 20 avqust 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 7534,0 ABŞ dolları məbləğində müəyyən edilmiş və həmin məbləğin illik 24% dərəcəsi ilə ödənilməsi müddəti 5 ilə (20 avqust 2020ci il tarixədək) uzadılmışdır. İşdə olan Bank VTB (Azərbaycan) ASC-də Cavabdeh adına açılmış cari hesab üzrə bank əməliyyatlarından (hesabdan çıxarışdan) görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə kredit müqaviləsi üzrə 2 dəfəyə cəmi 452 ABŞ dolları ödəniş etmiş və həmin məbləğin 137,38 dolları əsas borcdan, qalan 314,62 dolları isə faiz borcundan silinmişdir. xx.xx.2017-ci il tarixədək başqa ödəniş olmamışdır. İşdə olan Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş 21 aprel 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 20 avqust 2015-ci il tarixli Razılaşma üzrə 21 aprel 2017ci il tarixinə 7396,62 ABŞ dolları əsas borc, 1370,78 ABŞ dolları faiz borcu və 53,11 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8820,51 ABŞ dolları məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsini (7396,62 ABŞ dolları məbləğində) və ona hesablanmış faiz borcunu (1370,78 ABŞ dolları məbləğində), habelə ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə borcu (53,11 ABŞ dolları məbləğində) tələb etməkdə haqlıdır. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və formal mülahizələrdən ibarət olmaqla qəbuledilən deyildir. Apellyasiya şikayətinin məhkmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı əsas dəlilinə məhkəmə kollegiyası tərəfindən ekspertizanın təyin edilməsindən imtina barədə qərardadında ətraflı münasibət bildirilmiş, buna hər hansı əsas və zərurət olmaması kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı bir daha qeyd edir ki, cavabdeh hazırda onun banka 1000 ABŞ dolları civarında borcunun ola biləcəyini iddia etsə də, lakin icra etdiyi ödənişlər barədə məhkəməyə heç bir sənəd-sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədlərindən, o cümlədən kredit hesabından çıxarışdan isə görünür ki, Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Razılaşmadan sonra cavabdeh tərəfindən cəmi 2 ayın əsas və faiz borcları ödənilmiş, xx.xx.2015-ci il tarixindən sonra hər hansı ödəniş edilməmişdir. Ödənişləri və qalan borcu barədə müvafiq sübutlar təqdim etmək cavabdehin vəzifəsi olduğu halda o, heç bir sübut təqdim etmədən ehtimallara əsaslanan mülahizələr irəli sürməklə kifayətlənir ki, belə mülahizələr əsasında ekspertiza təyin edilməsi qeyri-mümkündür. Cavabdehin ödənişlə bağlı, eləcə də öz mənafeyi baxımından işə aidiyyəti olan heç bir sübut təqdim etməməsi onda belə sübutların olmaması mənasını ifadə edir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mövcud vəziyyətdə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas və lüzum yoxdur, cavabdeh isə bu barədə vəsatət irəli sürməklə məhkəmə icraatının mümkün qədər yubadılmasına nail olmaq istəyir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(012)-4661/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-808/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-808/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver