Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-811/2023 19.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(060)-1/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2806/2018 nömrəli 29 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 11 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2806/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən 11 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək Cavabdeh hər ay uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların 11 dekabr 2007-ci il təvəllüdlü X5 vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4052/2010 nömrəli 22 dekabr 2010-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozularaq, xx.xx.2006-cı il təvəllüdlü qızı X5 yetkinlik yaşına çatana kimi iddiaçının yanında qalmasını və hər ay cavabdehdən 76 (yetmiş altı) manat sabit pul məbləğində iddiaçının xeyrinə aliment tutulmasını qət etmişdir. Qeyd olunan məbləğ uşağın heç bir tələbatını ödəmədiyindən, həmçinin atası maddi imkanı olduğu halda heç bir köməklik və ya qayğı göstərmədiyindən məcbur qalıb alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2806/2018 nömrəli 29 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-4052/2010 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay Cavabdeh Asif oğlundan tutulub İddiaçı verilən sabit pul məbləğində alimentin məbləği 180 (yüz səksən) manat müəyyən edilməsini qət etmişdir. Artıq 4 ildir ki 180 (yüz səksən) manat aliment atası tərəfindən ödənilir. İmkanı olduğu halda heç bir dəfə uşağa nə hədiyyə nə də ki əlavə köməklik göstərməmişdir. Artıq neçə ildir ki, yeganə böyüyən qızını tək başına saxlayır. Göstərilən məbləğ uşağın ehtiyacları üçün kifayət etmir. Belə ki, uşaq təhsil alır, onun yol xərcləri, hazırlıq kurslarının ödənişləri, geyim və s xərclərini bu pulla təkbaşına ödəyə bilmir. İstəyir ki qızı yaxşı təhsil alsın, gələcəyi yaxşı olsun. Cavabdehin imkanı olduğu halda köməklik etmir halbuki, övladı üçün eyni məsuliyyət daşıyırlar. Dövlət də bunu nəzərə alaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu dəyişmiş, 2022-ci il üçün 193 manat müəyyən etmişdir. Qeyd edir ki, cavabdehin digər gəlirləri var və maddi vəziyyəti alimentin artırılmasına imkan verir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı bir sıra maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarıldığından o apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(060)- 2806/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 180 (yüz səksən) manat müəyyən edilmişdir. Göstərilən məbləğ qardaşı Asif tərəfindən güclə ödənilirdi. O vaxtdan bəri qardaşının maddi vəziyyəti heç də yaxşılaşmayıb. Əksinə daha da pisləşib. İddiaçı məhkəmədə keçmiş əri İslamova Asif Aslan oğlunun maddi imkanının yaxşı olduğunu, digər gəlirlərinin olmasının alimentin artırılmasına imkan verdiyini göstərmişdir. Bildirir ki, bu məlumatın heç əsası yoxdur. Bu barədə heç bir sənəd təqdim edilməyib. Birinci instansiya məhkəməsində işə baxan hakim heç bir subut olmadan iddiaçının verdiyi məlumata inanmışdır. Qardaşı Cavabdeh 2021-ci ilin yanvar ayında iş axtarmaq məqsədilə Ukrayna Respublikasına getmişdir. Hazırda orada gedən məlum proseslərlə əlaqədar olaraq onun həm maddi, həm də mənəvi vəziyyəti çox pis vəziyyətdədir. Ukrayna Respublikasından qaçqın kimi Polşa respublikasına köçmüşdür. Onun özünə yaşamaq üçün humanitar yardım göstərirlər. 2023-cü ildə Yaşayış minimumu haqqında qanuna görə uşaqlar üçün yaşayış miniumu 230 manat müəyyən olunduğu halda məhkəmə alimentin miqdarını 250 manat müəyyən etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İşdən göründüyü kimi, tərəflərin birgə nikahından 11 dekabr 2007-ci il təvəllüdlü X5 anadan olmuş və sonuncu hazırda iddiaçının himayəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, daha sonra məhkəmənin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 180 manat müəyyən edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1., 58.1., 58.2., 60.1. maddələri). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1. maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 11 dekabr 2007-ci il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı xx.xx.2018-ci il tarixli məhkəmə aktı ilə 180 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan 5 ildən artıq müddətin keçməsi nəzərə alınarsa, iddia tələbi alimentin artırılmasını qaçılmaz edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması ilə bağlı aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, uşağın saxlanılması üçün ödəniləcək alimentin məbləğində ardıcıllığın və bununla da uşağın mənafeyinin əsaslı olaraq pozulmaması üçün alimentin məbləği qismən artırılmaqla 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 180 manat miqdarında alimentin artırılaraq hər ay 250 (iki yüz əlli) manat miqdarda tutulması təşkil edir (250-180=70 manat). Həmin artımın bir il ərzində məcmusu isə (70 X 12 ay = 840 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Lakin hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(060)-2806/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh 11 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-811/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-811/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver